Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən bəzi qanunvericilik aktlarında dəyişikliklərin edilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 160)

Relizin Tarixi: 01.03.2005

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən bəzi qanunvericilik aktlarında dəyişikliklərin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli, 240 nömrəli «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında» Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 720; 2003-cü il, № 2, maddə 81) 2-ci bəndinin 2.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«2.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər, aktivlərin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alının gəlirlər və sair;».

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 846; 2003-cü il, № 2, maddə 2) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Əsasnamənin 3.1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«3.1.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışdankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;».

2.2. Əsasnamənin 4.1-ci bəndi çıxarılsın, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci və 4.6-cı bəndləri müvafiq olaraq 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü və 4.5-ci bəndlər hesab edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları»na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 409; 2001-ci il, № 12, maddə 753) aşağıdakı dəyişikliklər edilsin:

3.1. Qaydalara aşağıdakı redaksiyada 1.4-cü bənd əlavə edilsin:

«1.4. Bu Qaydaların məqsədləri üçün xüsusi çəki dedikdə, Neft Fondunun investisiya portfelindəki ayrı-ayrı xarici valyutada ifadə edilmiş aktivlərinin Neft Fondunun balans valyutasında (Azərbaycan manatı) hesablamalar aparılan günə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən qiymətləndirilməsi nəticəsində alınan dəyərin (fərdi dəyər) Neft Fondunun investisiya portfelindəki bütün aktivlərinin balans valyutasında hesablanmış dəyərə (məcmu dəyər) faizlə müəyyən edilən nisbəti nəzərdə tutulur».

3.2. Qaydaların 2-ci bölməsinin adında «Fondunun» sözündən sonra «valyuta» sözü əlavə edilsin.

3.3. Qaydaların 2.1.1-ci yarımbəndində «Fondunun» sözündən sonra «valyuta vəsaiti üzrə» sözləri əlavə edilsin.

3.4. Qaydaların 2.1.2-ci yarımbəndində:

3.4.1. birinci abzasda «Fondunun» sözündən sonra «valyuta vəsaiti üzrə» sözləri, «uzunmüddətli» sözündən sonra «öhdəliklər üzrə» sözləri əlavə edilsin;

3.4.2. aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

«Neft Fondunun valyuta hesabları üzrə hesablaşma hesablarının açıldığı bankların uzunmüddətli öhdəliklər üzrə kredit reytinqi «A» (Standart ənd Purz, Fiç) və ya «A3» (Mudiz) kredit reytinqi dərəcəsindən də aşağı düşdükdə və bu vəziyyət 60 təqvim günündən çox müddətdə davam etdikdə, Neft Fondu ağlabatan müddət ərzində bu Qaydaların 2.1.2-ci yarımbəndinin birinci abzasında müəyyən edilmiş uzunmüddətli öhdəliklər üzrə kredit reytinqinə malik olan digər banklara Fondun vəsaitinin keçirilməsini təmin edir.».

3.5. Qaydaların 2.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«2.1.3. Neft Fondunun beynəlxalq maliyyə bazarlarında tərəf-müqabili müuzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmayan reytinqə malik olan kommersiya bankları və digər maliyyə təsisatları, daxili maliyyə bazarında isə, Neft Fondunun investisiya portfelinin bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq müəyyən edilən məcmu dəyərin 5%-dən artıq olmayan həcmdə vəsaitinin yerləşdirilməsi şərtilə, məcmu kapitalının səviyyəsinə görə ən iri və ya kredit reytinqinə görə daxili maliyyə bazarında ən etibarlı sayılan kommersiya bankları ola bilər.».

3.6. Qaydaların 2.1.4-cü yarımbəndində:

3.6.1. birinci abzasda «kredit reytinqindən aşağı olmayan uzunmüddətli» sözləri «uzunmüddətli öhdəliklər üzrə kredit reytinqindən aşağı olmayan» sözləri ilə əvəz edilsin;

3.6.2. aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

«Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətlər göstərən kommersiya banklarının və ya digər maliyyə təsisatlarının uzunmüddətli öhdəliklər üzrə kredit reytinqi «A» (Standart ənd Purz, Fiç) və ya «A3» (Mudiz) kredit reytinqi dərəcəsindən də aşağı düşdükdə və bu vəziyyət 60 təqvim günündən çox müddətdə davam etdikdə, Neft Fondu ağlabatan müddət ərzində bu Qaydaların 2.1.4-cü yarımbəndinin birinci abzasında müəyyən edilmiş uzunmüddətli öhdəliklər üzrə kredit reytinqinə malik olan digər kommersiya bankları və ya digər maliyyə təsisatları ilə əvəz edilməsini təmin edir.».

3.7. Qaydaların 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«2.1.5. Neft Fondunun valyuta vəsaitinin saxlanılması və ya yerləşdirilməsi müvafiq əqdlər əsasında həyata keçirilir.».

3.8. Qaydaların 2.1.6-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«2.1.6. Neft Fondunun valyuta vəsaitlərinin saxlanıldığı və ya yerləşdirildiyi banklarının və ya digər maliyyə təsisatlarının və ya investisiya portfelinə daxil olan aktivlərin hər hansının kredit reytinq dərəcəsi bu Qaydalarda nəzərdə tutulan müvafiq reytinq dərəcələrindən aşağı düşdüyü hallarda və yaranmış dərəcə uyğunsuzluğu 60 təqvim günündən artıq davam etdikdə, Neft Fondu ağlabatan müddət ərzində həmin valyuta vəsaitlərinin bu Qaydaların tələblərinə uyğun müvafiq reytinqə malik olan qurumlara köçürülməsini, aktivin isə portfeldən xaric etdirilməsini (satışını, dəyişdirilməsini və sairi) təmin edir.».

3.9. Qaydaların 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2.2. İnvestisiya portfelinin valyuta tərkibi (səbəti)

2.2.1. Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, həmçinin «A» (Standart ənd Purz, Fiç) və ya «A2» (Mudiz) kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə investisiya portfelində bütün aktivlərin xüsusi çəkisinin 95%-nin ABŞ dolları, AVRO və İngiltərə funt sterlinqində, qalan 5%-nin isə digər valyutalarda ifadə olunması şərtilə yerləşdirilə bilər.

Neft Fondunun investisiya portfelinin ABŞ dollarında, AVRO-da və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilən 95%-lik hissəsi üçün göstərilən valyutalar üzrə müvafiq xüsusi çəkilər Neft Fondunun İcraçı direktorunun təqdimatı və Neft Fondunun Müşahidə Şurasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.

Neft Fondunun vəsaitinin ABŞ dollarından, AVRO və İngiltərə funt sterlinqindən başqa digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilməsi məqsədəuyğun sayılmadıqda, investisiya portfelinin 5%-lik hissəsi Neft Fondunun qərarına əsasən ABŞ dollarında ifadə olunan aktivlərə və ya xüsusi çəkidəki mütənasiblik əsasında bölüşdürülərək ABŞ dolları, AVRO və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.2. Xüsusi çəki nisbətinin gözlənilməsi məqsədilə hər təqvim ilinin (1 yanvar) və hər növbəti rübün əvvəlinə (1 aprel, 1 iyul, 1 oktyabr) Neft Fondunun investisiya portfelinin tərkibinə daxil olan bütün aktivlər balans valyutasında yenidən qiymətləndirilir və müəyyən edilən məcmu dəyərin xüsusi çəkinin müvafiq faizinə vurulması yolu ilə ayrı-ayrı valyutalarda ifadə edilmiş aktivlərin balans valyutasında xüsusi çəki nisbətinə uyğun dəyərləri (hədəf dəyəri) təyin edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin artması və ya azalması, o cümlədən balans valyutasının investisiya portfelindəki xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi, təyin edilən hədəf dəyərlə fərdi dəyər arasında fərqin əmələ gəlməsinə və nəticə etibarilə bu Qaydaların 2.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş xüsusi çəki nisbətindən kənarlaşmaya səbəb olduqda, kənarlaşmaya səbəb olmuş valyutada ifadə olunan Neft Fondunun aktivlərinin müvafiq hissələrinin satılması və ya əlavə aktivlərin alınması yolu ilə 10 bank günü ərzində xüsusi çəki nisbətinin yenidən tarazlaşdırılması təmin edilir.».

3.10. Qaydaların 3-cü bölməsinin adında «Fondunun» sözündən sonra «valyuta» sözü əlavə edilsin.

3.11. Qaydaların 3.1.4-cü yarımbəndinin altıncı abzasında «səmərəlilik» sözü «gəlirlilik» sözü ilə əvəz edilsin.

3.12. Qaydaların 3.2-ci bəndinin ikinci abzasında «minimum risklərin» sözləri «risklərin azaldılmasının» sözləri ilə əvəz edilsin.

3.13. Qaydaların 3.3-cü bəndində:

3.13.1. 3.3.1-ci yarımbəndində üçüncü, dördüncü və altıncı abzaslarda müvafiq olaraq «A» (Standart ənd Purz, Fiç) və ya «A2» (Mudiz) kredit reytinqindən aşağı olmayan uzunmüddətli» sözləri «Uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya (Mudiz) aşağı olmayan» sözləri ilə əvəz edilsin;

3.13.2. 3.3.1-ci yarımbəndində altıncı abzasda «öhdəlikləri.» sözü «öhdəlikləri;» sözü ilə əvəz edilsin və aşağıdakı redaksiyada yeddinci abzas əlavə edilsin:

«Uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən aşağı olmayan reytinqə malik olan korporasiyalar və maliyyə qurumları tərəfindən buraxılmış qiymətli kağızlar, investisiya dərəcəli kredit reytinqinə malik olan qiymətli kağızlar, pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri.»;

3.13.3. 3.3.2-ci yarımbəndində «qiymətli kağızlar da» sözləri «səhmlər də» sözləri ilə əvəz edilsin və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

«Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.».

3.14. Qaydaların 3.4.1-ci yarımbəndindən «korporativ qiymətli kağızlara, səhmlərə, korporativ borcların (maliyyə təsisatları və bankların borc kağızları istisna olmaqla)» sözləri çıxarılsın.

3.15. Qaydaların 4-cü bölməsi aşağıdakı redaksiyada verilsin:

«4. Valyuta vəsaitinin idarə edilməsinə dair hesabat

4.1. Neft Fondunun valyuta vəsaitinin vəziyyəti (investisiya portfelinin həcmi və strukturu) və hərəkəti (ehtimal olunan mədaxil və məxaric) barədə Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Prezidentinə rüblük məlumatlar və illik hesabat təqdim edilir.

4.2. Valyuta vəsaitinin idarə edilməsinə dair hesabat hazırlanarkən, Neft Fondunun valyuta vəsaitinin yerləşdirilməsi ilə bağlı gəlirliliyi Fondun valyuta səbəti üzrə hesablanır.».

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli, 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 594; 2003-cü il, № 2, maddə 81) aşağıdakı dəyişikliklər edilsin:

4.1. Qaydaların 1.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«1.4. Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclərin Neft Fondu tərəfindən həyata keçirilməsi yolverilməzdir.».

4.2. Qaydalara aşağıdakı redaksiyada 1.5-ci və 1.6-cı bəndlər əlavə edilsin:

«1.5. Neft Fondunun aktivlərinin Neft Fondunun balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən yarana biləcək xərclər, habelə qanunla müəyyən edilmiş vergilərin ödənilməsi və hər hansı digər məcburi ödənişlər ilə bağlı xərclər Neft Fondunun büdcəsində nəzərdə tutulmur və büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.

1.6. Neft Fondunun büdcə xərclərinin, habelə qanunla müəyyən edilmiş vergilərin və hər hansı digər büdcədənkənar məcburi ödənişlərin maliyyələşdirilməsi Neft Fondunun vəsaiti hesabına Azərbaycan Respublikasının milli valyutasında və xarici valyutada həyata keçirilir. Neft Fondunun xərclərinin və ödənişlərinin Azərbaycan Respublikasının milli valyutasında maliyyələşdirilməsi Neft Fondunun xarici valyuta vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının milli valyutasına konvertasiya edilməsi (satışı) vasitəsilə təmin edilir.»

4.3. Qaydaların 2.3.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

«2.3.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;».

4.4. Qaydaların 2.4-cü bəndinin üçüncü abzasından «,valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı» sözləri çıxarılsın.

4.5. Qaydaların 3.3.1-ci yarımbəndi çıxarılsın, 3.3.2-ci, 3.3.3-cü, 3.3.4-cü və 3.3.5-ci bəndləri müvafiq olaraq 3.3.1-ci, 3.3.2-ci, 3.3.3-cü və 3.3.4-cü bəndləri hesab edilsin.

4.6. Qaydaların 3.3.4-cü yarımbəndində «xərclər smetası» sözlərindən sonra «, vəsaitinin idarə edilməsinə xarici menecerlərin və məsləhətçilərin cəlb edilməsi ilə bağlı xərclər» sözləri əlavə edilsin.

4.7. Qaydaların 3.4-cü bəndi çıxarılsın.

4.8. Qaydaların 4.2-ci bəndində «sentyabr ayının 20-dək» sözləri çıxarılsın.

4.9. Qaydalardan 5.1.2-ci və 5.1.4-cü yarımbəndlər çıxarılsın.

4.10. Qaydaların 5.1.6-cı yanmbəndindən «xərc maddələrinin maliyyələşdirilməsi üçün istifadə oluna bilməz və tam həcmdə rüblük olaraq» sözləri çıxarılsın.

4.11. Qaydaların 6.1-ci bəndində «rüblük hesabatlar» sözləri «rüblük məlumatlar və illik hesabat» sözləri ilə əvəz edilsin.

4.12. Qaydaların 6.3-cü bəndində «təsdiq edilərkən» sözlərindən sonra «Neft Fondunun Müşahidə Şurasının rəyi və» sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 1 mart 2005-ci il

№ 202.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 160) («LegalActs» LLC).

© LegalActs LLC