Sərbəst mühasib fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında


Relizin Tarixi: 20.04.1998

Sərbəst mühasib fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Sərbəst mühasib fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının
təsdiq edilməsi haqqında

Qərar № 87

Bakı şəhəri, 20 aprel 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Sərbəst mühasib fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, № 4, maddə 295) («LegalActs»).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 20 aprel tarixli
87 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sərbəst mühasib fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və sərbəst mühasib fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») aşağıdakı fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1. sərbəst mühasibat fəaliyyəti.

Hüquqi, yaxud fiziki şəxslərin fəaliyyəti çox profilli (yönümlü) olduqda, onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;*
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*.

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədlərin surəti;

2.1.7. Azərbaycan Respublikası ərazisində sərbəst mühasib fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almaq istəyən şəxsin ali və ya orta ixtisas təhsil məktəblərini bitirməklə iqtisad təhsili olmalıdır.

Ali iqtisad təhsili olanların mühasibat uçotu sahəsində ən azı üç il iş stajı olmalıdır.

Orta ixtisas təhsili üzrə iqtisad təhsili olanların mühasibat uçotu sahəsində ən azı beş il iş stajı olmalıdır.**

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən dövlət qeydiyyatı şəhadətnaməsi qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Lisenziya beş il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziyalarla ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyət növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6—2.1.7 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri bu fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. sərbəst mühasib müqavilələr əsasında tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir və ya bir neçə müəssisədə mühasibat xidmətinə rəhbərlik etmək, mühasibat uçotu əməliyyatları aparmaq, mühasibat uçotuna dair məsləhətlər vermək və mühasibat uçotu ilə bağlı digər işləri yerinə yetirmək hüququna malikdir.

Sərbəst mühasib öz fəaliyyətini yerinə yetirərkən mühasibat uçotu ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik aktlarının, mühasibat uçotu standartlarının və digər normativ sənədlərin tələblərinə əməl etməlidir.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən əlavə məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərər qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu barədə müvafiq qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 5 gün müddətində bu haqda lisenziya sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və ya sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


© LegalActs