Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 149)

Relizin Tarixi: 11.10.2004

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında
Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti,

narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin genişlənməsi ilə bağlı narahatlıqlarını ifadə edərək,

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadənin Tərəflərin dövlətlərinin xalqlarının sağlamlığına və rifahına ciddi təhlükə olduğunu dərk edərək,

1972-ci il tarixli Protokolla dəyişikliklər edilmiş 1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyanın, 1971-ci il tarixli Psixotrop maddələr haqqında Konvensiyanın və 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı BMT Konvensiyasının müddəalarını nəzərə alaraq,

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəlmiş səmərəli tədbirlərin görülməsində qarşılıqlı maraqdan xəbərdar olaraq,

milli qanunvericiliyə və beynəlxalq hüququn normalarına uyğun olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Saziş Tərəflər arasında narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə və onların qeyri-qanuni dövriyyəsinə nəzarət, eləcə də narkomanların qarşısının alınması, müalicəsi və sosial reabilitasiyası sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.

Maddə 2

Bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq Tərəflərin səlahiyyətli orqanları, onların səlahiyyətli nümayəndələri və ya diplomatik kanalları arasında birbaşa əlaqələr vasitəsilə həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasında səlahiyyətli orqanlar:

1. Daxili İşlər Nazirliyi;

2. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası.

Rumıniyada səlahiyyətli orqanlar:

1. Daxili İşlər Administrasiya Nazirliyi;

2. Rumıniya Polisinin Baş Müfəttişliyi—Mütəşəkkil cinayətkarlıq və narkotizmə qarşı mübarizə üzrə baş direktorluq;

3. Milli Antinarkotizm Agentliyi.

Maddə 3

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər: a) narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə problemlərinə dair məlumat mübadiləsi, o cümlədən:

Tərəflərin dövlətlərinin ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş və ya törədilməsi güman edilən hər hansı cinayət; narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədə şübhəli şəxslər; narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konkret faktlar və ya hadisələr və ya bir Tərəfin ərazisindən digər Tərəfin ərazisinə, yaxud üçüncü bir ölkənin ərazisindən Tərəflərin ərazisinə narkotiklərin qanunsuz dövriyyəsinə dair niyyətlər; narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli və fəaliyyəti transmilli xarakter daşıyan cinayətkar qrupların strukturu, tərkibi, fəaliyyət sahəsi, idarəetmə təşkilatı və əlaqələri;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı olan və Tərəflərin dövlətlərində işləyən bəzi şəxslər və ya cinayətkar qruplar arasında baş vermiş və ya baş verməsi güman edilən əlaqələr;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətlərin forma və metodları;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə olunan gəlirlərin leqallaşdırılmasına yönəlmiş fəaliyyət;

narkotik vasitələrin və onların prekursorlarının mənbələrinin, onların prekursorlarının qanunsuz dövriyyəyə girişinin aşkar edilməsinin forma və metodları, o cümlədən belə qanunsuz dövriyyənin dayandırılması tədbirləri;

narkotik vasitələr və onların prekursorlarının becərilməsi, istehsalı, daşınması və satışı zamanı istifadə olunan gizlədilmə və maskalanma metodları;

qarşılıqlı maraq kəsb edən digər məsələlər;

b) narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə aid məsələlərlə bağlı bir Tərəfin sorğusu əsasında digər Tərəfin əməliyyat araşdırmaları və tədbirlər görməsi;

c) narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün qarşılıqlı fəaliyyət və qarşılıqlı yardım, o cümlədən nəzarətli göndəriş və partiyanın qeyri-qanuni daşınması üzərində nəzarətin həyata keçirilməsi;

d) iclaslar, konfranslar və seminarlar vasitəsilə iş təcrübəsinin mübadiləsi;

e) narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi və buna nəzarətlə bağlı qanunvericilik və digər aidiyyəti sənədlərin, artıq məxfi və ya məhdudlaşdırılmış olmayan materiallar, statistik məlumat və tövsiyələrin mübadiləsi;

f) mütəxəssislərin hazırlanması və onların peşə hazırlıqlarının artırılması;

g) texniki və məsləhət xarakterli yardımın, həmçinin analizdə yardımın göstərilməsi;

h) narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə problemlərinə dair Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq birgə elmi tədqiqatların aparılması;

i) qanunsuz dövriyyədən alınmış nümunələrin və onların analizinin nəticələrinin Tərəflərin milli qanunvericiliklərinə əsasən mübadiləsi;

j) əməkdaşlığın həyata keçirildiyi dövrdə yaranacaq problemlərlə bağlı fəaliyyətlərin əlaqələndirilməsi, o cümlədən işçi qruplarının təsis edilməsi və nümayəndələrin mübadiləsi.

Maddə 4

Bu Saziş çərçivəsində yardım göstərilməsi sorğu əsasında və ya Tərəflərdən birinin təşəbbüsü ilə həyata keçiriləcəkdir.

Yardım göstərilməsi üçün sorğu yazılı şəkildə və ya mətn ötürülməsi üçün texniki vasitələrlə göndərilməlidir.

Təcili hallarda, telefon bağlantısı vasitəsilə göndərilmiş şifahi sorğu qəbul edilə bilər. Lakin o, üç gün ərzində yazılı şəkildə və ya mətn ötürülməsi üçün texniki vasitələrlə verilməlidir.

Məlumatın ötürülməsi üçün texniki vasitələrdən istifadə zamanı və həmçinin alınmış sorğunun autentikliyi, yaxud məzmunu ilə bağlı şübhə olduğu təqdirdə, Sorğu alan Tərəf onu yazılı şəkildə təsdiq etməyi Sorğu göndərən Tərəfdən tələb edə bilər.

Yardım üçün sorğuya aşağıdakılar daxil edilməlidir:

Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının adı;

Sorğu alan Tərəfin səlahiyyətli orqanının adı;

sorğunun mahiyyəti və onun əsasları barədə qısa məlumat;

onun yerinə yetirilməsi üçün zəruri olan hər hansı digər məlumat.

Maddə 5

Sorğu alan Tərəf sorğunun qısa müddətdə və mümkün qədər tam şəkildə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri görəcəkdir. Bir qayda olaraq, sorğu alındığı gündən etibarən 30 gün ərzində yerinə yetiriləcəkdir.

Əgər öz ölkəsinin qanunvericiliyinə zidd olmazsa, Sorğu alan Tərəf Sorğu göndərən Tərəfin səlahiyyətli nümayəndələrinə sorğu yerinə yetirilən zaman öz ölkəsinin ərazisində olmağa icazə verə bilər.

Maddə 6

Sorğunu yerinə yetirmək mümkün olmadığı və ya ondan imtina edildiyi halda Sorğu alan Tərəf bu barədə Sorğu göndərən Tərəfi dərhal yazılı şəkildə xəbərdar edəcək, sorğunun yerinə yetirilməsinə mane olan səbəblər barədə məlumat verəcək və sorğunu və onun bütün əlavələrini qaytaracaqdır.

Əgər Sorğu alan Tərəf onun yerinə yetirilməsinin öz ölkəsinin suverenliyinə, təhlükəsizliyinə, yaxud digər mühüm maraqlarına zərər vura biləcəyini və ya öz ölkəsinin qanunvericiliyinə zidd olduğunu hesab edərsə, o, sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina edə bilər.

Əgər Sorğu alan Tərəf sorğunun dərhal yerinə yetirilməsinin öz ölkəsində həyata keçirilən cinayət ittihamına, yaxud digər hüquqi prosedurların icrasına mane ola biləcəyini hesab edərsə, o, Sorğu göndərən Tərəflə məsləhətləşmələrdən sonra, sorğunun yerinə yetirilməsini təxirə sala və ya onun yerinə yetirilməsini lazımi hesab olunan şərtlərə riayət edilməsi ilə əlaqələndirə bilər. Əgər Sorğu göndərən Tərəf yardımın təklif olunan şərtlər əsasında göstərilməsi ilə razılaşarsa, o bu şərtləri yerinə yetirməlidir.

Maddə 7

Tərəflər narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə aid, Tərəflər arasında bu Saziş çərçivəsində mübadilə edilən məlumatın, həmçinin sənədlərin və materialların məzmununun konfidensiallığını təmin edəcəklər.

Bu Saziş çərçivəsində alınan məlumat onu təqdim etmiş Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürülə bilməz.

Maddə 8

Tərəflər bu Sazişin öz ərazilərində yerinə yetirilməsi ilə bağlı xərclər üçün məsuliyyət daşıyacaqlar.

Tərəflər öz nümayəndələrinin rəsmi səfərləri və qəbul edən ölkənin ərazisində qalmaları ilə bağlı xərclər üçün məsuliyyət daşıyacaqlar.

Sorğu göndərən Tərəfin nümayəndələrinin rəsmi səfərləri Sorğu alan Tərəfin ilkin razılığı əsasında həyata keçiriləcəkdir.

Maddə 9

Tərəflər bu Sazişin tətbiqi üçün birgə işçi iclaslar və məsləhətləşmələr keçirəcəklər.

Maddə 10

3-cü Maddənin 1-ci bəndinin g, h, i, j yarımbəndlərində nəzərdə tutulan əməkdaşlığın konkret formaları və xüsusilə onun maliyyələşdirilməsi qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

Maddə 11

Bu Sazişin müddəaları hər iki Tərəfin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.

Maddə 12

Bu Sazişin təfsirində və tətbiqində Tərəflər arasında ortaya çıxan hər hansı fikir ayrılıqları diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

Maddə 13

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcəkdir.

Tərəflərdən biri yazılı şəkildə diplomatik kanallar vasitəsilə bu Sazişin qüvvəsini ləğv etmək niyyətini altı ay əvvəl bildirmədiyi təqdirdə, bu Saziş qeyri-müəyyən müddətə qüvvədə olacaqdır.

Sazişə qarşılıqlı razılıq əsasında düzəlişlər edilə bilər və əlavələr 13-cü maddənin 1-ci bəndində göstərilmiş prosedur qaydaları tamamlandıqdan sonra qüvvəyə minəcəkdir.

Buxarest şəhərində 11 oktyabr 2004-cü ildə iki nüsxədə, hər biri Azərbaycan, rumın və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı olduğu halda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

Rumıniya
Hökuməti adından
(imza)

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 mart tarixli, 843-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 149) («LegalActs» LLC).

© LegalActs LLC