Qiymətləndirmə fəaliyyətinə (əmlakın qiymətləndirilməsi) xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Relizin Tarixi: 16.02.1998
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Qiymətləndirmə fəaliyyətinə
(əmlakın qiymətləndirilməsi) xüsusi razılıq
(lisenziya)
verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Qərar № 29
Bakı şəhəri, 16 fevral 1998-ci il
«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətləndirmə fəaliyyətinə (əmlakın qiymətləndirilməsi) xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 126) («LegalActs»).
7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 16 fevral tarixli
29 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Qiymətləndirmə fəaliyyətinə
(əmlakın qiymətləndirilməsi)
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətləndirmə fəaliyyəti (əmlakın qiymətləndirilməsi) ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») qiymətləndirmə fəaliyyətini (əmlakın qiymətləndirilməsi) həyata keçirməyə icazə verən rəsmi sənəddir:
1.2.1. Qiymətləndirmə fəaliyyəti (əmlakın qiymətləndirilməsi).
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra qiymətləndirmə fəaliyyəti ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.
1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.
II. Lisenziyanın verilməsi qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi İqtisadiyyat Nazirliyinə aşağıdakıları təqdim etməlidir:
2.1.1. lisenziya almaq üçün ərizə.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
- hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
- fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;
2.1.2. müəssisənin təsis sənədlərinin surəti;
2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.5. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;
2.1.6. iqtisadiyyat və ya texniki sahədə ali təhsili olması haqqında sənəd;
2.1.7. əmlakın qiymətləndirilməsi və ya texniki inventarlaşma sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi olmasını təsdiq edən sənəd**.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
2.4.2. ərizəçi tərəfindən təqdim olunan sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda;
2.4.3. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;
2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;
2.4.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq İqtisadiyyat Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.
2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.
Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə İqtisadiyyat Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. İqtisadiyyat Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.
III. Lisenziya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. lisenziya verən orqanın adı;
3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;
3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir), ünvanı;
3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;
3.1.5. lisenziyanın qüvvədə olma müddəti;
3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;
3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2. Lisenziya iqtisadiyyat naziri (o olmadıqda, onun müavini) tərəfindən imzalanır və nazirliyin möhürü ilə təsdiq olunur.
IV. Lisenziyanın müddəti
4.1. Lisenziya iki il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.
V. Lisenziyanın surəti
5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün İqtisadiyyat Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6-cı yarımbəndlərində tələb olunan sənədlər.
5.3. İqtisadiyyat Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, İqtisadiyyat Nazirliyinin rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və nazirliyin möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.
VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət
6.1. Bu Qaydalara əsasən lisenziya sahibi fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidir:
6.1.1. sifarişçi ilə bağlanmış müqavilə şərtlərini vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
6.1.2. qiymətləndirməni Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına və beynəlxalq standartlara uyğun aparmalıdır;
6.1.3. qiymətləndirmənin aparılması üçün lazım olan məlumatlar sifarişçi tərəfindən təmin olunmadıqda qiymətləndirməyə əsaslı təsir göstərəcək halları hesabatda (ekspert rəyində) göstərməlidir;
6.1.4. qiymətləndirmə üçün təqdim olunmuş məlumatların məxfiliyini qorumalıdır;
6.1.5. qiymətləndirmə üçün alınacaq haqqın məbləğini sifarişçi ilə razılaşma əsasında müəyyənləşdirməklə müvafiq sənəd tərtib etməlidir;
6.1.6. qiymətləndirici tərəfindən hazırlanmış hesabatlarda (ekspert rəyində) qaralamaya və düzəlişlərə yol verilməməlidir;
6.1.7. hesabatı (ekspert rəyini) iki nüsxədə hazırlamaqla birini sifarişçiyə verməli, digərini isə beş il müddətində özündə saxlanmasını təmin etməlidir.
6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.
6.3. Nəzarət qaydasında İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;
6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;
6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;
6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.
6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı İqtisadiyyat Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt İqtisadiyyat Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.
6.6. İqtisadiyyat Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.
VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
7.1. İqtisadiyyat Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;
7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.2. İqtisadiyyat Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq müsbət qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur və 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına bu barədə məlumat verilir.
7.3. İqtisadiyyat Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;
7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə.
7.4. İqtisadiyyat Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.
7.6. İqtisadiyyat Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.
VIII. Məsuliyyət
8.1. İqtisadiyyat Nazirliyinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
8.2. İqtisadiyyat Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.
8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olan hüquqi və fiziki şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
© LegalActs