«Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə


Relizin Tarixi: 27.02.2019

«Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

«Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla), 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.2. həmin Qanunun 8.2.5-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.3. həmin Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə), 13.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 15.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 14.5-ci maddəsində (birinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini nəzərə almaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

1.5. həmin Qanunun 20.4.7-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 17 mart 2016-cı il

№ 841

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 aprel 2016-cı il, № 75) («LegalActs» LLC).

30 iyul 2018-ci il tarixli, 219 nömrəli; 27 fevral 2019-cu il tarixli, __ nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© «LegalActs» LLC