Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişi


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 141)

Relizin Tarixi: 05.08.2004

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişi

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında
Ticarət Sazişi

Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,

ayrı-seçkilik olmadan, bərabərlik və qarşılıqlı maraqların gözlənilməsi əsasında ticarət əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsinə dair hər iki Dövlətin arzusunu nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn Tərəflər arasında məhsulların və xidmətlərin mübadiləsi və bu iki ölkənin fiziki və hüquqi şəxsləri arasında imzalanmış müqavilələr bu Saziş əsasında və Razılığa gələn hər bir Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcəkdir.

Maddə 2

Bu Saziş əsasında məhsulların üçüncü dövlətə təkrar ixracı sərbəst həyata keçiriləcəkdir, əgər Razılığa gələn Tərəflər arasında onların milli qanunvericiliklərinə uyğun olaraq digər razılıq əldə edilməmişdirsə.

Maddə 3

Razılığa gələn hər bir Tərəf öz milli qanunvericiliyinə müvafiq olaraq Razılığa gələn digər Tərəfə ixrac edilən məhsullar üzrə mənşə və uyğunluq sertifikatlarının verilməsi üçün müvafiq tədbirlər görəcəkdir.

Maddə 4

Malların və xidmətlərin Razılığa gələn Tərəflər arasında mübadiləsi bu Saziş çərçivəsində və Razılığa gələn Tərəflərin əlaqədar qurumlarının razılaşdırdığı standartlara uyğun olaraq həyata keçiriləcəkdir.

Maddə 5

Razılığa gələn hər Tərəfin Razılığa gələn digər Tərəfin məhsullardan tutduğu gömrük yığım və vergilərin dərəcəsi üçün ölkənin eyni məhsuluna tətbiq edilən dərəcələrdən yüksək olmayacaqdır.

Lakin, bu Maddənin şərtləri aşağıdakı hallarda tətbiq olunmayacaq:

a) Tərəflərdən birinin öz qonşu ölkələrinə ticarəti və nəqliyyatı asanlaşdırmaq məqsədilə etdiyi və ya edəcəyi güzəşt və azad olunmalara,

b) Razılığa gələn hər Tərəfin azad ticarət zonasının və gömrük ittifaqlarının yaradılmasında iştirakının və yaxud azad ticarət haqqında və ya tamamilə və yaxud qismən vergiqoymaya aidiyyəti olan razılaşmaların nəticəsi kimi milli qanunvericilikdə qəbul edilmiş güzəşt və azad olunmalara.

Maddə 6

Razılığa gələn Tərəflər gələcəkdə qeyri-tarif məhdudiyyətlərinin iki ölkənin əlaqədar icraçı qurumlarının qarşılıqlı razılığı əsasında azaldılması və ləğvi haqqında razılaşmalar imzalayacaqlar.

Maddə 7

Bu Sazişin tətbiqi ilə bağlı bütün beynəlxalq hesablaşmalar Razılığa gələn Tərəflər arasında razılaşdırılmış və Razılığa gələn hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyutada həyata keçiriləcəkdir.

Maddə 8

Razılığa gələn hər bir Tərəf öz şirkət və institutlarını Razılığa gələn digər Tərəfin dövlət ərazisində keçirilən beynəlxalq ixtisaslaşdırılmış sərgilərdə iştirak etməyə çağıracaq və Razılığa gələn digər Tərəfin ticarət şirkətlərini və institutlarını mümkün qədər lazımi avadanlıqla təchiz edəcəkdir.

Maddə 9

Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin iş adamlarına və ticarət şirkəti və ya institutlarına öz məhsullarını nümayiş etdirmək üçün aşağıdakı şərtlərlə hər il satışı icazə verilən sərgilər və yarmarkalar keçirməyə icazə verməlidir:

sərgilərin keçirilmə müddəti 15 gündən artıq olmamalıdır,

iş adamları və kommersiya şirkətləri və ya institutları sərgi keçirilən ölkənin qanunlarına və qaydalarına riayət etməlidirlər,

nümayiş olunacaq məhsulların həcmi və növü Razılığa gələn Tərəflər arasında müəyyən edilməlidir,

bu maddənin şərtləri Razılığa gələn Tərəflərə satışı icazə verilən sərgilər və yarmarkaların keçirilmə tarixləri və müddəti barədə digər razılığa gəlməyə mane olmayacaqdır.

Maddə 10

Razılığa gələn Tərəflər milli qanunvericiliklərinə müvafiq qaydada konsulluq xidmətləri, məsələn, iş adamlarına vizaların verilməsini və ticarət sənədlərinin sertifikatlaşdırılmasını təmin edəcəklər.

Maddə 11

Razılığa gələn Tərəflər arasında malların/məhsulların, xidmətlərin və ticarət məlumatının mübadiləsini sadələşdirmək və inkişaf etdirmək məqsədilə Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfə öz dövlətinin ərazisində qəbul edən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq ticarət mərkəzi yaratmağa icazə verəcəkdir.

Maddə 12

Razılığa gələn hər bir Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq dövlətinin ərazisində Razılığa gələn digər Tərəfin şirkətlərinin nümayəndəliklərinin yaradılmasına icazə verəcək və üçüncü ölkənin şirkətinin nümayəndəliklərinə tətbiq etdiyi rejimdən az əlverişli olmayan rejim tətbiq edəcəkdir.

Maddə 13

Qarşılıqlı ticarət mübadiləsində balanslaşdırılmış meyllərə nail olmaq məqsədilə qanunvericilik çərçivəsində preferensiyalar nəzərdən keçirilməklə Razılığa gələn hər bir Tərəf öz ticarət ehtiyaclarını imkan dərəcəsində Razılığa gələn digər Tərəfin hesabına ödəyəcəkdir.

Maddə 14

Razılığa gələn Tərəflər Ticarət Palataları arasında yaxın və səmərəli əməkdaşlığı təşviq etmək və zərurət yaranarsa, birgə ticarət palataları yaratmaq, kommersiya nümayəndə heyətlərini mübadilə etmək, bir-birinin məhsulları və bazar şəraiti ilə tanış olmaq məqsədilə xüsusi seminarlar və konfranslar təşkil etmək və bu məqsədlə zəruri vasitələri təmin etmək barədə Razılığa gəldilər.

Maddə 15

Razılığa gələn Tərəflər öz fiziki və hüquqi şəxslərini beynəlxalq ticarət metodlarını tətbiq etməyə, ticarət ortaqlıqları/müəssisələri təsis etməyə və uzunmüddətli kommersiya əməkdaşlığı yaratmağa təşviq edəcəklər.

Maddə 16

Müqavilə Tərəfləri iki ölkə arasında sərhədyanı ticarət bazarlarının yaradılması barədə Saziş imzalamaq barədə razılığa gəldilər.

Maddə 17

Razılığa gələn Tərəflərin hər hansı birinin dövlət ərazisindən malların tranzit daşınması Razılığa gələn həmin Tərəfin milli qanunvericiliyinə və Razılığa gələn hər iki Tərəf üçün hüquqi baxımdan məcburi olan beynəlxalq sazişlərin müddəalarına müvafiq olaraq həyata keçiriləcəkdir.

Maddə 18

Razılığa gələn Tərəflər özlərinin Dövlət ərazisində bu Tərəflərin hər hansı birinin vətəndaşlarına milli qanunvericiliyə müvafiq olaraq məhkəmə hakimiyyəti tərəfindən bərabərhüquqlu rejimin təmin edilməsi barədə razılaşdılar.

Maddə 19

Razılığa gələn Tərəflər bərabər sayda nümayəndədən təşkil olunan, ildə və ya yarımildə bir dəfə növbə ilə, Razılığa gələn Tərəflərdən hər hansı birinin müraciəti əsasında, Razılığa gələn digər Tərəfin Dövlət ərazisində iclas keçirəcək Birgə İşçi Qrupu yaradacaqlar.

Birgə İşçi Qrupunun funksiyaları və vəzifələri aşağıdakılar olacaqdır:

1. Sözügedən Sazişin maddələrinin icrasının nəzərdən keçirilməsi.

2. Sözügedən Sazişin fəaliyyətindən irəli gələ bilən çətinliklərin aradan qaldırılması üçün həll yollarının təqdim edilməsi.

3. Qarşılıqlı ticarəti inkişaf etdirmək və diversifikasiya etmək yollarının nəzərdən keçirilməsi və öyrənilməsi, həyata keçirilməli olan müvafiq tövsiyələrin Müqavilə Tərəflərinə təqdim edilməsi.

4. İki ölkə arasında qarşılıqlı iqtisadi və kommersiya münasibətlərinin inkişafı ilə bağlı sənədlərin imzalanmasının nəzərdən keçirilməsi.

Maddə 20

Sözügedən Sazişin maddələrinin şərhi və ya icrası ilə bağlı yarana biləcək bütün məsələ və mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və dostluq danışıqları vasitəsilə həll olunacaqdır.

Sözügedən Saziş çərçivəsində fiziki və hüquqi şəxslər arasında bağlanmış iqtisadi və kommersiya müqavilələrindən yaranan bütün mübahisələr müvafiq müqavilələrin müddət və şərtləri əsasında həll olunacaqdır.

Maddə 21

Bu Sazişin müddəaları milli maraqların, ictimai sağlamlığın qorunması və ya xəstəliklərin, yaxud heyvanların və bitkilərin zərərvericilərinin qarşısının alınması ilə bağlı Razılığa gələn Tərəflərin hər hansı qadağa və ya məhdudiyyət qoymaq haqlarını məhdudlaşdırmayacaqdır.

Maddə 22

1993-cü il 28 oktyabr tarixində müvafiq olaraq 1372-ci il 6 aban tarixində Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında imzalanmış Ticarət Sazişi bu Sazişin qüvvəyə minməsindən sonra qüvvədən düşmüş hesab ediləcəkdir.

Maddə 23

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir-birinə göndərdikləri axırıncı yazılı bildirişin alınması tarixindən qüvvəyə minir və beş il müddətində qüvvədə qalacaqdır.

Bu Saziş, Razılığa gələn Tərəflərdən biri Razılığa gələn digər Tərəfi onun qüvvəsinin uzadılmasını istəmədiyi barədə bu müddətin bitməsindən altı ay əvvəl məlumatlandırmayana qədər birillik müddətlərə uzadılacaqdır.

Razılığa gələn Tərəflər arasında digər razılığın olmadığı təqdirdə bu Sazişin bitməsindən sonra onun müddəaları müvafiq qaydada imzalanmış və icra edilən müqavilələrə münasibətdə bir il müddətində qüvvədə qalacaqdır.

Preambula və iyirmi üç maddədən ibarət olaraq Bakı şəhərində, 5 avqust 2004-cü ildə, müvafiq olaraq 15 mordad 1383-cü ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

İran İslam Respublikası
Hökuməti adından
(imza)

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 834-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 141) («LegalActs» LLC).

© LegalActs LLC