Azərbaycan Respublikasının fəxri adları haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 1998-ci il, № 5, maddə 312)

Relizin Tarixi: 19.04.2000

Azərbaycan Respublikasının fəxri adları haqqında

Azərbaycan Respublikasının fəxri adları haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tariximizin sovet dövründə ümumittifaq miqyasında olan fəxri adlarla yanaşı, respublikamızda müxtəlif sahələrə aid fəxri adlar da olmuşdur. Belə ki, 1928—78-ci illərdə Azərbaycanda «Azərbaycan SSR xalq artisti», «Azərbaycan SSR xalq yazıçısı», «Azərbaycan SSR əməkdar elm xadimi», «Azərbaycan SSR əməkdar müəllimi», «Azərbaycan SSR əməkdar səhiyyə işçisi» 3 başqa fəxri adlar təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə isə 45 fəxri ad müəyyən edilmişdir.

Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, elm və təhsilin, iqtisadiyyatın inkişafında böyük xidmətləri olan bir sıra şəxslər həmin illərdə müxtəlif fəxri adlara layiq görülmüşlər.

Azərbaycan öz müstəqilliyini bəyan etdikdən sonra fəxri adlara dair heç bir xüsusi hüquqi sənəd qəbul olunmamışdır. Buna baxmayaraq, 1991—93-cü illərdə müstəqil Azərbaycan Respublikasında sovet dövrü fəxri adlarının verilməsi davam etdirilmişdir. Yalnız 1993-cü il iyunun 24-dən sonra hüquqi əsası olmayan bu praktikaya son qoyulmuş və heç bir fəxri ad verilməmişdir.

Müstəqil respublikamızda mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahələrinin inkişafında, ümumiyyətlə ölkənin tərəqqisi yolunda böyük nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, müxtəlif təşkilatların, ayrı-ayrı vətəndaşların bu məsələ ilə əlaqədar çoxsaylı müraciətlərini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahələrində Azərbaycan Respublikasının aşağıdakı fəxri adları təsis edilsin:

xalq yazıçısı;

xalq şairi;

xalq artisti;

xalq rəssamı;

əməkdar elm xadimi;

əməkdar incəsənət xadimi;

əməkdar artist;

əməkdar rəssam;

əməkdar mədəniyyət işçisi;

əməkdar müəllim;

əməkdar həkim;

əməkdar memar.

2. Bu Fərman imzalandığı günə qədər verilmiş fəxri adlar onları almış şəxslər üçün öz qüvvəsini saxlayır və müstəqil Azərbaycan Respublikasının fəxri adları hesab olunur.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə» layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 22 may 1998-ci il

№ 706

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 1998-ci il, № 5, maddə 312) («LegalActs»).

19 aprel 2000-ci il tarixli, 322 nömrəli fərmana əsasən dəyişikliklərlə («LegalActs»).

© LegalActs