Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (07 oktyabr 1998-ci il, № 231) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1998-ci il, № 10, maddə 607)
Relizin Tarixi: 24.06.2008Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
Azərbaycan Respublikasının Qanunu
Birinci fəsil. Ümumi müddəalar
Maddə 1. Vətəndaşlıq hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 2. Vətəndaşlıq hüququnun təminatı
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin II hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır.
Maddə 3. Bərabər vətəndaşlıq
Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabərdir.
Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.
Maddə 4. Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından ibarətdir.
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:
1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;
3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;
4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.
Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.
Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.
Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər
Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
3) Azərbaycan Respublikası vətəndaşının pasportu.
Maddə 7. Nikah bağlandıqda və pozulduqda vətəndaşlığın saxlanması
Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.
Ərin (arvadın) vətəndaşlığının dəyişməsi arvadın (ərin) vətəndaşlığının dəyişməsinə səbəb olmur.
Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını saxlaması
Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.
Maddə 9. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərin, xarici dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.
Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
İkinci fəsil. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpası
Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları
Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:
1) Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Maddə 12. Vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 13. Valideynləri naməlum uşaqların vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Maddə 15. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Üçüncü fəsil. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi
Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar
Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:
1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Dördüncü fəsil. Valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı
Maddə 19. Valideynlərin vətəndaşlığı dəyişdikdə uşaqların vətəndaşlığının dəyişməsi
Valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar.
Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun 14 yaşına çatmamış uşağı da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Maddə 20. Üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmiş uşağın Azərbaycan Respublikası vətəndaşlığının saxlanması
Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Maddə 21. Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Maddə 22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını saxlaması
Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər.
Maddə 23. Övladlığa götürüldükdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Azərbaycan Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Maddə 24. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə uşaqların vətəndaşlığının müəyyən edilməsi
Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə onların vəsatəti əsasında həmin uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilir.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. Övladlığa götürənlərin vəsatəti ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxa bilər.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Maddə 25. Uşaqların vətəndaşlığının dəyişməsi üçün onların razılığının zəruriliyi
Bu qanunun 19 — 24-cü maddələrində nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.
Beşinci fəsil. Vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının qüvvəsi
Maddə 26. Vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının qüvvəsi
Bu qanunla Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 sentyabr 1998-ci il
№ 527-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (07 oktyabr 1998-ci il, № 231) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1998-ci il, № 10, maddə 607) («LegalActs» LLC).
30 sentyabr 2005-ci il tarixli, 1021-IIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 658-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).
© LegalActs LLC