«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (14 yanvar 2000-ci il, № 09) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 21)

Relizin Tarixi: 24.08.2002

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.2-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxılması, qəbul edilməsi və təsdiqi qaydası» haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin Qanunun 51-ci maddəsinin 51.2-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan «Azərbaycan Respublikasının normativ hüquqi aktlarının dövlət uçotu və qeydiyyatı qaydası» haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin Qanunun 36-cı maddəsinin 36.1-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan «dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası» haqqında Əsasnamənin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə birlikdə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.2-ci bəndində, 36-cı maddəsinin 36.1-ci bəndində və 51-ci maddəsinin 51.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
    • həmin Qanunun 11-ci maddəsinin 11.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
    • həmin Qanunun 41-ci maddəsinin 41.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq mərkəzi icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının nazirlikləri, bütün digər mərkəzi və yerli icra hakimiyyəti orqanları başa düşülür (Azərbaycan Respublikası Prezidentinin nəzdində (yanında) yaradılan orqanlar istisna olmaqla);
    • həmin Qanunun 38-ci maddəsinin 38.4-cü və 38.6-cı bəndlərində, 51-ci maddəsinin 51.1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 51-ci maddəsinin 51.1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının və normativ aktlarının dövlət uçotu və dövlət qeydiyyatı üzrə) həyata keçirir;
    • həmin Qanunun 51-ci maddəsinin 51.1-ci bəndində nəzərdə tutulmuş «Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının nazirlikləri, bütün digər mərkəzi və yerli icra hakimiyyəti orqanları başa düşülür.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 1999-cu il

№ 242

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 yanvar 2000-ci il, № 09) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 21) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 758 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

© LegalActs LLC