Yerli rəy sorğusu haqqında


Relizin Tarixi: 30.11.1999

Yerli rəy sorğusu haqqında

Yerli rə`y sorğusu haqqında

Azərbaycan Respublikasının Qanunu

1-ci fəsil. Ümumi müddəalar

Maddə 1. Yerli rə`y sorğusu anlayışı

Yerli rə`y sorğusu—yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rə`yinin öyrənilməsidir.

Maddə 2. Yerli rə`y sorğusuna çıxarılan məsələlər

Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rə`y sorğusuna çıxarıla bilər.

Maddə 3. Yerli rə`y sorğusuna çıxarılması qadağan olunan məsələlər

Yerli rə`y sorğusuna Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyat e`lan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq, tarixi, mədəni abidələrə və qoruqlara ziyan vurmaq məqsədi güdən məsələlər çıxarıla bilməz.

Maddə 4. Yerli rə`y sorğusunun nəticələrinin hüquqi qüvvəsi

Yerli rə`y sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rə`y sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir.

Maddə 5. Yerli rə`y sorğusunun keçirilməsinin prinsipləri

Yerli rə`y sorğusu aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

    • yerli rə`y sorğusunda vətəndaşların bilavasitə və könüllülük əsasında iştirak etməsi;
    • yerli rə`y sorğusunun ümumi, bərabər və birbaşa seçki hüququ əsasında keçirilməsi;
    • yerli rə`y sorğusunda səsvermənin gizli keçirilməsi;
    • vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilməməsi.

Maddə 6. Vətəndaşların yerli rə`y sorğusunda iştirak etmək hüququ

Bələdiyyələrin ərazisində yaşayan və seçki hüququna malik olan vətəndaşlar yerli rə`y sorğusunda iştirak etmək hüququna malikdirlər.

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq vətəndaşların yerli rə`y sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək hüququnun məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər yerli rə`y sorğusunda iştirak edə bilməzlər.

Maddə 7. Yerli rə`y sorğusuna çıxarılan məsələlər barəsində təşviqat aparmaq hüququ

Vətəndaşların, siyasi partiyaların, həmkarlar ittifaqlarının, başqa ictimai birliklərin yerli rə`y sorğusunun keçirilməsi tələbinin lehinə və ya əleyhinə, habelə yerli rə`y sorğusuna çıxarılan məsələnin həllinin lehinə və ya əleyhinə qanunvericiliyin tələbləri gözlənilməklə maneəsiz təşviqat aparmaq hüququ vardır.

Maddə 8. Yerli rə`y sorğusunun hazırlanması və keçirilməsi ilə bağlı xərclər

Yerli rə`y sorğusunun hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Yerli rə`y sorğu komissiyalarının işi üçün icarəyə götürülmüş binaların və avadanlıqların haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir.

Maddə 9. Yerli rə`y sorğusunun keçirilməsini istisna edən hallar

Hərbi, yaxud fövqəl`adə vəziyyət e`lan olunan gündən və ya hərbi, yaxud fövqəl`adə vəziyyət qurtardıqdan sonra üç ay ərzində yerli rə`y sorğusu tə`yin edilə və keçirilə bilməz.

Hərbi, yaxud fövqəl`adə vəziyyət e`lan olunduqdan əvvəl yerli rə`y sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və tə`yin edilmiş yerli rə`y sorğusu başqa vaxta keçirilir.

Yerli rə`y sorğusunun nəticələrinin dərc edildiyi gündən bir il müddətində həmin məsələ ilə əlaqədar təkrar yerli rə`y sorğusu tə`yin edilə və keçirilə bilməz.

2-ci fəsil. Yerli rə`y sorğusunun tə`yin edilmə qaydası

Maddə 10. Yerli rə`y sorğusunu tə`yin etmək hüququ

Yerli rə`y sorğusunu tə`yin etmək hüququ bələdiyyələrə məxsusdur.

Yerli rə`y sorğusunun tə`yin edilməsi haqqında qərarda yerli rə`y sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rə`y sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və digər məsələlər həll edilir.

Qəbul edilmiş qərar üç gün ərzində yerli kütləvi informasiya vasitələrində e`lan olunur və müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] göndərilir.

Yerli rə`y sorğusunun tə`yin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] yerli rə`y sorğusunun tə`yin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər.

Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.

Maddə 11. Yerli rə`y sorğusunu keçirmək təşəbbüsü

Yerli rə`y sorğusu bələdiyyə orqanının və ya bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir.

Bələdiyyə ərazisində yaşayan vətəndaşlar yerli rə`y sorğusunu keçirmək təşəbbüsü ilə o halda çıxış edə bilərlər ki, yerli rə`y sorğusuna çıxarılan məsələnin lehinə müvafiq ərazidə yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 10 faizinin imzası toplansın.

Maddə 12. Yerli rə`y sorğusu üzrə təşəbbüs qruplarının yaradılması

Yerli rə`y sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rə`y sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır.

Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar:

1) təşəbbüs qrupunun yaradılması;

2) yerli rə`y sorğusuna məsələnin irəli sürülməsi;

3) səlahiyyətli nümayəndənin tə`yin edilməsi;

4) təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rə`y sorğu komissiyasına müraciət edilməsi.

Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportunun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rə`y sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmə`nalı cavab verilməsi mümkün olsun.

Maddə 13. Yerli rə`y sorğusu üzrə təşəbbüs qruplarının qeydə alınması

Təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rə`y sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur.

Ərazi rə`y sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir.

Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.

Maddə 14. Təşəbbüs qrupu tərəfindən imzaların toplanma qaydaları və müddətləri

Təşəbbüs qrupu qeydiyyat haqqında şəhadətnaməni aldığı andan vətəndaşların imzalarının toplanmasını təşkil edir.

İmzaları yerli rə`y sorğusunda iştirak etmək hüququ olan Azərbaycan Respublikası vətəndaşları toplayırlar.

İmza toplayan şəxs imza vərəqini imzalayan vətəndaşın tələbi ilə öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Yerli rə`y sorğusu keçirilən bələdiyyə ərazisində yaşayan və yerli rə`y sorğusunda iştirak etmək hüququ olan hər bir Azərbaycan Respublikası vətəndaşı imza vərəqini yalnız bir dəfə imzalaya bilər.

İmza vərəqəsində vətəndaşın imzası ilə yanaşı, onun soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi göstərilir.

İmza toplayan şəxs tərəfindən vətəndaşın imza atmağa məcbur edilməsi və bu məqsədlə ələ alınması yolverilməzdir.

Təşəbbüs qrupu 30 gün ərzində imzalar toplayıb ərazi rə`y sorğusu komissiyasına təqdim etməlidir.

Maddə 15. Yerli rə`y sorğusunun keçirilməsi tələbinə dair qərarın qəbul edilməsi

Ərazi rə`y sorğusu komissiyası imza vərəqələri təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 11-ci və 14-cü maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir.

Maddə 16. Yerli rə`y sorğusunun keçirilmə müddəti

Yerli rə`y sorğusu, onun keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən e`tibarən 30 gündən tez və 60 gündən gec olmayaraq keçirilir.

3 fəsil. Yerli rə`y sorğusunun keçirilməsi qaydası və nəticələrin müəyyənləşdirilməsi

Maddə 17. Yerli rə`y sorğusunun keçirilməsi üzrə komissiyalar

Yerli rə`y sorğusunu aşağıdakı komissiyalar hazırlayırlar və keçirirlər:

    • ərazi rə`y sorğusu komissiyası;
    • məntəqə rə`y sorğusu komissiyaları.

Ərazi rə`y sorğusu komissiyasının səlahiyyətlərini «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq yaradılan ərazi seçki komissiyası həyata keçirir.

Maddə 18. Ərazi rə`y sorğusu komissiyasının səlahiyyətləri

Ərazi rə`y sorğusu komissiyası:

    • yerli rə`y sorğusu keçirilən ərazidə bu Qanunun həyata keçirilməsinə nəzarət edir;
    • yerli rə`y sorğusu məntəqələrinin hüdudlarını müəyyən edir;
    • məntəqə rə`y sorğusu komissiyalarını formalaşdırır;
    • məntəqə rə`y sorğusu komissiyalarının fəaliyyətini əlaqələndirir, onların qərar və fəaliyyətindən daxil olmuş şikayətlərə (ərizələrə) baxır, bu şikayətlər (ərizələr) üzrə əsaslandırılmış qərarlar qəbul edir;
    • yerli rə`y sorğusunun hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitinə sərəncam verir, həmin vəsaiti məntəqə rə`y sorğusu komissiyaları arasında bölüşdürür və bu vəsaitin məqsədli xərclənməsinə nəzarət edir;
    • məntəqə rə`y sorğusu komissiyalarını yerli rə`y sorğu bülletenləri və digər sənədlərlə tə`min edir;
    • yerli rə`y sorğusunun maddi-texniki tə`minatı ilə bağlı başqa məsələləri həll edir;
    • yerli rə`y sorğusunun nəticələrini müəyyənləşdirir.

Bu Qanuna uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

Maddə 19. Məntəqə rə`y sorğusu komissiyalarının təşkili

Məntəqə rə`y sorğusu komissiyaları müvafiq ərazi rə`y sorğusu komissiyaları tərəfindən yerli rə`y sorğu gününə ən geci 30 gün qalmış təşkil edilir.

Məntəqə rə`y sorğusu komissiyaları «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq yaradılan məntəqə seçki komissiyalarına uyğun qaydada təşkil edilir.

Maddə 20. Məntəqə rə`y sorğusu komissiyasının səlahiyyətləri

Məntəqə rə`y sorğusu komissiyası:

    • yarandığı vaxtdan ən geci 3 gün ərzində məntəqə rə`y sorğusu komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri haqqında vətəndaşlara mə`lumat verir;
    • yerli rə`y sorğusu məntəqəsi üzrə vətəndaşların siyahılarını dürüstləşdirir;
    • yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahıları ilə tanış olması üçün şərait yaradır, siyahıdakı yanlışlıqlar və səhvlər barədə ərizələrə baxır və onların aradan qaldırılması üçün tə`xirə salmadan tədbirlər görür;
    • səsvermə otaqlarının, səsvermə qutularının və başqa avadanlığın hazırlanmasını tə`min edir;
    • yerli rə`y sorğusu məntəqəsi ərazisində rə`y sorğusuna çıxarılan məsələnin təbliği üzrə materialların yerləşdirilməsi qaydalarına əməl olunmasına nəzarət edir;
    • səsvermə günü yerli rə`y sorğusu məntəqəsində səsverməni təşkil edir;
    • yerli rə`y sorğusu məntəqəsi üzrə səsvermənin nəticələrini müəyyənləşdirir, bu barədə mə`lumatı ərazi rə`y sorğusu komissiyasına təqdim edir;
    • binaların səsvermə üçün hazırlığını və onların avadanlıqla təchizatını tə`min edir;
    • yerli rə`y sorğusunun hazırlanıb keçirilməsinə dair məsələlər üzrə ərizə və şikayətlərə baxır; həmin məsələlər üzrə müvafiq qərarlar qəbul edir;
    • bu Qanuna uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

Maddə 21. Yerli rə`y sorğusu komissiyası üzvünün statusu

Rə`y sorğusu komissiyası üzvünün statusu «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 22. Yerli rə`y sorğusu komissiyalarının fəaliyyətində aşkarlıq. Yerli rə`y sorğusunda müşahidəçilərin iştirakı

Yerli rə`y sorğusu komissiyalarının fəaliyyəti aşkarlıq şəraitində həyata keçirilir.

Yerli rə`y sorğusu komissiyalarının iclaslarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş ictimai birliklərin (təşkilatların), habelə siyasi partiyaların müşahidəçilərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır.

Müşahidəçilər ərazi rə`y sorğusu komissiyasında akkreditasiyadan keçirlər və bu barədə onlara müvafiq sənəd verilir.

Səsvermə günü məntəqə rə`y sorğusu komissiyalarının öz işinə başladıqları vaxtdan səsvermənin nəticələrinə dair sənədlərin rəsmiləşdirilməsi başa çatanadək müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin yerli rə`y sorğusu məntəqələrində olmaq hüququ vardır.

Müşahidəçinin yerli rə`y sorğusu məntəqəsinə göndəriləcəyi barədə qabaqcadan xəbərdarlıq etmək tələb olunmur.

Müşahidəçilər səsvermənin nəticələrinə dair ərazi və məntəqə rə`y sorğusu komissiyalarının yekun protokolunu ala bilər. Bu halda yekun protokolununun surəti komissiyanın katibi tərəfindən təsdiq edilir.

Müşahidəçinin hüquqları «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 23. Yerli rə`y sorğusu məntəqələrinin təşkili

Yerli rə`y sorğusunda vətəndaşların səs verməsini və səslərin hesablanmasını təşkil etmək üçün yerli rə`y sorğusu məntəqələri yaradılır.

Yerli rə`y sorğusu məntəqələri yerli şəraiti nəzərə almaqla, vətəndaşlar üçün maksimum rahatlıq yaratmaq məqsədilə müvafiq ərazi rə`y sorğusu komissiyası tərəfindən səsvermə gününə ən geci 30 gün qalmış «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq yaradılır.

Maddə 24. Yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı və onun tərtib edilməsi qaydası

Yerli rə`y sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşların siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən olunmuş formada təqdim etdiyi mə`lumat əsasında məntəqə rə`y sorğusu komissiyası tərtib edir. Müvafiq icra hakimiyyəti orqanı yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşlar haqqında mə`lumatları səsvermə gününə ən geci 30 gün qalmış məntəqə rə`y sorğusu komissiyasına göndərir.

Yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahıları məntəqə rə`y sorğusu komissiyasının sədri və katibi tərəfindən imzalanır. Siyahının 2 nüsxəsi məntəqə rə`y sorğusu komissiyasında qalır. Üçüncü nüsxə isə səsvermə gününə ən geci 15 gün qalmış müvafiq ərazi rə`y sorğusu komissiyasına verilir.

Yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq tərtib edilir.

Maddə 25. Yerli rə`y sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşların siyahılarla tanış edilməsi

Yerli rə`y sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşlara siyahılar ümumi tanışlıq üçün yerli rə`y sorğusu gününə ən geci 20 gün qalmış «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada təqdim olunur.

Maddə 26. Yerli rə`y sorğusu komissiyalarının fəaliyyətinin təşkili

Yerli rə`y sorğusu komissiyalarının iclasında üzvlərin yarısından çoxu iştirak edərsə, iclas səlahiyyətli sayılır. Komissiyanın iclaslarında qərar qəbul edilərkən əleyhinə və lehinə verilən səslərin sayı bərabər olarsa, komissiyanın sədrinin səsi həlledici sayılır.

Komissiyanın sədri son növbədə səs verir.

Komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar aşağı komissiyalar üçün məcburidir.

Komissiyaların qərarları onların iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

Komissiyanın birinci iclasına komissiyanın yaşca ən qocaman üzvü sədrlik edir və ona bu maddənin ikinci hissəsinin tələbləri şamil edilir.

Komissiyanın iclası haqqında rə`y sorğusu komissiyasının üzvləri komissiyanın katibi tərəfindən iclasın keçirilməsinə ən geci 24 saat qalmış xəbərdar edilirlər.

Komissiyanın qərarları rə`y sorğusu komissiyasının sədri və katibi tərəfindən imzalanır.

Komissiyanın qərarı ilə razı olmayan komissiya üzvünün yazılı surətdə xüsusi rə`yini ifadə etmək hüququ vardır.

Komissiyanın iclası komissiyanın sədri və ya onun tapşırığı ilə müavini tərəfindən çağırılır və keçirilir.

rə`y sorğusu komissiyalarının iclaslarında şikayətlərə (ərizələrə) baxılarkən maraqlı tərəfin nümayəndələri iştirak edə bilərlər.

Komissiyanın üzvlərinə və işçilərinə əmək haqqı komissiyaların fəaliyyəti üçün ayrılan vəsait həddində və məbləğdə ödənilir.

Komissiyalar yerli rə`y sorğusunun hazırlanması və keçirilməsi dövründə onlara ayrılmış büdcə vəsaiti həddində müvəqqəti olaraq ştatlar yarada bilərlər.

Maddə 27. Yerli rə`y sorğusu komissiyalarının qərar və hərəkətlərindən şikayət etmə

Yerli rə`y sorğusu komissiyalarının və onların vəzifəli şəxslərinin qərarlarından və qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən), bu qanunda başqa müddət nəzərdə tutulmayıbsa, 3 gün müddətində yuxarı rə`y sorğusu komissiyasına və ya müvafiq məhkəməyə şikayət edilə bilər. Eyni şikayət üzrə rə`y sorğusu komissiyası və müvafiq məhkəmə bir-birindən mahiyyətcə fərqli qərarlar qəbul edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhkəmənin qərarı daha yüksək hüquqi qüvvəyə malikdir.

Məhkəməyə müraciət etmək üçün əvvəlcədən yuxarı rə`y sorğusu komissiyasına müraciət etmək məcburi deyildir.

Yerli rə`y sorğusunun gedişində yuxarı rə`y sorğusu komissiyasına daxil olmuş şikayətlərə (ərizələrə) daxilolma vaxtından 5 gün müddətində, tə`xirəsalınmaz halda isə yerli rə`y sorğusu günü baxılır və qərar çıxarılır.

Yuxarı rə`y sorğusu komissiyası şikayətin (ərizənin) mahiyyəti üzrə müstəqil qərar qəbul edə bilər və belə halda lazım olarsa, aşağı rə`y sorğusu komissiyasının qərarını ləğv edə bilər.

Maddə 28. Yerli rə`y sorğusu bülleteni

Yerli rə`y sorğusunda hər bir vətəndaş bir sorğu bülleteni alır. Yerli rə`y sorğusu gününə ən geci 20 gün qalmış ərazi rə`y sorğusu komissiyası yerli rə`y sorğusu bülleteninin nümunəsini təsdiq edir.

Sorğu bülleteninin mətni onun yalnız bir üzündə yerləşir. Sorğu bülletenində sorğuya çıxarılan məsələnin mətni və ya qərar layihəsi və səs verən şəxsin iradəsini bildirmə variantları («lehinə» və «əleyhinə») əks etdirilir.

Hər sorğu bülletenində onun doldurulması qaydası haqqında izahat olmalıdır.

Sorğu bülleteninin sol küncündə vətəndaşlara verilən sorğu bülletenlərinin uçotunun aparılması məqsədilə kəsilmə xətti müəyyən edilir.

Sorğu bülletenləri ərazi rə`y sorğusu komissiyasının qərarı ilə yerli rə`y sorğusu gününə ən geci 10 gün qalmış çap olunur.

Məntəqə rə`y sorğusu komissiyaları yerli rə`y sorğusu gününə ən geci 48 saat qalmış sorğu bülletenlərini ərazi rə`y sorğusu komissiyalarından alırlar. Sorğu bülletenlərinin sayı yerli rə`y sorğusu məntəqəsi üzrə yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların sayından 0,5 faizdən artıq olmamalıdır.

Sorğu bülleteninin sağ yuxarı küncündə məntəqə rə`y sorğusu komissiyasının möhürü ilə təsdiqlənmiş iki üzvünün imzası olmalıdır.

Maddə 29. Yerli rə`y sorğusu günü səsvermə

Yerli rə`y sorğusu günü səsvermə saat 8-dən 20-dək keçirilir.

Məntəqə rə`y sorğusu komissiyaları səsvermə gününə azı 10 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya digər üsullarla vətəndaşları xəbərdar etməlidirlər.

Yerli rə`y sorğusu günü saat 8-də məntəqə rə`y sorğusu komissiyasının sədri yerli rə`y sorğusu məntəqəsini açıq e`lan edir, müşahidəçilərə boş səsvermə qutularını göstərib möhürləyir, daha sonra məntəqə yerli rə`y sorğusu komissiyasının üzvlərini səsverməyə başlamağa də`vət edir.

Vətəndaş sorğu bülletenini aldıqdan sonra yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına şəxsiyyət vəsiqəsinin (pasportunun) seriyasını və nömrəsini yazır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına vətəndaşın razılığı ilə məntəqə yerli rə`y sorğusu komissiyasının üzvü tərəfindən də qeyd edilə bilər.

Vətəndaş yazıların düzgünlüyünü yoxlayır və imza edir. Vətəndaşın sorğu bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə yerli rə`y sorğusu komissiyasının üzvləri və müşahidəçilər istisna edilməklə, başqa şəxslərin köməyindən istifadə edə bilər. Vətəndaşa kömək edən şəxs öz soyadını göstərməklə yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısının «sorğu bülletenini alması haqqında imza» qrafasında imza etməlidir.

Sorğu bülleteni vətəndaşa verilərkən onun kəsilmə xətti ilə işarələnmiş sol küncü məntəqə rə`y sorğusu komissiyasının üzvündə qalır. Hər bir vətəndaş şəxsən səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Sorğu bülleteni vətəndaşdan başqa heç kəsin daxil olmasına icazə verilməyən gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur.

Vətəndaş səsverməyə çıxarılan məsələ üzrə öz iradəsini bildirmə variantlarından («lehinə» və «əleyhinə») birini pozur.

Sorğu bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan vətəndaş məntəqə rə`y sorğusu komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün kabinəyə də`vət edə bilər. Bu şəxsin soyadı yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında sorğu bülleteni alınması barədə vətəndaşın imzası ilə birgə göstərilir.

Səsvermə qutuları məntəqə rə`y sorğusu komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

Məntəqə rə`y sorğusu komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Məntəqə rə`y sorğusu komissiyası sədrinin bu Qanunun tələblərindən irəli gələn sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Vətəndaşın öz iradəsini ifadə etməsinə tə`sir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə rə`y sorğusu komissiyasının üzvü işindən kənarlaşdırılır, müşahidəçi isə tə`xirəsalınmadan otaqdan çıxarılır. Bu barədə qərarı məntəqə rə`y sorğusu komissiyası qəbul edir.

Səsvermədə iştirak edən vətəndaşların, rə`y sorğusu komissiyasının üzvlərindən, müşahidəçilərdən, kütləvi informasiya vasitələrinin nümayəndələrindən başqa, digər şəxslərin yerli rə`y sorğu məntəqəsində olmaları qadağandır. Yerli rə`y sorğusu günü polis orqanlarının işçiləri yerli rə`y sorğusu məntəqəsinə yalnız formada və məntəqə yerli rə`y sorğusu komissiyasının qərarı ilə ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilərlər. İctimai asayiş bərpa edildikdən sonra formada olan polis orqanlarının işçisi dərhal yerli rə`y sorğusu məntəqəsini tərk etməlidirlər.

Vətəndaş sorğu bülletenini doldurarkən səhv etdiyini bildirdikdə, ona sorğu bülleteni vermiş məntəqə rə`y sorğusu komissiyası üzvündən sıradan çıxmış sorğu bülleteninin əvəzinə yeni bülleten verməsini xahiş edə bilər. Bu halda komissiyanın üzvü vətəndaşa yeni sorğu bülleteni verir, yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında isə vətəndaşın soyadından sağda müvafiq qeyd edir. Sıradan çıxmış sorğu bülleteni sonradan ləğv edilir və bu barədə ayrıca akt tərtib olunur.

Vətəndaş yerli rə`y sorğusu günü səhhətinə görə və ya digər üzürlü səbəblərdən yerli rə`y sorğu məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, yerli rə`y sorğu gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə rə`y sorğu komissiyasına bildirməlidir.

Məntəqə rə`y sorğu komissiyası bütün vətəndaşlara, o cümlədən səhhətinə görə və ya digər üzürlü səbəblərdən səsvermə otağına gələ bilməyən vətəndaşlara səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlər üçün yerli rə`y sorğu məntəqəsində məntəqə rə`y sorğu komissiyasının qərarı ilə müəyyən edilmiş miqdarda daşınan səsvermə qutuları olmalıdır.

Vətəndaş səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə rə`y sorğu komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Ərizədə vətəndaş haqqında yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı mə`lumatlar göstərilməlidir.

Məntəqə rə`y sorğu komissiyasının daşınan səsvermə qutusu ilə gedən üzvləri ərizələrin sayına uyğun yerli rə`y sorğusu bülletenləri alırlar.

Vətəndaşın yerli rə`y sorğusu məntəqəsindən kənarda səs verməsi eyni vaxtda yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısında ayrıca qeyd olunur. Səsvermə otağından kənarda keçirilən səsvermədə müşahidəçilərin iştirak etmək hüququ vardır. Məntəqə rə`y sorğu komissiyasının üzvləri daşınan səsvermə qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır.

Maddə 30. Yerli rə`y sorğusu məntəqəsində səslərin hesablanması

Səsvermə müddəti başa çatdıqda məntəqə rə`y sorğusu komissiyasının sədri «yalnız sorğu bülleteni alan və səsvermə otağında (kabinədə) olan vətəndaşlar səs verə bilərlər» e`lanını verir.

Səsvermə qutuları açılmazdan əvvəl, istifadə edilməmiş sorğu bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə rə`y sorğu komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir.

Həmin sorğu bülletenlərinin sayı e`lan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Bundan sonra məntəqə rə`y sorğusu komissiyasının sədri səsvermə qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə rə`y sorğusu komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək səsvermə qutularını açır.

Səsvermə qutuları növbə ilə: əvvəlcə daşınan səsvermə qutuları, sonra isə daşınmaz səsvermə qutuları açılır.

İlk növbədə daşınan səsvermə qutularındakı yerli rə`y sorğu bülletenləri sayılır. Onların sayı səsvermə otağından kənarda səsvermə üçün vətəndaşlar tərəfindən verilmiş ərizələrin sayından çox olmamalıdır. Daşınan səsvermə qutusu üzrə səslər hesablanarkən, bülletenlərinin ümumi sayı verilmiş ərizələrin sayından çox olarsa, daşınan səsvermə qutusundakı bütün bülletenlər məntəqə rə`y sorğusu komissiyasının qərarı ilə e`tibarsız hesab edilir. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini tə`min edən məntəqə rə`y sorğusu komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin nəticələri haqqında protokola əlavə edilir.

Yerli rə`y sorğusu məntəqəsi üzrə vətəndaşların səsləri hesablanarkən e`tibarsız sayılan bülletenlər ayrılır.

E`tibarsız seçki bülletenləri ayrıca yığılıb bağlanır.

Məntəqə rə`y sorğusu komissiyası üzvlərinin iştirakı ilə məntəqə rə`y sorğusu komissiyasının sədri vətəndaşların səslərinin hesablanmasını birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparır. Məntəqə rə`y sorğusu komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

Məntəqə rə`y sorğusu komissiyası səsvermənin nəticələri haqqında protokol tərtib edir. Protokola səsvermənin nəticələrinə dair aşağıdakı mə`lumatlar daxil edilir:

    • yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı vətəndaşların ümumi sayı;
    • məntəqə rə`y sorğusu komissiyasına verilmiş sorğu bülletenlərinin sayı;
    • yerli rə`y sorğusu günü yerli rə`y sorğu məntəqəsində vətəndaşlara verilmiş sorğu bülletenlərinin sayı;
    • səsvermə otağından kənarda səs vermiş vətəndaşlara verilmiş bülletenlərin sayı;
    • ləğv edilmiş sorğu bülletenlərinin sayı;
    • e`tibarlı sayılmış sorğu bülletenlərinin sayı;
    • daşınmaz səsvermə qutularında olan sorğu bülletenlərinin sayı;
    • daşınan səsvermə qutularında olan sorğu bülletenlərinin sayı;
    • e`tibarsız sayılmış sorğu bülletenlərinin sayı;
    • yerli rə`y sorğusuna çıxarılan məsələnin lehinə səs vermiş vətəndaşların sayı;
    • yerli rə`y sorğusuna çıxarılan məsələnin əleyhinə səs vermiş vətəndaşların sayı.

Səsverməyə eyni zamanda bir neçə məsələ qoyulursa, onların hər birinə verilən səslər ayrı-ayrı hesablanır.

Məntəqə rə`y sorğusu komissiyası tərəfindən səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə rə`y sorğusu komissiyası üzvlərinin iştirakı və müşahidəçilərin müşahidəsi ilə 3 nüsxədə tərtib olunur və məntəqə rə`y sorğusu komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Bütövlüklə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə rə`y sorğusu komissiyasının üzvü protokola xüsusi rə`yini əlavə edə bilər; bu barədə protokolda müvafiq qeyd edilir.

Səsvermənin nəticələri haqqında protokolun karandaşla yazılmasına və ona hər hansı bir düzəliş edilməsinə icazə verilmir.

Məntəqə rə`y sorğusu komissiyası protokolun 1-ci nüsxəsini imzaladıqdan sonra yerli rə`y sorğusu günündən ən geci 24 saat keçənədək müvafiq ərazi rə`y sorğusu komissiyasına göndərilir. Protokolun 2-ci nüsxəsi, bağlanıb möhürlənmiş sorğu bülletenləri, həmin sorğu bülletenlərinin kəsilmiş sol küncləri komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə rə`y sorğusu komissiyasının katibində qalır.

Səsvermənin nəticələri haqqında protokolun 3-cü nüsxəsi müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ümumi tanışlığı məqsədilə yerli rə`y sorğusu məntəqəsində asılır.

Sorğu bülletenləri də daxil olmaqla yerli rə`y sorğusuna aid başqa sənədlər yerli rə`y sorğusunun yekunları rəsmi e`lan olunduqdan sonra 5 gündən gec olmayaraq müvafiq ərazi rə`y sorğusu komissiyasına göndərilir.

Maddə 31. E`tibarsız səsvermə sorğu bülletenləri

Aşağıdakı səsvermə sorğu bülletenləri e`tibarsız sayılır:

1) məntəqə rə`y sorğusu komissiyasının təsdiqləmədiyi sorğu bülletenləri;

2) səsvermə zamanı «lehinə» və «əleyhinə» sözlərinin hər ikisinin pozulduğu və ya hər iki sözün pozulmadığı sorğu bülletenləri.

Maddə 32. Ərazi rə`y sorğusu komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi

Ərazi rə`y sorğusu komissiyası səsvermənin nəticələri haqqında məntəqə rə`y sorğusu komissiyalarının protokolları əsasında bütün mə`lumatları ümumiləşdirir və müvafiq ərazidə yerli rə`y sorğusu günündən ən geci 2 gün keçənədək səsvermənin nəticələrini müəyyən edir və müvafiq qərar qəbul edir. Həmin qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.

Məntəqə rə`y sorğusu komissiyalarının protokollarında göstərilmiş mə`lumatların ümumiləşdirilməsini ərazi rə`y sorğusu komissiyasının üzvləri şəxsən həyata keçirirlər. Səsvermənin nəticələri barədə ərazi rə`y sorğusu komissiyası protokol tərtib edir, bu protokola ərazi üzrə yerli rə`y sorğusu məntəqələrinin sayı haqqında mə`lumat, məntəqə rə`y sorğu komissiyalarından daxil olmuş protokolların sayı və bu Qanunun 30-cu maddəsində göstərilən məntəqə rə`y sorğusu komissiyaları protokollarının ümumiləşdirilmiş mə`lumatları daxil edilir.

Ərazi rə`y sorğusu komissiyasının protokolu 4 nüsxədə tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Protokola ərazi üzrə məntəqə rə`y sorğusu komissiyalarının bütün mə`lumatlarını ümumiləşdirən cədvəl əlavə edilir. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan ərazi rə`y sorğusu komissiyasının üzvü protokola xüsusi rə`yini əlavə edə bilər; bu barədə protokolda müvafiq qeyd edilir.

Protokolun 1-ci nüsxəsi və ərazi üzrə məntəqə rə`y sorğusu komissiyalarının bütün mə`lumatlarını ümumiləşdirən cədvəl ilə birlikdə ərazi rə`y sorğusu komissiyasının fəaliyyəti qurtaranadək komissiyanın katibində qalır.

Səsvermənin nəticələri haqqında protokolun 2-ci nüsxəsi və yerli rə`y sorğusunun nəticələrinə dair ərazi rə`y sorğusu komissiyasının qərarı müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin ümumi tanışlığı məqsədi ilə ərazi rə`y sorğusu komissiyasının otağında asılır.

Səsvermənin nəticələri haqqında protokolun 3-cü və 4-cü nüsxələri və yerli rə`y sorğusunun nəticələrinə dair ərazi rə`y sorğusu komissiyasının qərarı yerli rə`y sorğusu keçirilən ərazinin bələdiyyəsinə və müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] göndərilir.

Yerli rə`y sorğusuna çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, yerli rə`y sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların azı 25 faizi iştirak etsin və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu yerli rə`y sorğusuna çıxarılan məsələnin «lehinə» səs versin.

Yerli rə`y sorğusunun nəticələrinə dair ərazi rə`y sorğusu komissiyasının qərarı beş gün ərzində e`lan olunur.

Maddə 33. Yerli rə`y sorğusunun e`tibarsız sayılması

Yerli rə`y sorğusunun gedişində onların nəticəsinə ciddi tə`sir göstərən qanun pozuntusuna yol verilərsə, bu halda ərazi rə`y sorğu komissiyası yerli rə`y sorğusunun e`tibarsız sayılması barədə qərar qəbul edir.

Maddə 34. Təkrar yerli rə`y sorğusunun keçirilməsi

Yerli rə`y sorğusu e`tibarsız sayılarsa ərazi rə`y sorğu komissiyasının qərarı ilə bu Qanunun müddəalarına uyğun olaraq 3 aydan gec olmayan müddətdə təkrar yerli rə`y sorğusu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 30 noyabr 1999-cu il.

№ 764-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 1999-cu il, № 298).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 686).


Yerli rə`y sorğusu

Ərazi rə`y sorğusu komissiyası:

M.Y.

№ _______ imza vərəqəsi

Bələdiyyə ərazisinin adı _____________________________________________________________

Ərazi rə`y sorğu komissiyasının adı __________________________________________________

Biz, aşağıda imza edənlər ____________________________________________________________

(məsələnin mahiyyəti)

yerli rə`y sorğusuna çıxarılan məsələni müdafiə edirik.

Sıra №-si

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu tarix

Yaşayış yerinin ünvanı

Şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi

İmza tarixi

İmza

İmza vərəqəsini təsdiq edirəm ________________________________________________________

(imzanı toplamış şəxsin soyadı, adı, atasının adı)

Tarix «____»__________________________

İmza ____________________________


© LegalActs


Azərbaycan Respublikası Prezidentinin fərmanı -- 24.12.99, № 234