Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və istismarına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1998-ci il, № 3, maddə 205)

Relizin Tarixi: 10.03.1998

Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və istismarına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin,
partlayış mühafizəli avadanlıqların,
qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının,
dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları
nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və
təzyiq altında işləyən istilik qazanlarının və qablarının,
ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və
istismarına xüsusi razılıq (lisenziya) verilməsi
Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 50

Bakı şəhəri, 10 mart 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və istismarına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1998-ci il, № 3, maddə 205) («LegalActs» LLC).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 10 mart tarixli
50 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin,
partlayış mühafizəli avadanlıqların,
qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının,
dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları
nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və
təzyiq altında işləyən istilik qazanlarının və qablarının,
ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və
istismarına xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında», «Yerin təki haqqında», «Əməyin mühafizəsi haqqında», «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikasının Qanunlarına və həmin qanunlara uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və istismarına xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra Dövlətdağtexnəzarət Komitəsi) tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») bu Qaydaların əlavəsində göstərilən fəaliyyət növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

Ayrı-ayrı fəaliyyət növləri əlavədə göstərilir.

Həmin əlavədə göstərilən hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir.

Ərizəçilərin fəaliyyəti çox profilli (yönümlü) olduqda onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Dövlətdağtexnəzarət Komitəsinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, pasport məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər:

  • təhlükə potensiallı fəaliyyət növünü həyata keçirən müəssisələrin və məntəqələrin yerləşdiyi ərazidə müvafiq təsərrüfat və sənaye sahələri üzrə qüvvədə olan texniki təhlükəsizlik qaydalarının və normativ aktların tələblərinə cavab verən, ətraf mühitin və əhalinin mühafizəsini təsdiqləyən layihə və digər texniki sənədləri;
  • lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növləri üzrə ərizəçilərin və yaxud onların mütəxəssislərinin, işçi heyətlərinin müvafiq ixtisasa malik olmaları haqqında rəsmi sənədlərin (vəsiqələrin) surətləri;
  • təhlükə potensiallı istehsalat və təsərrüfat sahələrində istehsal edilən və istifadə olunan partlayış-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların layihələri və uyğunluq sertifikatlarının surətləri.

Dövlətdağtexnəzarət Komitəsi, hüquqi və yaxud fiziki şəxsin lisenziyalaşdırılmış fəaliyyət növünə başlaması üçün lisenziyaların alınması ilə əlaqədar təqdim olunmuş layihə və texniki sənədlərin ekspertizadan keçirilməsi; onun texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini tələb edə bilər.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlətdağtexnəzarət Komitəsi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlətdağtexnəzarət Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin pasport məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Dövlətdağtexnəzarət Komitəsinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Dövlətdağtexnəzarət Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlətdağtexnəzarət Komitəsinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və ya idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, pasport məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

Lisenziyanın şərtləri lisenziya blanklarında, yaxud lisenziya blankında tamamilə yerləşmirsə, onlar blanka qoyulmuş xüsusi vərəqlərdə göstərilirlər.

3.2. Lisenziya Dövlətdağtexnəzarət Komitəsinin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və Dövlətdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Hər bir fəaliyyət növü üçün lisenziyanın müddəti bu Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Dövlətdağtexnəzarət Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6—2.1.7 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Dövlətdağtexnəzarət Komitəsi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Dövlətdağtexnəzarət Komitəsi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Dövlətdağtexnəzarət Komitəsinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər, qəza və bədbəxt hadisələr haqqında dolğun məlumatların vaxtında (24 saat ərzində) Dövlətdağtexnəzarət Komitəsinə çatdırılmasına;

6.1.2. konkret fəaliyyət növünün həyata keçirilməsi ilə əlaqədar müvafiq qayda və normaların tələblərinə əməl edilməsinə;

6.1.3. təhlükə potensiallı istehsalatların, obyektlərin (işlərin) təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlərin vaxtında təşkil edilməsinə və yerinə yetirilməsinə;

6.1.4. lisenziyalaşdırılmış fəaliyyət növünün özünə məxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsinə;

6.1.5. lisenziyanın fəaliyyət çərçivəsini müəyyən edən və icrası məcburi olan, yüksək təhlükə potensiallı müxtəlif təsərrüfat və sənaye sahələrində işlərin səmərəliyi və texniki təhlükəsizliyi üzrə qüvvədə olan hüquqi və normativ aktların tələblərinin təmin olunmasına;

6.1.6. obyektin maddi-texniki bazasının vəziyyəti, binaların (qurğuların) texniki təhlükəsizlik tələblərinə cavab verməsinə;

6.1.7. işlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət sisteminin təşkil olunmasına;

6.1.8. mütəxəssislərin ştat sayının uyğunluğuna;

6.1.9. cihazların və qurğuların metroloji attestasiya olunmasına;

6.1.10. Dövlətdağtexnəzarət Komitəsi tərəfindən yerin təkinin səmərəli istifadəsi və texniki təhlükəsizlik üzrə təsdiq edilmiş yeni qayda və normalar ərizəçilərə çatdırıldıqdan sonra, hüquqi və fiziki şəxslər həmin qayda və normaların tələblərinə uyğun gəlməyən çatışmazlığı müəyyən etməyə, onların ləğv edilməsi üçün müvafiq tədbirlərin yerinə yetirilməsinə və həyata keçirilmiş tədbirlər barəsində məlumatların Dövlətdağtexnəzarət Komitəsinə çatdırılmasına.

İstehsalatın və təsərrüfatın təhlükəsizliyi üçün əvvəllər məlum olmayan əlamətlər müəyyən olunarsa, Dövlətdağtexnəzarət Komitəsi və onun müvafiq orqanları lisenziyaya lazımi dəyişikliklərin edilməsi və yaxud yeni lisenziya şərtlərinin müəyyən olunmasını tələb edə bilərlər.

Lisenziyaya dəyişiklik lisenziya sahibinin təşəbbüsü və ya Dövlətdağtexnəzarət Komitəsinin tələbi ilə lisenziya şərtlərinin dəyişdirilməsi üsulu ilə də edilə bilər.

Ərizəçilər, lisenziyalaşdırılmış fəaliyyət növləri üzrə şərtlərin pozulması və lisenziya almaq məqsədilə verilmiş məlumatların doğruluğu üçün cavabdehlik daşıyırlar.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Dövlətdağtexnəzarət Komitəsinin yerli və müvafiq sənaye sahələri üzrə müfəttişlikləri həyata keçirirlər.

6.3. Nəzarət qaydasında Dövlətdağtexnəzarət Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən əlavə məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlətdağtexnəzarət Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Dövlətdağtexnəzarət Komitəsinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Dövlətdağtexnəzarət Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Dövlətdağtexnəzarət Komitəsi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Dövlətdağtexnəzarət Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlətdağtexnəzarət Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Dövlətdağtexnəzarət Komitəsi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Dövlətdağtexnəzarət Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Dövlətdağtexnəzarət Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Dövlətdağtexnəzarət Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Dövlətdağtexnəzarət Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 10 mart tarixli
50 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələndirilməsinə, tikintisinə və istismarına xüsusi razılıq (lisenziya) verilməsi tələb olunan fəaliyyət növlərinin
siyahısı və lisenziyanın müddəti

1. Layihələndirmə, tikilmə və istismar üzrə:

1.1. Dağ-mədən istehsalatları və obyektləri:

    • faydalı qazıntı yataqlarının açıq və yeraltı üsulla istismarında dağ-mədən işləri;
    • partlayıcı və radioaktiv materiallar və cihazlar vasitəsi ilə aparılan dağ-mədən işləri;
    • qaz və toz sıxlığı yüksək olan mühitdə təhlükə potensiallı işlər;
    • yerin təkindən qəflətən püskürmə təhlükəsi ehtimalı olan sahələrdə aparılan işlər;
    • dağ zərbə təhlükəsi olan sahələrdə aparılan işlər;
    • lil və subasma (yuyub aparma) təhlükəli sahələrdəki işlər;
    • su hövzələrində aparılan dağ, dağ-istismar işləri;
    • təzyiqli su qatları, lil, subasma ehtimalı olan sahələrdə yataqların işlənməsi;
    • yüksək seysmik zonalarda, faydalı qazıntı yataqlarının işlənməsi;
    • özü-özündən yanma ehtimalı olan, faydalı qazıntı yataqlarının işlənməsi;
    • yüksək dağ təzyiqinə malik olan sahələrdə yeraltı dağ işlərinin aparılması və faydalı qazıntı yataqlarının işlənməsi;
    • sahələrin, qəsəbələrin, yaşayış məntəqələrinin, sənaye komplekslərinin, ayrı-ayrı müəssisələrin, binaların, qurğuların və su təminatı obyektlərinin, həmçinin magistral neft, qaz məhsulunu nəql edən ötürücü boru kəmərlərinin işlənməsi;
    • zərərli, kimyəvi və zəhərləyici maddələri istehsal edən obyektlərin və saxlanılan qabların işlənməsi;
    • mürəkkəb dağ-geoloji şəraitdə faydalı qazıntı yataqlarının işlənməsi;
    • karxana kənarlarında (bortlarında) pillələrin uçması və tullantı dağ süxurları yığımının sürüşməsi ehtimalı olan yerlərdə və həmçinin mürəkkəb dağ-geoloji və hidrogeoloji şəraitdə faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsi;
    • faydalı qazıntı yataqlarının eyni vaxtda, həm açıq, həm də yeraltı üsullar ilə işlənməsi;
    • hidrotexniki, nəqliyyat və xüsusi tikinti obyektləri üzrə;
    • dağ-mədən istehsalatlarında qalıq və şlam (zənginləşdirilmiş filiz xırdası) anbarları.

Yuxarıda qeyd olunan ayrı-ayrı fəaliyyət növlərinə lisenziya 5 il müddətinə verilir.

1.2. Nef və qaz istehsalı obyektləri:

    • neft və qaz yataqlarının, termal su yataqlarının işlənməsi;
    • yeraltı qaz, neft və neft məhsulları anbarları.

Bu obyektlərin layihələndirilməsi və tikilməsi üzrə fəaliyyət növlərinə lisenziya 5 il, istismar üzrə 3 il müddətinə verilir.

1.3. Neft, qaz məhsulunu nəql edən magistral boru kəmərləri.

Bütün fəaliyyət növlərinə lisenziya 5 il müddətinə verilir.

1.4. Qaz təsərrüfatı obyektləri:

    • şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin (məntəqə arası xətləri də nəzərə almaqla) qaz ötürücü kəmərləri;
    • qaztənzimləyici məntəqə və qurğular, sıxılmış təbii qazı yanacaq məqsədi kimi istifadə edən sənaye, kənd təsərrüfatı və digər müəssisələr, qazdoldurma stansiya və müəssisələri (məntəqələri), avtomobil qazdoldurma daimi stansiyaları, maye qaz çənləri və qruplaşdırılmış maye qaz ballon qurğuları.

Bu obyektlərin layihələndirilməsi və istismarı üzrə fəaliyyət növlərinə lisenziya 5 il, tikilməsi üzrə — 3 il müddətinə verilir.

2. Layihələndirmə və istismar üzrə:

2.1. Metallurgiya istehsalatları və obyektləri:

    • domna, poladəridən, ferroərinti, prokat (yayma), kokskimya, alüminium, mis-nikel, kobalt, titan-maqnezium, qurğuşun-sink, qalay, yarımkeçirici materiallar, (germanium və silisium), bərkərinti, kükürd, metal tozları;
    • yuxarıda qeyd olunan istehsalatlarda istifadə olunan hava, hidrogen, xlor, ammonyak məhsullarının işlədilməsi, alınması, ayrılması, saxlanması.

Yuxarıda qeyd olunan ayrı-ayrı fəaliyyət növlərinə lisenziya 5 il müddətinə verilir.

2.2. Kimya, neftkimya, neft və qazayıran, kimya-əczaçılıq, mikrobioloji və eləcə də partlayış təhlükəli toz-hava və ya buxar-hava qarışığı yarada bilən zəhərləyici maddələrin işlədilməsi və saxlanması ilə bağlı digər partlayış-yanğın təhlükəli istehsalat və obyektlər.

Layihələndirmə üzrə fəaliyyət növlərinə lisenziya 5 il, istismarına 3 il müddətinə verilir.

2.3. Qaldırıcı qurğular:

    • Yük qaldıran kranlar, buruq qaldırıcıları, liftlər, ekskalatorlar, funikulyorlar, asma yük və sərnişin kanat yolları.

Layihələndirmə üzrə fəaliyyət növlərinə lisenziya 5 il, istismarına 3 il müddətinə verilir.

2.4. Təzyiq altında işləyən qazanlar, qablar və boru kəmərləri:

    • təzyiq altında işləyən buxar qazanları;
    • su qızdırıcı qazanları və tutumlar;
    • buxar və isti su nəql edən kəmərlər.

Layihələndirmə üzrə fəaliyyət növlərinə lisenziya 5 il, istismarına 3 il müddətinə verilir.

2.5. Taxıl və dən məhsulları istehsalı (unüyütmə) və saxlanması üzrə: dəyirmanlar, elevatorlar, silos tipli anbarlar, qarışıq yem və yarma zavodları.

Bütün fəaliyyət növlərinə lisenziya 5 il müddətinə verilir.

2.6. Partlayış materiallarının, radioaktiv maddələrin və ionizə şüaları verən təhlükəli maddələrin yüklənmə-boşaltma məntəqələri və anbarları.

Layihələndirmə üzrə fəaliyyət növlərinə lisenziya 5 il, istismarına 2 il müddətinə verilir.

3. İstehsalı və təmiri üzrə:*

3.1. Neftqazçıxaran və dağ-mədən istehsalat sahələrində, magistral boru kəməri nəqliyyatında və geoloji-kəşfiyyat işlərində istifadə olunan avadanlıqlar:

    • buruq qurğuları, quyuların əsaslı və yeraltı təmiri qurğuları, püskürmə əleyhinə avadanlıqlar, quyu ağzını hermetikləşdirmək üçün armaturalar və tərtibatlar, fontan armaturaları, neftçıxarma üçün nasos qurğuları, səyyar kompressor və nasos qurğuları, sementləmək və yuyucu aqreqatlar, avtosisternalar və turşu daşıyan nəqliyyatlar, qruplaşmış ölçü qurğuları, texnoloji avadanlıqlar, cəmləşmiş blok tipli nasos və kompressor stansiyaları, qaldırma-endirmə əməliyyatları üçün alət və avadanlıqlar, nəzarət və tənzimləmə cihazları, buruq qurğularının yığılması, qaldırılması üçün texnoloji avadanlıq və qaldırıcı mexanizmlər, quyularda geofiziki tədqiqat və sınaq üçün avadanlıq, aqreqat və alətlər;
    • quyularda deşmə-partlayış işləri üçün aparat və avadanlıqlar (perforatorlar, partlayıcı və radioaktiv maddələr əlavə olmaqla), partlayıcı paketlər, yana vuran süxur götürücüləri, fuqaz torpedləri və dairəvi borukəsənlər, kumulyativ torpedlər, karotaj qaldırıcıları, perforator stansiyalarının laboratoriyaları, partlayıcı maddələr dolduran səyyar emalatxanalar;
    • quyuları yumaq üçün qurğu və avadanlıqlar (bərk faydalı qazıntılara görə sutuncuqlu qazıma üçün nasos qurğuları);
    • sutuncuqlu qazmalar üçün borular;
    • magistral kəmərlər üçün borular, avadanlıqlar, bağlayıcı-tənzimləyici armaturalar, nəzarətedici və tənzimləyici cihazlar.

Bu yarımbəddə göstərilən istehsal üzrə fəaliyyət növünə lisenziya 5 il, təmir üzrə 3 il müddətinə verilir.

3.2. Partlayışdan mühafizə olunmuş elektrotexniki avadanlıqlar:

    • nəzarət altında olan sənaye sahələri üçün I və II qrup partlayışdan mühafizə olunmuş elektroavadanlıqlar.

3.3. Normal mədən icralı elektroavadanlıqlar, o cümlədən:

    • işə saldırıcı, partlayıcı, mühafizə aparatları və qurğuları;
    • transformatorlar, transformator yarımstansiyaları və partlayıcı komplekt qurğular;
    • güc elektroavadanlıqları və qaldırıcı qurğuların mühafizə və xəbərdarlığı üçün komplektləşdirilmiş aparatlar.

3.4. Yüksək təhlükəli dağ-şaxta avadanlıqları, o cümlədən komplektləşdirilmiş partlayışdan mühafizəli elektroavadanlıqlar:

    • təmizləyici və qazıb keçmə kompleksləri, o cümlədən aqreqat və kombaynlar;
    • şaxta lülələrinin və hasil edilmiş mədən yerlərinin keçilməsi üçün maşın və komplekslər;
    • mexanikləşdirilmiş dayaqlar və bağlayıcı dayaqlar;
    • hamarlayan qurğular;
    • yaran maşınlar;
    • yükləyici maşınlar;
    • sərnişin və yük daşıyan lentli konveyerlər;
    • quyudibi konveyerlər;
    • yeraltı işlərdə istifadə olunan qoruma və digər bucurqadlar (lebedka);
    • səyyar şaxta kompressorları;
    • mədən elektrovozları və dizelevozları;
    • özü hərəkət edən vaqonetkalar və bölməli qatarlar;
    • dizellə hərəkətə gətirilən maşınlar;
    • sərnişin vaqonetkaları;
    • qaldırıcı şaxta maşınları və qaldırıcı qurğular, kanatlar;
    • yeraltı liftlər;
    • qaz və ya toz təhlükəsi yaranan mədənlərdə əsas və yerli havatəmizləyicilər;
    • fərdi mühafizə vasitələri;
    • yeraltı mədənlərdə istifadə olunan digər nəqliyyat vasitələri, qurğuları, avadanlıqları, cihazları, maşın və mexanizmləri.

3.2, 3.3, 3.4 yarımbəndlərində göstərilən istehsal və təmir üzrə fəaliyyət növlərinə lisenziya 5 il müddətinə verilir.

4. İstehsal, təmir* və quraşdırma (montaj) üzrə**:

4.1. Kimya, neftkimya, neft- və qazayıran istehsalatlar, həmçinin mikrobiologiya, səhiyyə, yeyinti, yüngül və sənayenin digər partlayış-yanğın təhlükəli, zərərli, zəhərləyici və aqressiv mühiti üçün avadanlıqlar, qablar, aparatlar, mayeləşdirilmiş qazın saxlanması üçün müxtəlif növ çənlər və balonlar, mühafizə və avtomat cihazları və digər növ maşın və mexanizmlər:

    • kolon aparatları, istilik tənzimləyiciləri, qurucular, o cümlədən quruducu silindrik barabanlar, hərlənən sobalar və utilizasiya qazanları; fiziki-kimyəvi proseslər üçün aparatlar (kimya istehsalı üçün peçlər, buxarlandırıcı aparat və qurğular, kristallaşdırıcılar, ekstraktorlar, elektrolizlər, ozonator avadanlıqları, hava qurudanlar, kontrakt aparatları);
    • qablar və aparatlar: daxili qurğusuz silindrik tutarlar; daxili hərəkətsiz qurğulu; silindrik olmayan qurğusuz və hərəkətsiz daxili mexanizmli; istilik tənzimləyici qurğuları olmayan mexaniki qarışdırma qurğular;
    • maye süzgəclər; müxtəlif tərkib sistemli mayelərin qravitasiya və mərkəzdənqaçma üsulu ilə bölünməsi üçün avadanlıqlar;
    • materialların (xammalın) fiziki-mexaniki emalı üçün avadanlıqlar (dəyirmanlar; dənəvər və pastaya oxşar materiallar üçün qarışdırıcılar; dozatorlar; qarışdırıcılar, dənəvərləşdiricilər, klassifikatorlar; nizamlayıcı qurğular), polimer materiallarını emal edən avadanlıq və onların ehtiyat hissələri;
    • oksigen, kriogen, kompressor, soyuducu, metalın qaz alovu ilə emalı üçün avadanlıqlar, yüksək-vakuumlu nasos və aqreqatlar, komplektləşdirilmiş texnoloji xətlər, havabölüşdürücü qurğular, nadir qaz qurğuları, oksigen və kriogen qurğuları üçün ehtiyat hissələri, hər cür tipli soyuducu qurğular (məişət soyuducuları istisna olmaqla);
    • maye qaz üçün tutumlar və balonlar, maye qaz balonları üçün ventillər, maye qazların saxlanması üçün hər hansı növlü və quruluşlu tutumlar;
    • bağlayıcı-nizamlayıcı armatura və qoruyucu qurğular, Nəzarət Ölçü Cihazları və Avtomatika (NÖC və A); lokal qurğu avadanlıqları, qaz tullantılarının yandırılması və istifadə edilməsi; texnoloji boru ötürücüləri və qurğuları; partlayış təhlükəli, zəhərli və aqressiv mühitin yerləşdirilməsi üçün daşıma-üfürmə maşınları və ventilyasiya avadanlıqları;
    • qəzaya qarşı mühafizə sistemi və onların elementləri və eləcə də yuxarıda göstərilmiş digər yüksək təhlükəli partlayış mühafizəli avadanlıqlar.

4.2. Təzyiq altında işləyən qazanlar, qablar və borular:

    • buxar qazanları;
    • suqızdırıcı qazanlar;
    • güc qazanları;
    • sodoregenerasiya qazanları;
    • yüksək hərarətli orqanik istilik daşıyan qazanlar;
    • təzyiq altında işləyən qablar;
    • örtüyü cəld çıxarılan qablar;
    • vakuum qazanları;
    • çoxyerli barokameralar;
    • buxar və isti su nəql edən borular;
    • ballonlar;
    • sisternalar.

4.3. Qaldırıcı qurğular:

    • qülləli kranlar; körpülü kranlar; hər hansı xüsusi növlü kranlar; portal kranlar; kabel kranları; qaldırıcı qüllələr (vışkalar); ekskalatorlar; asılmış kanal yolları, funikulyor vaqonları.

4.4. Qaz təsərrüfatı obyektləri üçün avadanlıqlar:

    • birinci sinif, hermetik çaxmaqlı karbohidrogen qazı şəraiti üçün qoruyucular, bağlayıcı (mühafizəedici) qapaqlar (klapanlar);
    • düz və qeyri-düz hərəkətli qaz təzyiqini tənzim edən avadanlıqlar, qazla işləyən məişət suqızdırıcıları;
    • təzyiqi 6 kqs/kv.sm. olan qaz kəmərlərinin quraşdırılması (montajı) üçün polietilen borular və onların birləşdirici hissələri;
    • modullaşdırılmış qazla işləyən qazanxanalar.

Yuxarıdakı yarımbəndlərdə göstərilən istehsal üzrə təsərrüfat növlərinə lisenziya 5 il, təmir və quraşdırma üzrə fəaliyyət növlərinə 2 il müddətinə verilir.


* əsaslı təmir

** işə başlamaq üçün sazlamanı da nəzərə almaqla


© LegalActs LLC