Qiymətli kağızlar haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (22 sentyabr 1998-ci il, № 218) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1998-ci il, № 9, maddə 566)

Relizin Tarixi: 14.07.1998

Qiymətli kağızlar haqqında

Qiymətli kağızlar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında qiymətli kağızların buraxılışı və tədavülü qaydalarını müəyyən edir, qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətini tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas aşlayışların mənaları aşağıdakılardır:

«Qiymətli kağız» — onun sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir.

Qiymətli kağızlar emissiya və qeyri-emissiya qiymətli kağızlarına bölünür.

«Emissiya qiymətli kağızları» — buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqlarının həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır.

«Qeyri-emissiya qiymətli kağızları» — buraxılışlarla yerləşdirilməyən və qiymətli kağızlar üzrə hüquqların keçməsinin həcmi və müddəti müxtəlif olan qiymətli kağızlardır. Qeyri-emissiya qiymətli kağızlarına veksel, çek, depozit sertifikatları, opsion, varrant, fyuçers, özəlləşdirmə payları və bu anlayışa cavab verən qiymətli kağızların digər növləri aiddir.

«Səhm» — onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.

«İstiqraz vərəqəsi» — onun sahibinin emitentindən istiqraz vərəqəsində nəzərdə tutulan müddətdə onun nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş faizi və ya başqa əmlak ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə) almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.

«Qiymətli kağızlar buraxılışı» — sahiblərinə eyni həcmdə hüquqları təmin edən, eyni emissiya (ilkin yerləşdirmə) şərtləri və bir dövlət qeydiyyat nömrəsi olan qeydə alınan bir emitentin qiymətli kağızlarının məcmusudur.

«Emitent» — qiymətli kağızların sahibi qarşısında onlarda təsbit edilmiş hüquqların həyata keçirilməsi üzrə öz adından öhdəliklər daşıyan hüquqi şəxs, icra hakimiyyəti və ya bələdiyyə orqanlarıdır.

«Adlı emissiya qiymətli kağızları» — bu qiymətli kağızlar üzrə hüquqların keçməsi və onlarda təsbit edilmiş hüquqların həyata keçirilməsi sahibinin mütləq eyniləşdirilməsini tələb edən, sahibləri haqqında məlumat emitentə qiymətli kağızların sahiblərinin reyestri formasında açıqlanmalı olan qiymətli kağızlardır.

«Təqdim edənə emissiya qiymətli kağızları» — bu qiymətli kağızlar üzrə hüquqların keçməsi və onlarda təsbit edilmiş hüquqların həyata keçirilməsi sahibinin eyniləşdirilməsini tələb etməyən qiymətli kağızlardır.

«Emissiya qiymətli kağızlarının sənədləşdirilmiş forması» — müvafiq surətdə sənədləşdirilmiş qiymətli kağız sertifikatı təqdim etmək əsasında və ya qiymətli kağızlar deponentə qoyulduğu halda depo hesabında olan yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır.

«Emissiya qiymətli kağızlarının sənədləşdirilməmiş forması» — qiymətli kağızlar sahiblərinin reyestrinin aparılması sistemində yazı əsasında və ya depo hesabında olan yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır.

«Emissiya qiymətli kağızının sertifikatı» — emitent tərəfindən və ya emitentin tapşırığı ilə müvafiq depozitari tərəfindən buraxılan və qiymətli kağızların sertifikatda göstərilən sayına hüquqların məcmusunu təsdiqləyən sənəddir. Qiymətli kağızın sahibi belə sertifikat əsasında emitentin öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququ vardır.

«Qiymətli kağızların tədavülü» — qiymətli kağızlarla mülkiyyət hüquqlarının keçməsinə səbəb olan mülki-hüquqi əqdlərin bağlanmasıdır.

«Emissiya qiymətli kağızlarının yerləşdirilməsi» — emitentin mülki-hüquqi əqdlər bağlamaq yolu ilə qiymətli kağızları birinci sahiblərinə özgəninkiləşdirməsidir.

«Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları» — qanunvericilik əsasında qiymətli kağızlar bazarında xüsusi razılıq əsasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.

«Dövlət qeydiyyat nömrəsi» — emissiya qiymətli kağızlarının konkret buraxılışını eyniləşdirən ədədi (hərfi, nişanəli) koddur.

Maddə 2. Qiymətli kağızlar haqqında qanunvericilik

Qiymətli kağızlarla bağlı münasibətlər bu Qanundan, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

II fəsil. Qiymətli kağızlar bazarının tənzimlənməsi

Maddə 3. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi

1. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:

1.1. emitentlərin, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinə məcburi tələblərin və onun standartlarının müəyyən edilməsi;

1.2. qiymətli kağızlar buraxılışının və emissiya prospektlərinin qeydə alınması və onlarda nəzərdə tutulmuş şərtlərə və öhdəliklərə emitentlər tərəfindən riayət olunmasına nəzarət edilməsi;

1.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinin xüsusi razılıq sisteminin tətbiq edilməsi və bu fəaliyyətə nəzarət edilməsi;

1.4. qiymətli kağızların sahiblərinin hüquqlarının müdafiəsi və onların hüquqlarına emitentlər və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən riayət edilməsinə nəzarət sisteminin yaradılması;

1.5. qiymətli kağızlarla peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi;

1.6. qiymətli kağızlarla əməliyyatlara məcburi tələblərin, qiymətli kağızların açıq yerləşdirilməsinə, tədavülünə, kotirovkasına (qiymətləndirilməsinə), listinqinə və delistinqinə, hesablaşma-depozitari fəaliyyətinə qoyulan normalarının müəyyən edilməsi;

1.7. emitentlər və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən qiymətli kağızlar haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

1.8. Azərbaycan Respublikasında qeydə alınmış qiymətli kağızların dövlət reyestrinin aparılmasına dair məcburi tələblərin müəyyən edilməsi;

1.9. qiymətli kağızlar emissiyasının, emitentlərin, o cümlədən Azərbaycan Respublikası ərazisində qiymətli kağızlar emissiyasını həyata keçirən xarici emitentlərin qiymətli kağızlar emissiyası prospektlərinin standartlarını, həmçinin qiymətli kağızların emissiyası və emissiya prospektlərinin qeydiyyatı qaydalarının təsdiq edilməsi;

1.10. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının fəaliyyət qaydalarının müəyyən edilməsi;

1.11. qiymətli kağızlar bazarında hamı üçün açıq olan informasiya sisteminin yaradılmasının təmin edilməsi;

1.12. qiymətli kağızlar bazarında reklam haqqında qaydaların qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi;

1.13. səhmdarların (investorların) hüquq və qanuni mənafelərinin qorunmasına nəzarətin həyata keçirilməsi;

1.14. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında xarici ölkələrin hüquqi və fiziki şəxslərinin iştirakının normalarının və qaydalarının müəyyən edilməsi;

2. Qiymətli kağızlar bazarında münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 4. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatları

1. Bu Qanuna uyğun olaraq fəaliyyət göstərən və qeyri-kommersiya prinsipləri əsasında fəaliyyətini quran qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının könüllü birliyi, ittifaqı, assosiyasiyası və sairə qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatı (bundan sonra — öz-özünü tənzimləyən təşkilat) adlanır.

2. Öz-özünü tənzimləyən təşkilat qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən qiymətli kağızlar iştirakçılarının peşəkar fəaliyyəti üçün şəraitin təmin edilməsi, qiymətli kağızlar bazarında peşəkar etika standartlarına riayət edilməsi, qiymətli kağızların sahiblərinin və öz-özünü tənzimləyən təşkilatın üzvü olan qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının digər müştərilərinin maraqlarının müdafiə edilməsi, qiymətli kağızlar bazarında səmərəli fəaliyyəti təmin edən qiymətli kağızlarla əməliyyatlar aparılmasının qaydalarının və standartlarının qanunvericilik əsasında müəyyən edilməsində iştirak etmək üçün təsis edilir.

3. Öz-özünü tənzimləyən təşkilatın bütün gəlirləri onun tərəfindən yalnız nizamnamə vəzifələrini yerinə yetirmək üçün istifadə olunur və onun üzvləri arasında bölüşdürülmür.

4. Öz-özünü tənzimləyən təşkilat, peşəkar fəaliyyət göstərməsi və qiymətli kağızlarla əməliyyatlar aparması tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsinin öz üzvləri üçün qaydalarını müəyyən edir və onlara riayət edilməsinə nəzarəti həyata keçirir.

5. Öz-özünü tənzimləyən təşkilatın fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

III fəsil. Qiymətli kağızların qeydiyyatı, buraxılması və tədavülü qaydası

Maddə 5. Qiymətli kağızların qeydiyyatı və tədavülünün əsasları

1. Azərbaycan Respublikasının ərazisində emissiya qiymətli kağızlarının qeydiyyatı, buraxılması və tədavülü qaydası bu Qanuna və ona uyğun qəbul edilmiş normativ hüquqi aktlara müvafiq olaraq müəyyən edilir.

2. Qeyri-emissiya qiymətli kağızlarının qeydiyyatı, buraxılması və tədavülü qaydaları Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilir.

3. Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması qaydaları, onların yerləşdirilməsi və tədavülü şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Azərbaycan Respublikası ərazisində qiymətli kağızların ilkin yerləşdirilməsi və tədavülü üçün dövlət rüsümu tutulmur. Emissiya prospekti qeydə alınarkən (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) dövlət rüsumu tutulur. Onun məbləği və ödənilməsi qaydası qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5. Azərbaycan Respublikasında xarici emitentlərin qiymətli kağızlarının tədavülü müvafiq icra hakimiyyəti orqanı tərəfindən nizamlanır.

6. Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş emitentlər tərəfindən buraxılmış qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə dövlətlərarası sazişlər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icazə verilir.

Maddə 6. Emissiya qiymətli kağızlarının qeydiyyatı qaydası

1. Emitent emissiya qiymətli kağızlarının buraxılması hüququnu onların dövlət qeydiyyatından keçdiyi andan etibarən əldə edir.

2. Emissiya qiymətli kağızlarının qeydiyyatını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.

3. Emissiya qiymətli kağızlarının buraxılmasının qeydiyyatı üçün emitent aşağıdakı sənədləri təqdim etməlidir:

3.1. qeydə alınmaq üçün ərizə;

3.2. emissiya qiymətli kağızlarının buraxılması haqqında qərarın surəti;

3.3. emissiya prospekti (əgər qiymətli kağızların qeydiyyatı emissiya prospektinin qeydiyyatı ilə müşayiət edilirsə);

3.4. təsis sənədlərinin surətləri (səhmdar cəmiyyətinin yaradılması üçün səhmlərin emissiyası zamanı).

4. Emitent və onun idarəetmə orqanlarının vəzifəli şəxsləri emissiya prospektində və daxili sənədlərdə olan məlumatın tamlığı və mötəbərliyi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

5. Dövlət qeydiyyatı (və ya ondan əsaslandırılmış imtina) bu maddədə göstərilən sənədlərin alınması tarixindən sonra 15 gündən gec olmayaraq həyata keçirilməlidir.

6. Dövlət qeydiyyatı orqanlarının məlumatına əsasən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş qiymətli kağızların vahid dövlət reyestrini aparır.

7. Dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların tədavülə buraxılması haqqında qərar qəbul etmiş emitentin vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 7. Emissiya qiymətli kağızlarının buraxılışının qeydiyyatından imtina edilməsi üçün əsaslar

1. Emissiya qiymətli kağızlarının buraxılışının qeydə alınmasından imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

1.1. təqdim olunmuş sənədlərin və onlarda olan məlumatların məzmununun bu Qanunun tələblərinə uyğun olmaması;

1.2. emissiya prospektinə və ya qiymətli kağızlar buraxılması haqqında qərara (qiymətli kağızların qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst və ya təhrif edilmiş məlumatlar daxil edilməsi;

1.3. bundan əvvəlki buraxılışda olan qiymətli kağızların natamam yayılması;

1.4. emitent tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinin pozulması.

2. Emissiya qiymətli kağızlarının buraxılışının və emissiya prospektinin qeydə alınmasından imtina edilməsi haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

Maddə 8. Emissiya qiymətli kağızlarının buraxılışı forması və onlarda təsbit olunmuş hüquqların təmin edilməsi forması

1. Emissiya qiymətli kağızları aşağıdakı formalardan birində buraxıla bilər:

1.1. sənədləşdirilmiş formada adlı qiymətli kağızlar buraxılışı (adlı sənədləşdirilmiş qiymətli kağızlar);

1.2. sənədləşdirilməmiş formada adlı qiymətli kağızlar buraxılışı (adlı sənədləşdirilməmiş qiymətli kağızlar);

1.3. sənədləşdirilmiş formada təqdim edənə verilən qiymətli kağızlar buraxılışı (təqdim edənə verilən sənədləşdirilmiş qiymətli kağızlar).

2. Emitentin seçdiyi qiymətli kağız forması onun təsis sənədlərində və (və ya) qiymətli kağızlar buraxılışı haqqında qərarda və qiymətli kağızların emissiya prospektində birmənalı müəyyən edilməlidir.

3. Sənədləşdirilmiş formada emissiya qiymətli kağızları buraxılarkən onların sahiblərinə əldə etdikləri bütün qiymətli kağızlar üçün, onların ümumi sayını, kateqoriyasını və nominal dəyərini əks etdirən bir sertifikat verilə bilər.

4. Emissiya qiymətli kağızlarının sənədləşdirilmiş formasında sertifikat və qiymətli kağızların buraxılışı haqqında qərar qiymətli kağızla təsbit edilmiş hüquqları təsdiqləyən sənəddir.

5. Emissiya qiymətli kağızlarının sənədləşdirilməmiş formasında qiymətli kağızların buraxılışı haqqında qərar qiymətli kağızla təsbit edilmiş hüquqları təsdiqləyən sənəddir.

6. Təqdim edənə verilən emissiya qiymətli kağızları yalnız sənədləşdirilmiş formada buraxıla bilər.

7. Emissiya qiymətli kağızının sertifikatının məcburi rekvizitlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

8. Adlı emissiya qiymətli kağızının sertifikatının məcburi rekviziti onun sahibinin adıdır.

9. Qiymətli kağızlara qoyulan tələblər və qiymətli kağızları çap edən orqanların fəaliyyətinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Emissiya qiymətli kağızları buraxılışı haqqında qərar

1. Qiymətli kağızların ilkin buraxılışı haqqında qərar təsisçilər, təkrar buraxılışı haqqında qərar isə emitentin ümumi yığıncağı tərəfindən qəbul edilir.

2. Emissiya qiymətli kağızlarının buraxılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

2.1. emitentin tam adı və hüquqi ünvanı;

2.2. qiymətli kağızlar buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi;

2.3. emitentin buraxılış haqqında qərar qəbul etmiş səlahiyyətli orqanının adı;

2.4. emissiya qiymətli kağızlarının növü;

2.5. emissiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası;

2.6. sahibin bir qiymətli kağızla təsbit edilmiş hüquqları;

2.7. emissiya qiymətli kağızları sahibinin qarşısında emitentin öhdəliyi;

2.8. həmin buraxılışda emissiya qiymətli kağızlarının sayı;

2.9. qiymətli kağızların formasının (sənədləşdirilmiş yaxud sənədləşdirilməmiş, adlı yaxud təqdim edənə) göstərilməsi;

2.10. emitentin möhürü və rəhbərinin imzası.

3. Emissiya qiymətli kağızlarının sənədləşdirilmiş formasında emitent əlavə olaraq sertifikatın təsvirini (nümunəsini) təqdim etməlidir.

4. Emissiya qiymətli kağızlarının hər buraxılışı üzrə ayrıca qərar qəbul edilməlidir.

5. Sonrakı buraxılışın qeydiyyata alınması yalnız əvvəlki buraxılışda olan qiymətli kağızların nominal dəyərindən az olmamaq şərtilə tam satışından sonra aparılır.

Maddə 10. Emissiya və onun gerçəkləşdirilməsi mərhələləri

1. Qiymətli kağızların emissiya proseduru emissiya qiymətli kağızlarının yerləşdirilməsi üzrə emitentin hərəkətlərinin bu Qanunla müəyyən edilmiş ardıcıllığıdır.

2. Qiymətli kağızların emissiyası aşağıdakı mərhələləri əhatə edir:

2.1. qanunvericiliyə uyğun olaraq emissiya qiymətli kağızlarının buraxılışı haqqında emitentin qərar qəbul etməsi;

2.2. emissiya qiymətli kağızlarının buraxılışının qeydə alınması;

2.3. emissiya qiymətli kağızlarının emissiya prospektinin qeydə alınması (əgər o, nəzərdə tutulursa);

2.4. emissiya qiymətli kağızlarının yerləşdirilməsi;

2.5. emissiya qiymətli kağızları buraxılışının nəticələri haqqında hesabatın qeydə alınması.

Maddə 11. Emissiya prospektinə ümumi tələblər

1. Emissiya prospektinə:

1.1. emitentin tam və qısa adı və təsisçilərin adları;

1.2. emitentin hüquqi ünvanı;

1.3. hüquqi şəxs kimi dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi;

1.4. qiymətli kağızların qarşıdakı buraxılışı haqqında məlumat:

  • qiymətli kağızlar haqqında (saxlanması və qiymətli kağızlara hüquqların uçotu qaydası göstərilməklə qiymətli kağızların forması və növü), buraxılışın ümumi həcmi haqqında, buraxılışda olan emissiya qiymətli kağızlarının sayı haqqında;
  • qiymətli kağızların emissiyası haqqında (buraxılış haqqında qərarın qəbul edildiyi tarix, buraxılış haqqında qərar qəbul etmiş orqanın adı, potensial sahiblərin emissiya qiymətli kağızlarını əldə edə biləcəyi yer, emissiya qiymətli kağızları sertifikatlarının və ya emissiya qiymətli kağızlarına olan hüquqların uçotunun depozitaridə saxlandığı halda depozitarinin adı və hüquqi ünvanı);
  • emissiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanması və başa çatması vaxtı haqqında;
  • emissiya qiymətli kağızlarının qiymətləri və ödənilməsi qaydası haqqında;
  • emissiya prospektinin qeydə alınması zamanı qiymətli kağızlar buraxılışının yerləşdirilməsində iştirak etməyə cəlb olunması nəzərdə tutulan qiymətli kağızlar bazarının peşəkar iştirakçıları haqqında (adı, hüquqi ünvanı, qiymətli kağızların yerləşdirilməsi zamanı yerinə yetirdiyi vəzifələr) məlumatlar daxil edilməlidir.

2. Təkrar emissiya olduğu və ya digər təşkilati-hüquqi formalı hüquqi şəxsin səhmdar cəmiyyətə çevrildiyi halda emissiya prospektinə həmçinin:

2.1. təsisçilərin adları;

2.2. emitentin rəhbər orqanlarının onun təsis sənədlərində göstərilən strukturu, o cümlədən emitentin direktorlar şurasının, idarə heyətinin və ya emissiya qiymətli kağızları buraxılması haqqında qərar qəbul edilən zaman oxşar vəzifələri yerinə yetirən idarəetmə orqanlarının bütün üzvlərinin siyahısı, onların hər bir üzvünün soyadını, adını, atasının adını, hazırda tutduğu bütün vəzifələrini, həmçinin emitentin nizamnamə kapitalında şəxsən onun iştirakçısı olan şəxslərin paylarını göstərməklə;

2.3. emitentin bütün filialları və nümayəndəlikləri, onların tam adları, qeydə alınma tarixi və yeri, hüquqi ünvanları daxil olan siyahısı;

2.4. son tamamlanmış maliyyə ili üçün müəyyən edilmiş formalar üzrə emitentin auditdən keçən (özəlləşdiriləcək dövlət müəssisələri istisna olmaqla) mühasibat balansı (banklardan ibarət olan emitentlər üçün ikinci dərəcə hesablar üzrə mühasibat balansı) və fəaliyyətinin maliyyə nəticələri haqqında hesabatlar;

2.5. emissiya qiymətli kağızları buraxılışı haqqında qərar qəbul ediləndən əvvəlki son rübün axırına olan vəziyyət üzrə emitentin mühasibat balansı (banklardan ibarət olan emitentlər üçün isə ikinci dərəcə hesablar üzrə mühasibat balansı);

2.6. emitentin emissiya qiymətli kağızlarının əvvəlki buraxılışları haqqında, özündə buraxılmış emissiya qiymətli kağızlarının növləri, dövlət qeydiyyatının nömrəsi və tarixi, qeydə alan orqanın adı, buraxılışın həcmi, buraxılmış emissiya qiymətli kağızlarının sayı, gəlirlərin ödənilməsi şərtləri, sahiblərin başqa hüquqları daxil olan hesabat;

2.7. emitentin nizamnamə kapitalı haqqında göstəricilər (nizamnamə kapitalının həcmi, qiymətli kağızların sayı və onların nominal dəyəri, nizamnamə kapitalında payı Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş normativlərdən yuxarı olan qiymətli kağızların sahibləri) əlavə edilməlidir.

Maddə 12. Qiymətli kağızlar buraxılışı haqqında məlumat

1. Qiymətli kağızlar buraxılışı (emissiya) aşağıdakı formalarda həyata keçirilə bilər:

    • açıq satış haqqında elan etmədən və reklam kompaniyası aparmadan (qapalı satış);
    • emissiya prospekti dərc etdirməklə (açıq satış).

2. Emissiya prospektinin qeydə alınmasını tələb edən açıq (kütləvi) emissiya zamanı emitent emissiya prospektində olan məlumatı əldə etmək imkanını təmin etməyə və dövri mətbuatda məlumatın açıqlanması üçün bildiriş dərc etdirməyə borcludur.

3. Emitent, həmçinin emissiya qiymətli kağızlarının yerləşdirilməsini həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçıları istənilən potensial sahiblərə qiymətli kağızları almaqdan öncə açıqlanan məlumatı almaq imkanı yaratmalıdırlar.

4. Emitent, emissiya prospektini qeydiyyatdan keçirtdiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə ölkə səviyyəli mətbuat orqanında özünün maliyyə-təsərrüfat vəziyyəti və fəaliyyətinin nəticələri (emitentin balansı) haqqında əsas göstəriciləri dərc etdirməlidir.

Maddə 13. Buraxılmış emissiya qiymətli kağızlarının yerləşdirilməsi şərtləri

1. Yerləşdirilən emissiya qiymətli kağızlarının sayı qiymətli kağızlar buraxılışı haqqında emissiya prospektlərində göstərilən saydan çox olmamalıdır.

2. Emitent emissiya prospektində göstəriləndən az sayda emissiya qiymətli kağızları yerləşdirə bilər. Yerləşdirilmiş qiymətli kağızların həqiqi sayı qeydə alınmağa təqdim olunan buraxılışın nəticələri haqqında hesabatda göstərilir.

3. Emissiyanın baş tutmadığı hesab edilən yerləşdirilməmiş qiymətli kağızların hissəsi qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

4. Emissiya baş tutmadığı halda investorların vəsaitinin qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

5. Emitent buraxılan emissiya qiymətli kağızlarının yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində başa çatdırmalıdır.

6. Emissiya qiymətli kağızlarının buraxılışının açıq yerləşdirilməsi və tədavülü zamanı qiymətli kağızlar alarkən bir potensial sahibə başqaları qarşısında üstünlük verilməsi qadağandır.

Bu müddaə aşağıdakı hallarda tətbiq olunmur:

    • dövlət qiymətli kağızlarının emissiyasında;
    • səhmdar cəmiyyətlərin səhmdarlarına emissiya haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin sayına mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızlar almaqda üstün hüquq verildikdə;
    • emitentlər qiymətli kağızların qeyri-rezidentlər tərəfindən alınması üzərində məhdudiyyətlər qoyduqda.

7. Hər hansı emitentin səhmlərinin ilkin yerləşdirilməsi zamanı onların 35 və ya daha çox faizinin və ya səhmdarların səslərinin 50 faizdən çoxunu təmin edən səhmlərin bir hüquqi və ya fiziki şəxsin, yaxud bir-birinin əmlakına nəzarət edən şəxslər qrupunun əldə etməsi Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi ilə tənzimlənir. Bu tələb nizamnamə fondu minimum əmək haqqının 75 min mislindən çox olmayan səhmdar cəmiyyətlərə aid edilmir.

Maddə 14. Emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında hesabat

1. Emissiya qiymətli kağızlarının yerləşdirilməsi başa çatdıqdan sonra 30 gündən gec olmayaraq emitent qeydiyyatı aparan orqana emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında hesabat təqdim etməyə borcludur.

2. Emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında hesabata aşağıdakı məlumat daxil edilməlidir:

2.1. qiymətli kağızların yerləşdirilməsinin başlanması və başa çatması tarixi;

2.2. qiymətli kağızların yerləşdirilməsinin faktiki qiyməti (bu buraxılış çərçivəsində qiymətli kağızların növləri üzrə);

2.3. yerləşdirilmiş qiymətli kağızların sayı;

2.4. yerləşdirilmiş qiymətli kağızlara görə daxil olan vəsaitin ümumi həcmi və növləri.

3. Qeydiyyatı aparan orqan emissiya qiymətli kağızları buraxılışının nəticələri haqqında hesabata iki həftə müddətində baxır və qiymətli kağızların buraxılışı ilə əlaqədar nöqsanlar olmadıqda onu qeydə alır. Qeydiyyatı aparan orqan qeydə aldığı hesabatın tamlığına cavabdehdir.

Maddə 15. Haqsız emissiya

1. Bu Qanunla müəyyən olunmuş emissiya prosedurunun pozulması ilə ifadə olunan və qeydiyyat orqanları tərəfindən qiymətli kağızlar emissiyasının qeydə alınmasından imtina edilməsi, onun dayandırılması və ya emissiya qiymətli kağızları buraxılışının baş tutmamış etiraf olunması üçün əsas olan hərəkətlər haqsız emissiya hesab olunur.

2. Qeydiyyat orqanları haqsız emissiya hallarını aşkar etdikdə, bu barədə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

3. Emitent, emissiya prospektində elan olunmuş saydan çox qiymətli kağız dövriyyəyə buraxdığı halda, o qiymətli kağızların bu artıq hissəsinin alınması və dəyərinin ödənilməsini təmin etməyə borcludur. Emitent buna iki ay müddətində əməl etməzsə, onda müvafiq icra hakimiyyəti orqanı emitentin əsassız olaraq əldə etdiyi vəsaiti onun əlindən almaq üçün məhkəməyə müraciət edə bilər.

4. Haqsız emissiya faktlarına görə emitentin vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 16. Emissiya qiymətli kağızlarına mülkiyyət hüququnun təsdiqlənməsi forması

1. Sahiblərin sənədləşdirilmiş formada buraxılan emissiya qiymətli kağızlarına olan hüquqları sertifikatlarla (əgər sertifikatlar sahiblərdə saxlanırsa), yaxud sertifikatlarda və depozitarilərdə depo hesabları üzrə yazılarla (əgər sertifikatlar saxlanmaq üçün depozitarilərə verilibdirsə) təsdiq edilir.

2. Sahiblərin sənədləşdirilməmiş formada buraxılan emissiya qiymətli kağızlarına olan hüquqları reyestr aparılması sistemində — reyestr saxlayanda (və ya emitentdə) olan şəxsi hesablarda yazılarla və ya qiymətli kağızlara olan hüquqların uçotu depozitaridə olduqda, depozitarilərdə depo hesabları üzrə yazılarla təsdiq edilir.

Maddə 17. Qiymətli kağızlara olan hüquqların keçməsi və qiymətli kağızlarla təsbit edilmiş hüquqların gerçəkləşdirilməsi

1. Təqdim edənə sənədləşdirilmiş qiymətli kağıza hüquq:

    • onun sertifikatının sahibdə olduğu halda — həmin sertifikatın onu alana verilməsi anında;
    • təqdim edənə sənədləşdirilmiş qiymətli kağızların sertifikatlarının və (və ya) belə qiymətli kağızlara olan hüquqların uçotunun depozitaridə saxlandığı halda — onu alanın depo hesabı üzrə mədaxil yazısı həyata keçirilən anda onu alana keçir.

2. Adlı, sənədləşdirilməmiş qiymətli kağıza olan hüquq:

    • qiymətli kağızlara olan hüquqların uçotunun depozitari fəaliyyəti həyata keçirən şəxsdə aparıldığı halda — onu alanın depo hesabı üzrə mədaxil yazıldığı andan;
    • qiymətli kağızlara olan hüquqların uçotunun reyestr yazılması sistemində aparıldığı halda — onu alanın şəxsi hesabı üzrə mədaxil yazıldığı andan onu alana keçir.

3. Adlı, sənədləşdirilmiş qiymətli kağıza olan hüquq:

3.1. onu alanın qiymətli kağızlara olan hüquqlarının uçotu reyestr yazılması sistemində aparıldığı halda — onu alanın şəxsi hesabı üzrə mədaxil yazıldıqdan sonra qiymətli kağız sertifikatının ona verildiyi andan;

3.2. onu alanın qiymətli kağızlara olan hüquqlarının uçotunun, depozitaridə qiymətli kağız sertifikatlarını depozitə qoymaqla, depozitari fəaliyyəti həyata keçirən şəxsdə aparıldığı halda — onu alanın depo hesabı üzrə mədaxil yazıldığı andan onu alan şəxsə keçir.

4. Emissiya qiymətli kağızı ilə təsbit olunan hüquqlar həmin qiymətli kağıza olan hüquqların keçdiyi andan onu alana keçir. Adlı emissiya qiymətli kağızı ilə təsbit olunan hüquqların keçməsi reyestr saxlayanın və ya depozitarinin və ya qiymətli kağızların nominal saxlayıcısının xəbərdarlıq məktubu ilə müşayiət olunmalıdır.

5. Təqdim edənə verilən emissiya qiymətli kağızları üzrə hüquqlar sahibin yaxud onun vəkil etdiyi şəxsin onları təqdim etməsi ilə həyata keçirilir.

6. Adlı, sənədləşdirilmiş emissiya qiymətli kağızları üzrə hüquqlar sahibin yaxud onun vəkil etdiyi şəxsin həmin qiymətli kağızların sertifikatlarının emitentə təqdim etməsi ilə həyata keçirilir. Bu zaman, bu cür qiymətli kağızların sertifikatları sahibdə olduğu halda, sertifikatda göstərilən sahibin adı ilə reyestrdə olan sahibin adı eyni olmalıdır.

7. Sənədləşdirilmiş emissiya qiymətli kağızları depozitarilərdə saxlandığı halda qiymətli kağızlarla təsbit edilən hüquqlar sahiblərin tapşırığı ilə, həmin sahiblərin siyahısını əlavə etməklə, həmin depozitarilərin təqdim etdikləri sertifikatlar əsasında həyata keçirilir. Bu halda, emitent həmin siyahıda göstərilən şəxsin təqdim edənə verilən qiymətli kağızlar üzrə hüquqlarının gerçəkləşməsini təmin edir.

8. Adlı, sənədləşdirilməmiş emissiya qiymətli kağızları üzrə hüquqlar reyestr yazılması sistemində göstərilən şəxslər barəsində emitent tərəfindən həyata keçirilir.

Bu cür qiymətli kağızın yeni sahibi haqqında həmin buraxılışın reyestr saxlayıcısına və ya qiymətli kağız saxlayıcısına emitentin qiymətli kağızlar üzrə öhdəliklərini (səsvermə, gəlirlərin alınması və başqaları) yerinə yetirməsi üçün göstəricilər reyestr bağlanan vaxta qədər məlum edilməyibsə, onda reyestrdə onun bağlandığı vaxtda qeydə alınmış sahib barəsində öhdəliklərin yerinə yetirilməsi məqbul hesab edilir. Vaxtında məlumat verməməsinə görə məsuliyyət qiymətli kağızı alanın üzərinə düşür.

9. Qiymətli kağızlara olan hüquqların və qiymətli kağızlarla təsbit edilmiş hüquqların keçməsi haqqında sənədlərdə fiziki şəxslərin imzasının doğruluğu (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) notarius və ya qiymətli kağızların peşəkar iştirakçıları tərəfindən təsdiq edilə bilər.

10. Qiymətli kağızlara hüquqların keçməsi zamanı və səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi artırıldıqda hər hansı emitentin nizamnamə kapitalında səsvermə hüququna malik səhmlərin 20 faizdən çoxunun bir hüquqi və ya fiziki şəxsin, yaxud bir-birinin əmlakına nəzarət edən şəxslər qrupunun əldə etməsi Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi ilə tənzimlənir. Bu tələb emitentin və investorun nizamnamə kapitalı birlikdə minimum əmək haqqının 75 min mislindən çox olmadığı hallara və dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılan və nizamnamə kapitalı minimum əmək haqqının 50 min mislindən az olan səhmdar cəmiyyətlərə aid edilmir.

IV fəsil. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

Maddə 18. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri

1. Qiymətli kağızlarla peşəkar fəaliyyətin aşağıdakı növləri həyata keçirilə bilər:

1.1. broker fəaliyyəti;

1.2. diler fəaliyyəti;

1.3. qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət;

1.4. qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq);

1.5. depozitari fəaliyyəti;

1.6. qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;

1.7. qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət.

2. Hüquqi və fiziki şəxslərin qiymətli kağızlar bazarında fəaliyyəti o vaxt peşəkar hesab edilir ki, o müstəsna olaraq, bu Qanunun IV fəslində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olsun.

3. Kredit təşkilatları qanunvericiliyə uyğun olaraq qiymətli kağızlarla əməliyyatlar apara bilərlər.

4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət həyata keçirən hüquqi və fiziki şəxslərin peşəkar fəaliyyətin bu maddədəki növləri ilə eyni zamanda məşğul olmasına və qiymətli kağızlarla əməliyyat aparılmasına məhdudiyyətlərin qoyulması bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 19. Broker fəaliyyəti

1. Tapşırıq və ya komission müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi (müqavilədə onların səlahiyyəti barədə göstəriş yoxdursa, həmçinin vəkalətnamə əsasında) fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsin onun müştərisinin marağına uyğun və onun hesabına qiymətli kağızlarla mülki-hüquqi əqdləri bağlaması broker fəaliyyəti hesab olunur.

2. Qiymətli kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçısı broker adlanır.

3. Broker komisyoner kimi hərəkət etdiyi halda, komission müqaviləsində qiymətli kağızlara kapital qoymaq üçün nəzərdə tutulmuş və ya qiymətli kağızların satılması nəticəsində əldə edilmiş pul vəsaitinin brokerdə saxlanması haqqında öhdəlik və müqavilə şərtlərinə uyğun olaraq müştəriyə bu pul vəsaitinin qaytarılması vaxtına qədər broker tərəfindən istifadə edilməsi hüququ nəzərdə tutula bilər.

4. Göstərilən vəsaitin istifadə edilməsindən əldə edilmiş və brokerin sərəncamında qalan mənfəətin bir hissəsi müqaviləyə uyğun olaraq müştərinin hesabına keçirilir.

5. Broker saxladığı pul vəsaiti hesabına kapital qoyulmasından əldə edilən gəlirlər barədə müştəriyə zəmanət və vəd verməmək hüququna malikdir.

Maddə 20. Diler fəaliyyəti

1. Hüquqi şəxsin müəyyən qiymətli kağızların alış və (və ya) satış qiymətlərini elan edib, bu qiymətli kağızların elan edilmiş qiymətlər üzrə alınması və (və ya) satılmasını öhdəsinə götürməklə, öz adından və öz hesabına qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlaması diler fəaliyyəti hesab olunur.

2. Qiymətli kağızlar bazarının diler fəaliyyəti həyata keçirən peşəkar iştirakçısı diler adlanır.

Maddə 21. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyət

1. Bu Qanunun məqsədləri üçün, hüquqi və ya fiziki şəxs tərəfindən onun sahibliyinə verilmiş və başqa şəxsə mənsub olan və bu şəxsin və ya həmin şəxsin göstərdiyi üçüncü şəxslərin xeyrinə:

1.1. qiymətli kağızlarının;

qiymətli kağızlara kapital qoyulması nəzərdə tutulan pul vəsaitinin;

1.2. qiymətli kağızların idarə edilməsi zamanı alınan pul vəsaitinin və qiymətli kağızların haqq almaqla öz adından, müəyyən müddət ərzində vəkalətli idarə edilməsi qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət hesab edilir.

2. Qiymətli kağızlar bazarının qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən peşəkar iştirakçısı müdiriyyət (müdir) adlanır.

3. Qiymətli kağızların idarə etməyə verilməsi üzrə fəaliyyətin qaydası, müdiriyyətin (müdirin) hüquqları və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə və müqavilələrlə müəyyən edilir.

Maddə 22. Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq)

1. Qiymətli kağızların göndərilməsi üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (qiymətli kağızlarla əqdlər üzrə məlumatın toplanması, yoxlanması, təshih edilməsi və onlar üzrə mühasibat sənədlərinin hazırlanması) bu öhdəliklərin hesaba alınması və qiymətli kağızlar üzrə hesablaşma aparılması klirinq fəaliyyəti hesab olunur.

2. Qiymətli kağızlar üzrə klirinqi həyata keçirən təşkilatlar, qiymətli kağızlarla əməliyyatlar üzrə hesablaşmalar ilə əlaqədar olaraq, qiymətli kağızlar bazarının onlardan ötrü hesablaşmalar aparılan iştirakçıları ilə onların müqavilələri əsasında qarşılıqlı öhdəliklər müəyyən edilərkən hazırlanmış mühasibat sənədlərini icra üçün qəbul edirlər.

3. Qiymətli kağızlarla əqdlər üzrə hesablaşmaları həyata keçirən klirinq təşkilatının fəaliyyəti normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 23. Depozitari fəaliyyəti

1. Qiymətli kağızların və ya onların sertifikatlarının saxlanması, yaxud uçotu və qiymətli kağızlara olan hüquqların keçməsi üzrə xidmətlər göstərilməsi depozitari fəaliyyəti hesab edilir.

2. Qiymətli kağızlar bazarının depozitari fəaliyyəti həyata keçirən peşəkar iştirakçısı depozitari adlanır.

3. Yalnız hüquqi şəxs depozitari ola bilər.

4. Depozitarinin xidmətlərindən istifadə edən şəxs deponent adlanır.

Depozitari qiymətli kağızlar bazarında bu Qanunun 19, 20, 21 və 25-ci maddələrində göstərilmiş fəaliyyət növləri ilə məşğul ola bilməz.

5. Depozitari və deponent arasında depozitari fəaliyyəti prosesində onların münasibətlərini tənzimləyən müqavilə depozitari müqaviləsi (depo hesabı haqqında müqavilə) adlanır. Depozitari müqaviləsi yazılı formada bağlanmalıdır. Depozitari, bağlanmış depozitari müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, onun tərəfindən həyata keçirilən depozitari fəaliyyətinin şərtlərini təsdiq etməyə borcludur.

6. Depozitari müqaviləsinin bağlanması deponentin qiymətli kağızlara olan mülkiyyət hüququnun depozitariyə keçməsinə səbəb olmur. Depozitarinin depozitari müqaviləsilə nəzərdə tutulmuş, deponentin tapşırığı ilə həyata keçirilən hallardan başqa, deponentin qiymətli kağızları haqqında sərəncam vermək, onları idarə etmək və ya deponentin adından qiymətli kağızlarla istənilən hərəkətləri həyata keçirmək hüququ yoxdur. Depozitarinin deponentlə depozitari müqaviləsi bağlanmasına qiymətli kağızlarla təsbit edilmiş hüquqların hətta birindən deponentin imtina etməsi şərtini qoymaq hüququ yoxdur.

7. Depozitari, onda saxlanılan qiymətli kağızlar sertifikatlarının qorunması üçün mülki hüquqi məsuliyyət daşıyır.

8. Depozitarinin öhdəlikləri üzrə ödəniş deponentin qiymətli kağızlarına yönəldilə bilməz.

9. Depozitari müqaviləsinə aşağıdakı mühüm şərtlər daxil edilməlidir:

9.1. müqavilə predmetinin birmənalı müəyyən edilməsi, qiymətli kağızlar sertifikatlarının saxlanması və (və ya) qiymətli kağızlara olan hüquqların uçotu üzrə xidmətlər göstərilməsi;

9.2. deponentin depozitaridə saxlanan qiymətli kağızları üzrə sərəncam verilməsi haqqında deponentin depozitariyə məlumat verməsi qaydası;

9.3. müqavilənin qüvvədə olduğu müddət;

9.4. müqavilədə nəzərdə tutulmuş depozitari xidmətlərinin ödənilməsinin həcmi və qaydası;

9.5. depozitarinin deponent qarşısında hesabat verməsinin forması və dövrülüyü;

9.6. depozitarinin vəzifələri.

10. Depozitarinin əsas vəzifələri aşağıdakılardır:

    • deponentin qiymətli kağızləri üzrə öhdəliklərin yaranması faktlarının qeydə alınması;
    • deponentin depo hesabının, hesab üzrə hər əməliyyatın tarixini və əsasını göstərməklə, başqa hesablardan ayrı aparılması;
    • bu Qanunun 24-cü maddəsinə uyğun olaraq başqa vəzifələr.

11. Depozitari müqaviləsinə uyğun olaraq, depozitarinin, deponentlərin hesablarına keçirilmək məqsədilə saxlanılan qiymətli kağızlar üzrə gəlirlərin öz hesabına daxil edilməsinə hüququ vardır.

12. Depozitari, qiymətli kağızlara olan hüquqların uçotu üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri-kafi yerinə yetirməsinə görə, o cümlədən depo hesabları üzrə yazıların tamlığı və düzgünlüyünə görə məsuliyyət daşıyır.

Maddə 24. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət

1. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması sistemini təşkil edən göstəricilərin toplanması, qeydə alınması, işlənməsi, saxlanması və verilməsi qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət hesab edilir.

2. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmağa yalnız hüquqi şəxslərin hüququ vardır.

3. Reyestrin aparılması üzrə fəaliyyət emitent və ya onun tapşırığı ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən həyata keçirilə bilər.

4. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirən şəxslər reyestr saxlayıcıları (qeydiyyatçılar) adlanırlar.

5. Təqdim edənə qiymətli kağızlar üçün qeydiyyatçı tərəfindən reyestr aparılmır.

6. Reyestrin aparılması üçün yalnız bir qeydiyyatçı ilə müqavilə bağlanır. Qeydiyyatçı qeyri-məhdud saylı emitentlərin qiymətli kağız sahiblərinin reyestrini apara bilər.

7. Qiymətli kağızların nominal saxlayıcısı — reyestrin aparılması sistemində qeydə alınmış, o cümlədən hüquq sahibinin tapşırığı ilə və onun xeyrinə depozitarinin deponenti olan və bu qiymətli kağızlar barəsində sahib olmayan şəxsdir. Qiymətli kağızların nominal saxlayıcısı reyestri aparan qarşısında hüquq sahibinin vəkili kimi çıxış edir.

8. Qiymətli kağızların nominal saxlayıcısı kimi qiymətli kağızlar bazarının professional iştirakçıları ola bilər.

Depozitari, depozitari müqaviləsinə müvafiq olaraq qiymətli kağızların nominal saxlayıcısı kimi qeydiyyatdan keçə bilər.

Broker, xidmət göstərdiyi müştəri ilə bağladığı müqaviləyə uyğun olaraq qiymətli kağızların nominal saxlayıcısı kimi qeydiyyatdan keçə bilər.

9. Reyestr saxlayıcısı sahibin, yaxud onun adından çıxış edən şəxsin, həmçinin qiymətli kağızların nominal saxlayıcısının tələbi ilə onun şəxsi hesabı üzrə reyestr aparılması sistemindən çıxarış verməyə borcludur.

Reyestr aparılması sistemindən çıxarış şəxsi hesabın sahibini, çıxarış verildiyi ana bu hesabda hər buraxılış üzrə qiymətli kağızların mövcud olan sayını, onlar üzrə öhdəliklərin yaranması faktlarını, həmçinin bu qiymətli kağızlara aid olan digər məlumatı əks etdirən və reyestr saxlayıcı tərəfindən verilən sənəddir.

10. Reyestr saxlayıcısının hüquq və vəzifələri, reyestrin aparılması sahəsində fəaliyyət qaydaları qanunvericiliklə və qeydiyyatçı ilə emitent arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

11. Sahib tərəfindən qiymətli kağızlarla əməliyyatlar aparılmasına dair sərəncam forması və onda göstərilən məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12. Emitent reyestr saxlayıcısını dəyişdiyi halda, bu barədə kütləvi informasiya vasitələrində elan verir, yaxud bütün qiymətli kağız sahiblərinə öz hesabına yazılı bildiriş göndərir.

Maddə 25. Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət

1. Qiymətli kağızlar bazarının iştirakçıları arasında qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlanmasına bilavasitə kömək edən xidmətlərin göstərilməsi qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət hesab olunur.

2. Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı adlanır.

3. Qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı mənfəət əldə etmək məqsədini güdmür, onun fəaliyyətindən alınan bütün gəlirlər müstəsna olaraq öz məqsədləri üçün istifadə edilir və onun təsisçiləri arasında bölüşdürülmür.

4. Qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı istənilən maraqlı şəxsə aşağıdakı məlumatı verməlidir:

4.1. qiymətli kağızlar bazarının iştirakçısının ticarətə buraxılması qaydaları;

4.2. qiymətli kağızların ticarətə buraxılması qaydaları;

4.3. əqdlərin bağlanması və tutuşdurulması qaydaları;

4.4. əqdlərin qeydə alınması qaydaları;

4.5. əqdlərin yerinə yetirilməsi qaydaları;

4.6. qiymətlərlə manipulyasiyanı məhdudlaşdırma qaydaları;

4.7. qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı tərəfindən göstərilən xidmətlərin cədvəli;

4.8. yuxarıda göstərilmiş qaydalara dəyişikliklər və əlavələr edilməsi reqlamenti;

4.9. ticarətə buraxılmış qiymətli kağızların siyahısı.

5. Ticarətin təşkilatçısı tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq bağlanmış hər hansı əqd haqqında istənilən maraqlı şəxsə aşağıdakı məlumat verilir:

5.1. əqdin bağlanması tarixi və vaxtı;

5.2. əqdin predmeti olan qiymətli kağızın adı;

5.3. qiymətli kağızların dövlət qeydiyyatı nömrəsi;

5.4. bir qiymətli kağızın qiyməti;

5.5. qiymətli kağızların sayı.

V fəsil. Fond birjası

Maddə 26. Fond birjası

1. Fond birjası — müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal tədavülü üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilatdır.

Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi, depozitari fəaliyyəti və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyəti, istisna olmaqla digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

2. Fond birjası qapalı səhmdar cəmiyyəti formasında yaradılır.

3. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Qiymətli kağızlar bazarının digər iştirakçıları birjada yalnız birja üzvlərinin vasitəçiləri ilə əməliyyatlar apara bilərlər.

4. Fond birjası öz fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirir.

5. Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təsisçiləri və iştirakçıları ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar sifətində sərbəst iştirak edə bilməzlər.

6. Fond birjası üzvləri arasında, fond birjası üzvləri ilə onların müştəriləri arasında yaranan mübahisələrə məhkəmədə və münsiflər məhkəməsində baxıla bilər.

Maddə 27. Fond birjasının üzvləri

Bu Qanunun IV fəslində göstərilən fəaliyyəti həyata keçirən, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları fond birjasının üzvləri ola bilərlər. Fond birjası üzvlüyünə daxil olmaq, fond birjası üzvlüyündən çıxmaq və xaric edilmək qaydası, habelə fond birjasında üzvlərin fəaliyyətinin qaydaları onun nizamnaməsi və digər daxili normativ aktları ilə müəyyən edilir.

Fond birjasının üzvlərinə aid olan daxili normativ aktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyən edilir.

Maddə 28. Fond birjasının əsas hüquqları və vəzifələri

1. Fond birjası bu Qanunun tələblərinə uyğun olaraq ticarət salonunda əqdlərin bağlanmasının, əqdlər üzrə hesablaşmaların və uçotun qaydasını, fond birjasının fəaliyyətilə əlaqədar olan müxtəlif qaydaları və sənədləri müstəqil işləyib hazırlayır və təsdiq edir.

2. Fond birjası:

2.1. onun üzvlərinin birja əqdlərində iştirakı üçün aldıqları haqdan fond birjasının xeyrinə ayırmaların;

2.2. fond birjası tərəfindən göstərilən xidmətlərə görə fond birjası üzvlərinin verdikləri qəbul və üzvlük haqlarının və başqa ödəmələrin;

2.3. fond birjasının nizamnaməsinin, onda ticarət qaydalarının və fond birjasının digər daxili sənədlərinin tələblərinin pozulmasına görə ödənilən cərimələrin miqdarlarını və yığılması qaydasını müəyyən edir.

3. Fond birjası birjada tədavülə buraxılmış qiymətli kağızların siyahıya daxil edilməsi (listinq) və siyahıdan çıxarılması (delistinq) üsulunu müəyyən edilmiş qaydada müstəqil müəyyən edir.

4. Fond birjası, onun üzvlərinə əqdlərin aparıldığı yer və vaxt haqqında, birjada tədavülə buraxılmış qiymətli kağızların siyahısı və qiymətləri (kotirovkası) haqqında, ticarət sessiyasının nəticələri haqqında xəbər vermək yolu ilə aparılan ticarətin aşkarlığını və açıqlığını təmin etməyə borcludur.

5. Fond birjasının onun üzvləri tərəfindən birja əqdləri bağlanmasına görə yığılan haqqın həcmini müəyyən etmək hüququ yoxdur.

6. Yerləşdirmə və tədavül prosesində bu Qanunla nəzərdə tutulmuş emissiya prosedurunu keçmiş və fond birjası tərəfindən onun daxili sənədlərinə uyğun olaraq birjada tədavülə buraxılmış qiymətli kağızlar siyahısına daxil edilmiş qiymətli kağızlar fond birjasında tədavülə buraxılır.

Maddə 29. «Fond birjası» ifadəsindən istifadə edilməsi

Yalnız qiymətli kağızlarla birja aparılması hüququ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada xüsusi razılıq almış fond birjası öz adında «Fond birjası» sözlərindən istifadə edə bilər.

VI fəsil. Yekun müddəalar

Maddə 30. Qiymətli kağızlar bazarında xidməti məlumatdan istifadə edilməsi

1. Bu Qanunun məqsədləri üçün emitent və onun tərəfindən buraxılmış qiymətli kağızlar haqqında kütləvi olmayan (hamı üçün nəzərdə tutulmayan), məlumata malik olan şəxsləri öz xidməti vəziyyəti, əmək vəzifələri və ya emitentlə bağlanmış müqavilə səbəbindən qiymətli kağızlar bazarının digər subyektləri ilə müqayisədə üstün vəziyyətə qoyan hər hansı məlumat xidməti məlumat hesab edilir.

2. Xidməti məlumata malik olan şəxslərin bu məlumatdan əqdlər bağlamaq üçün istifadə etmək, həmçinin xidməti məlumatı əqdlər bağlamaq üçün üçüncü şəxslərə vermək hüququ yoxdur.

3. Bu tələbi yerinə yetirməyən şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.

Maddə 31. Qiymətli kağızlar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

1. Bu Qanunun və qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarının pozulmasına görə şəxslər Azərbaycan Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.

2. Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində dəyən zərər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilməlidir.

3. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, reklamda təqdim edilən məlumat da daxil olmaqla, qiymətli kağızlar, emissiya qiymətli kağızlarının emitentləri, qiymətli kağızların qiymətləri haqqında qəsdən təhrif olunmuş məlumat təqdim etmək yolu ilə qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya etmək və qiymətli kağızları almaq və satmaq üçün məcbur etmək hüququ yoxdur.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən göstərilən hərəkətlərin edilməsi onlara verilmiş xüsusi razılığın dayandırılması və ya ləğv edilməsi üçün əsasdır.

4. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya edilməsi faktı məhkəmə qaydasında müəyyən edilir.

5. Qiymətli kağızların haqsız emissiyasını həyata keçirən emitentlərə qarşı müvafiq icra hakimiyyəti orqanı:

5.1. haqsız emissiya nəticəsində buraxılmış qiymətli kağızların bundan sonrakı yerləşdirilməsinin dayandırılması üçün tədbirlər görür;

5.2. haqsız emissiya faktı və haqsız emissiya nəticəsində buraxılmış qiymətli kağızların yerləşdirilməsinin dayandırılması üçün əsaslar haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir;

5.3. emitent tərəfindən qiymətli kağızların haqsız emissiyası ilə əlaqədar olan pozuntuların aradan qaldırıldığı halda qiymətli kağızların sonrakı yerləşdirilməsinə icazə verilməsi haqqında yazılı göstəriş verir.

6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyat orqanının tələbi ilə, həmçinin qiymətli kağızlar bazarı sahəsində tənzimləmə funksiyalarını həyata keçirən digər dövlət orqanlarının tələbləri ilə qiymətli kağızların buraxılışı etibarsız hesab edilə bilər.

7. Qiymətli kağızlar buraxılışının etibarsız hesab edilməsi qiymətli kağızların qeydə alınmasının və ya emissiyasının müəyyən edilmiş qaydasının pozulması ilə buraxılmış qiymətli kağızların tədavüldən çıxarılmasına və qiymətli kağızların ödənilməsi hesabına emitentin aldığı pul vəsaitinin (başqa əmlakın) sahiblərə qaytarılmasına səbəb olur.

8. Qiymətli kağızlar bazarında xüsusi razılıq olmadan peşəkar fəaliyyətinin aparılması qeyri-qanunidir.

9. Qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının, qiymətli kağızların emitentlərinin həmçinin, onların vəzifəli şəxslərinin müvafiq icra hakimiyyəti orqanının qiymətli kağızlar haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasını aradan qaldırmaq və məsuliyyət tədbirləri tətbiq etmək barədə hərəkətlərindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət etmək hüququ vardır.

Maddə 32. «Qiymətli kağızlar və fond birjaları haqqında» Qanunun qüvvədən düşməsi

«Qiymətli kağızlar və fond birjaları haqqında» 24 noyabr 1992-ci il tarixli, 383 saylı Azərbaycan Respublikasının Qanunu bu Qanunun qüvvəyə mindiyi gündən qüvvədən düşür.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 iyul 1998-ci il

№ 523-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 sentyabr 1998-ci il, № 218) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1998-ci il, № 9, maddə 566) («LegalActs» LLC).

23 dekabr 2003-cü il tarixli, 566-IIQD nömrəli Qanuna əsasən quvvədən düşmüşdür ( «LegalActs» LLC).

© LegalActs LLC