Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində
Relizin Tarixi: 19.02.2019
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
Əsasnamənin təsdiq edilməsi barəsində
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.
Azərbaycan Respublikasının Pezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 23 fevral 1993-cü il.
№ 516.
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1993-cü il, № 4, maddə 117 («LegalActs» LLC).
2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 24 dekabr 2004-cü il tarixli, 815-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 19 aprel 2013-cü il tarixli, 614-IVQD nömrəli; 19 fevral 2019-cu il tarixli, 1511-VQ nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə ( «LegalActs» LLC).
Azərbaycan Respublikasının
1993-cü il 23 fevral tarixli
Qanunu ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
Əsasnamə
1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
ğ) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
d) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı kağız və metal pul nişanlarında , Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində və lotereya biletlərində;
ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsində və pasportunda;
d) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
e) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
ə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.
6. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir.
Bax: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 1, maddə 23 («Azərbaycan Respublikasının gerbi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu).
© LegalActs LLC