İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında


Relizin Tarixi: 03.03.2023

İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında

İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapır.

Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Dövlət Proqramı hazırlanmışdır. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 1998-ci il 22 fevral tarixli Fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq qərara alıram:

1. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 18 iyun 1998 –ci il

№ 832

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 409) («LegalActs»).

9 yanvar 2004-cü il tarixli, 12 nömrəli; 27 sentyabr 2006-cı il tarixli, 466 nömrəli; 14 avqust 2020-ci il tarixli, 2211 nömrəli; 29 yanvar 2021-ci il tarixli, 2465 nömrəli; 3 mart 2023-cü il tarixli 3782 nömrəli Fərmanlara və Sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs»).


Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 18 iyun tarixli, 832
saylı Sərəncamı ilə
təsdiq edilmişdir.

İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı

Tədbirlər

İcra müddəti

İcra orqanları

1.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin təbliğ edilməsi

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2.

Qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası

3.

Azərbaycan Respublikasının qoşulduğu insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının yuxarıda göstərilən beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi

4.

Azərbaycan Respublikasının BMT-nin 1976-cı il 23 mart tarixli «Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt»ının birinci fakultativ protokoluna, BMT-nin 1989-cu il 15 dekabr tarixli «Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt»ının ikinci fakultativ protokoluna, BMT-nin 1990-cı il 18 dekabr tarixli «Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında» Beynəlxalq Konvensiyasına və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulması üçün müvafiq tədbirlərin görülməsi

1998-ci il

Nazirlər Kabineti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

5.

İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması

1998-ci il

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

6.

İnsan hüquqları üzrə elmi tədqiqat institutunun yaradılması

1998-ci il iyul

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

7.

İnsan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması

Mütəmadi

Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

8.

İnsan hüquqları və azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması

Mütəmadi

Elm və Təhsil Nazirliyi

9.

İnsan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə, digər təsisatlarda müvafiq tədqiqat, təhsil və təcrübə proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi

1998—1999-cu illər

Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi

10.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunda, Polis Akademiyasında məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri üçün insan hüquqlarına dair tədrisin təmin edilməsi

Mütəmadi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi

11.

Ali və orta ixtisas məktəbləri, orta ümumtəhsil məktəbləri üçün insan hüquq və azadlıqlarına dair mövzuların öyrənilməsi üçün tədris yükünün müəyyən edilməsi və tədris vəsaitlərinin nəşri

1998—1999-cu tədris ili

Təhsil Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi

12.

İnsan hüquqlarına dair məktəblilər və tələbələr üçün olimpiadaların, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi

Mütəmadi

Elm və Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

13.

Respublikanın Mərkəzi kitabxanalarının insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə və bu sahədə olan nəşrlərlə təmin edilməsi

Mütəmadi

Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

14.

Azərbaycan Respublikasının qoşulduğu insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların, aktların, sazişlərin Azərbaycan dilində dərc olunması

1998—1999-cu illər

Xarici İşlər Nazirliyi

15.

İnsan hüquqlarının müdafiəsinə dair ixtisaslaşmış qəzet, jurnal, kitabça və plakatların nəşri, onların yayılması

Mütəmadi

Mətbuat və İnformasiya Nazirliyi

16.

İnsan hüquqları sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi, insan hüquq və azadlıqlarının pozulması hallarının aradan qaldırılması üçün təkliflərin hazırlanması

Mütəmadi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

17.

Törətdikləri cinayət əməllərinə görə xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycanda cəza çəkən xarici vətəndaşların cəzalarını çəkmək üçün mənsub olduqları ölkələrə verilməsinə dair müvafiq sazişlərin bağlanması sahəsində tədbirlərin görülməsi

Mütəmadi

Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

18.

İstintaq təcridxanalarında və islah-əmək müəssisələrində azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi

1998-ci il dekabr

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

19.

Məhkumların beynəlxalq tələblərə uyğun saxlanması üçün yeni islah-əmək müəssisələrinin inşa edilməsi sahəsində tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi

1998-ci il avqust

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

20.

Avropa Şurası, Avropa komissiyası, ATƏT-in insan hüquqlarına dair demokratik təsisatlar bürosu, Beynəlxalq Amnistiya, İnsan hüquqlarını müşahidə edən Helsinki Təşkilatı, habelə insan hüquqları sahəsində fəaliyyət göstərən digər təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

Mütəmadi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

21.

Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-dövlət hüquq müdafiə təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi

22.

Uşaqların hüquqlarının qorunması, təlim-tərbiyəsinin yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramının hazırlanması

1999-cu il

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi

23.

Kütləvi informasiya vasitələri və qeyri-dövlət təşkilatlarının nümayəndələri üçün insan hüquqlarına dair seminarların keçirilməsi

1998-ci il

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti

24.

Kütləvi informasiya vasitələrində insan hüquqları sahəsində məsələlərin işıqlandırılması

Mütəmadi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti

25.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mədəniyyət və Turizm Nazirliyi

26.

İnsan hüquqlarının kütləvi şəkildə pozulması hadisəsi kimi azərbaycanlıların repressiyası, soyuqırımı və deportasiyası haqqında sənədli, bədii filmlərin çəkilişi və digər sənət əsərlərinin, o cümlədən monumental əsərlərin yaradılması

Mütəmadi

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, Baş Arxiv İdarəsi

27.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi

1998—1999-cu il

Nazirlər Kabineti, Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

28.

Qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması

1998-ci il dekabr

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi

29.

Ermənistan işğalçılarına qarşı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, müharibə veteranlarının, 4 oktyabr 1994-cü il və 13-17 mart 1995-ci il tarixlərdə baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və həlak olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

30.

«1998 — 2001-ci illər üçün əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası» sahəsində Dövlət Proqramının hazırlanması

1998-ci il dekabr

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

31.

Sahibkarların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi sahəsində əlavə tədbirlərin müəyyən edilməsi

1998-ci il dekabr

Nazirlər Kabineti, Dövlət Antiinhisar və Sahibkarlığa Kömək Komitəsi, Ədliyyə Nazirliyi

32.

Ölkədə işsizliyin azadılması məqsədi ilə xüsusi Dövlət Proqramının hazırlanması

1999-cu il fevral

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

33.

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə 13.06.1996-cı il tarixli Qanuna əsasən 1 avqust 1998-ci il tarixdən etibarən pensiyaların artırılması məqsədilə əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiyalarının hesablanması üçün həmin şəxslərin işləmiş olduqları xalq təsərrüfatı sahələri üzrə orta aylıq əmək haqqının müəyyən olunması barədə təkliflərin hazırlanması

1998-ci il

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

34.

Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Mülki və Mülki-Prosessual Məcəllələrinin təkmilləşdirilməsi məqsədi ilə qanun layihələrinin hazırlanması

1998-ci il

Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası

35.

«Prokurorluq haqqında», «Vəkillik haqqında», «Notariat haqqında» Qanun layihələri üzrə işin tamamlanması, «Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanları haqqında» Qanun layihəsinin hazırlanması

1998-ci il

Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası

36.

Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasının müddəalarının kütləvi informasiya vasitələri ilə geniş əhali kütləsinə çatdırılması

Mütəmadi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti

37.

Vətəndaşların həmsərhəd dövlətlərin ərazisinə gediş-gəliş proseduralarının sadələşdirilməsi məqsədi ilə həmsərhəd dövlətlərlə müvafiq sazişlərin bağlanması üzrə tədbirlərin görülməsi

Mütəmadi

Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi

38.

Dövlət sərhəddinin buraxılış məntəqələrində nəzarəti həyata keçirən orqanlar tərəfindən yoxlama proseduralarının sadələşdirilməsi və bu məqsədlə həyata keçirilən nəzarətin bütün növlərini nizama salan vahid qaydaların hazırlanması

1998-ci il

Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi

39.

Dövlət sərhəddinin qorunması üzrə rejim tədbirləri nəzərə alınmaqla vətəndaşların sərhədboyu zonaya daxil olmaları, orada olmaları və yaşamaları üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin aradan qaldırılması məsələsinə baxılması

1999-cu il

Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi

40.

Azərbaycan Respublikası Prezidentinin «Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında» 1998-ci il 16 aprel tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi

1998-ci il

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

41.

BMT-nin «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin 50 illiyi münasibəti ilə yubiley tədbirlərinin keçirilməsi

1998-ci il noyabr—dekabr

Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

42.

BMT-nin 1948-ci il 10 dekabr tarixli «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin nəşri və yayılması

1998-ci il noyabr

Mətbuat və İnformasiya Nazirliyi


© LegalActs