Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası, Vergi Məcəlləsinə və «Dövlət rüsumu haqqında» Qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar görüləcək tədbirlər barədə
Relizin Tarixi: 04.12.2007
Azərbaycan Respublikası Vergilər Nazirliyi
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası, Vergi Məcəlləsinə və «Dövlət rüsumu haqqında» Qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar görüləcək tədbirlər barədə
Əmr № 0617040101252700
Bakı şəhəri, 28.12.2006-cı il
«Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanununun və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 491 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə əmr edirəm:
1. Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbərlərinə tapşırılsın ki:
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası ilə əlaqədar vergilər üzrə ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, vergidən yayınma hallarının (xüsusilə ƏDV üzrə) qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini iki ay müddətində Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinə təqdim etsinlər;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrası ilə əlaqədar qüvvədə olan normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsi, yeni normativ hüquqi aktların qəbul edilməsi barədə təkliflərini 15 gün müddətində Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinə təqdim etsinlər.
2. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayevə tapşırılsın ki:
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası ilə əlaqədar Vergilər Nazirliyinin struktur vahidlərindən daxil olmuş təklifləri bir ay müddətində təhlil edib vergilər nazirinə təqdim etsin;
- Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi Müsavər Nəbiyev, İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadə və Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədovla birlikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 1.3-1.7-ci bəndlərinin icrası ilə əlaqədar 15 gün müddətində müvafiq tədbirlər görsün;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrası ilə əlaqədar Vergilər Nazirliyinin struktur vahidlərindən daxil olmuş normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsi, yeni normativ hüquqi aktların qəbul edilməsi barədə təklifləri 10 gün müddətində təhlil edib vergilər nazirinə təqdim etsin;
- Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevlə birlikdə Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununu nəzərə almaqla Vergi Məcəlləsini bir ay müddətində hazırlasın və kitab şəklində nəşr etdirilməsini təmin etsin.
3. Beynəlxalq münasibətlər idarəsinin rəisi İlqar Əkbərliyə tapşırılsın ki, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayevlə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası ilə əlaqədar «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı qaydaları»nın layihəsini bir ay müddətində hazırlayıb vergilər nazirinə təqdim etsin.
4. İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki:
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının 6.1-ci bəndinin icrası ilə əlaqədar müvafiq tədbirlər görsün;
- Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayevlə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 3.2-ci bəndinin icrası ilə əlaqədar mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilməli bəyannamə forması və onun doldurulması qaydalarının layihələrini iki ay müddətində hazırlayıb təsdiq edilmək üçün vergilər nazirinə təqdim etsin;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar həmin bənddə nəzərdə tutulmuş məlumat formasını 15 gün müddətində hazırlayıb təsdiq edilmək üçün vergilər nazirinə təqdim etsin;
- Vergilər Nazirliyinin struktur bölmələrinin rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar mənzil tikintisi ilə məşğul olan şəxslərə ayrılmış torpaqlar və tikilməsi nəzərdə tutulan sahələr barədə məlumat formasının yerli icra hakimiyyəti orqanlarına çatdırılması, həmin məlumatların toplanması və uçotunun təşkil edilməsini təmin etsin;
- Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli və 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanunlarının qüvvəyə minməsi ilə əlaqədar bir ay müddətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müvafiq alt-sistemlərində zəruri dəyişikliklərin aparılmasını təmin etsin;
- Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli və 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanunlarının qüvvəyə minməsi ilə əlaqədar bir ay müddətində bəyannamə formalarına və onların doldurulması qaydalarına müvafiq dəyişikliklərin edilməsini təmin etsin.
5. Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədova tapşırılsın ki, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayevlə birlikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 194.2.1-ci maddəsində nəzərdə tutulmuş qərar formasını, Vergi Məcəlləsinin 194.2.6-cı və 194.2.9-cu maddələrində nəzərdə tutulmuş akt formalarını 15 gün müddətində hazırlayıb təsdiq edilmək üçün vergilər nazirinə təqdim etsin.
6. Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirova tapşırılsın ki, vergi qanunvericiliyində edilən dəyişikliklər barədə kütləvi informasiya vasitələrində müsahibə və çıxışların təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər görsün.
7. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tələblərindən irəli gələn məsələlər barədə vergi ödəyicilərinin məlumatlandırılması ilə bağlı müvafiq tədbirlər görsün.
8. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar mövzuları funksional fəaliyyət istiqamətləri üzrə keçirilən ixtisasartırma kurslarının tədris proqramlarına daxil etsin.
9. Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi Müsavər Nəbiyevə tapşırılsın ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 1.2-ci bəndinin icrasına nəzarəti gücləndirsin.
10. Vergilər Nazirliyinin struktur vahidləri və struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununu nəzərə almaqla vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görsünlər.
11. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki:
- 2008-ci il 1 yanvar tarixindən Vergi Məcəlləsinin 22.2-ci maddəsinin qüvvədən düşməsini nəzərə alaraq Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin saxlanılması xərcləri maddəsində müvafiq xərclərin nəzərə alınması üçün zəruri tədbirlər görsün;
- bu əmrin tələblərindən irəli gələn aidiyyəti məsələləri həll etsin.
12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Nazir
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Fazil MƏMMƏDOV
© LegalActs LLC