Sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 54)

Relizin Tarixi: 22.01.1998

Sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Sənaye üsulu ilə su heyvanı və balıqların
yetişdirilməsi və ovlanması üzrə
xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının
təsdiq edilməsi haqqında

Qərar № 15

Bakı şəhəri, 22 yanvar 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması üzrə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 54) («LegalActs» LLC).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 yanvar tarixli
15 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sənaye üsulu ilə su heyvanı və balıqların
yetişdirilməsi və ovlanması
üzrə xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») aşağıdakı fəaliyyət növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1. sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması;

1.2.2. sənaye üsulu ilə balıqların yetişdirilməsi və ovlanması.

Hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir.

Hüquqi, yaxud fiziki şəxslərin fəaliyyəti çox profilli (yönümlü) olduqda, onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqənin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlər haqqında**:

  • balıq ovlayan gəmilərin və motorlu qayıqların üzgücülük hüququna dair dəniz gəmiçiliyi Registrinin və ya kiçik həcmli gəmilərin dövlət müfəttişliyinin sənədi;
  • sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması fəaliyyəti üçün istifadə ediləcək balıqçılıq əhəmiyyətli su hövzələrinin adları və su bioresurslarının növləri;
  • su heyvanı və balıq yetişdirmədə mühitə uyğunlaşma və irqləşdirmə fəaliyyəti ilə məşğul olmaq istədikdə, Elmlər Akademiyası tərəfindən təsdiq edilmiş bioloji əsaslandırma.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmamazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən vəsiqənin məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqənin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Azərbaycan Respublikasınin iqtisadiyyat naziri (o olmadıqda, nazirin müavini) tərəfindən imzalanır və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Fəaliyyət növü daimi xarakter daşıyırsa və həcm meyarı ilə məhdudlaşdırılmırsa, lisenziya 2 ildən az olmayan müddətə verilir.

Sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması fəaliyyəti birdəfəlik xarakter daşıyırsa və həcm meyarı ilə məhdudlaşarsa, lisenziya 1 (bir) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyət növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6—2.1.7 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbəri (rəhbər olmadıqda müavini) tərəfindən imzalanan, bu nazirliyin möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri ov qaydaları ilə müəyyən olunmuş müddətlərdə, icazə verilən ov alətləri, texniki vasitələr və üsullarla sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması fəaliyyəti ilə məşğul ola bilərlər.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərər qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


© LegalActs LLC