Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 may 2001-ci il, № 116). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2001-ci il, № 5, maddə 326)
Relizin Tarixi: 23.05.2001
Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bu il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə—Azərbaycanın dövlət müstəqilliyinin 10-illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümünə həsr edilən tədbirlər planı təsdiq olunmuş və onun həyata keçirilməsi üçün ölkəmizin bütün guşələrində əməli işlər aparılır. Azərbaycanın onillik müstəqil inkişaf yolunun təhlilinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilir, bu müddət ərzində əldə olunmuş nailiyyətləri əks etdirən sərgilər, kinofilmlər nümayiş etdirilir, çap məmulatı hazırlanır, müxtəlif kütləvi tədbirlər təşkil edilir.
Bütün obyektiv çətinliklərə, bu və ya digər problemlərə baxmayaraq, tarixi baxımdan olduqca qısa bir müddət—on il ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrində qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan yaratmışdır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır.
Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa ruhlandırır, ona yeni güc, qüvvət verir. Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bütün dünya azərbaycanlılarının əcdadlarının məskəni, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir.
Ölkəmizin inkişaf və tərəqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan bütün həmvətənlərimizin də öz payı vardır. Müstəqil Azərbaycan Respublikası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşlər. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Öz doğma yurdunda yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə həmişə maraqlanmış, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşamışlar. Lakin keçmiş sovet dövlətinin qadağaları bu arzunun həyata keçirilməsinə imkan verməmişdir. Sovet rejiminin zəifləməyə başladığı 80-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə həmin səylərin böyük əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr—Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha yaxından tanıtmaq üçün müxtəlif tədbirlər görür. Bu qurumlar bir-biri ilə, habelə Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələr yaradır, əməkdaşlıq etməyə səy göstərirlər. Müstəqil Azərbaycan Respublikası isə bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyə çalışır. Həmin yolda bu vaxta kimi atılmış addımların nəticələrinin təhlili göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, müstəqil Azərbaycan Respublikasının həyatının müxtəlif sahələrində meydana çıxan problemlərinin həllində onun fəal iştirakının təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, samballı bir qüvvəyə çevrilməsi yolunda hələ çox iş görülməlidir. Belə bir işin məqsədyönlü və uğurlu yerinə yetirilməsi isə ilk növbədə həmin sahədə toplanmış təcrübənin hərtərəfli müzakirə və təhlil edilib müvafiq strateji proqramın hazırlanmasını tələb edir.
Xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. 2001-ci il noyabrın 9—10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi məqsədilə işçi qrupu yaratsın, iş planı hazırlayıb təsdiq etsin və onun yerinə yetirilməsinə nəzarət etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 23 may 2001-ci il.
№ 724.
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 may 2001-ci il, № 116) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2001-ci il, № 5, maddə 326) («LegalActs» LLC).
© LegalActs LLC