“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 709; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 563; 2008, № 5, maddə 345; 2009, № 8, maddə 615; 2012, № 9, maddə 837, № 11, maddə 1075; 2013, № 6, maddə 622) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.3-cü, 8.3-cü, 9.3-cü, 11-1.2-ci və 12.2-ci maddələr ləğv edilsin.
2. 7.4-cü, 7.5-ci, 8.4-cü, 10.2-ci maddələrdən “və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin” sözləri çıxarılsın.
3. 8.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.5. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq ərazi vahidinin yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidinin inzibati tabeliyinin dəyişdirildiyi hallar istisna olmaqla, ərazi vahidinin inzibati tabeliyi dəyişdikdə (başqa rayona və ya şəhərə verildikdə) bu Qanunun 8.4-cü maddəsində göstərilmiş sənədlərə inzibati tabeliyi dəyişən ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.”.
4. 9.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanının vəsatətində ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi halları nəzərdə tutularsa, ad verilməsi və adların dəyişdirilməsi Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası tərəfindən əvvəlcədən deyil, həmin vəsatət çərçivəsində baxılır.”.
5. 9.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“9.6. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi halları istisna olmaqla, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:”.
6. 10.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“10.3. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında faktiki mövcud olan yaşayış məntəqəsinin qeydə alınaraq kənd və ya qəsəbə statusunun verildiyi və ya onun statusunun dəyişdirildiyi hallar istisna olmaqla, ərazi vahidlərinin statusunun dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:”.
7. 11-1.3-cü, 11-1.4-cü və 12.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“11-1.3. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.4. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin digər sahə inzibati ərazi dairəsi ilə birləşməsi, sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında sahə inzibati ərazi dairəsinin ləğv edilməsi halları istisna olmaqla, sahə inzibati ərazi dairələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
12.3. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidləri yaradıldıqda, ləğv edildikdə, onlar adlandırıldıqda və onların adları dəyişdirildikdə, sərhədləri müəyyən olunduqda və dəyişdirildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:”.
8. 12.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.7. Yeni inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli məqsədilə inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi bu Qanunun 8-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.”.
9. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:
“Maddə 12-1. Naxçıvan Muxtar Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlərin həll edilməsinin xüsusiyyətləri
Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi, statusunun dəyişdirilməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında qaldırıla bilər və həmin vəsatət müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 7.4-cü, 7.5-ci, 8.4-cü, 9.6-cı, 10.2-ci, 10.3-cü, 11-1.3-cü, 11-1.4-cü maddələrində nəzərdə tutulmuş vəsatətinə və 12-4.3-cü, 12.3-cü maddələrində nəzərdə tutulmuş təqdimatına əlavə edilir.”.
10. “I”, “II”, “III” və “IV” rəqəmləri müvafiq olaraq “1-ci”, “2-ci”, “3-cü” və “4-cü” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 3-1-ci fəsil əlavə edilsin:
“3-1-ci fəsil
İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə
mübahisələrə baxılması qaydası
Maddə 12-2. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələr
12-2.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəsinin hansı inzibati ərazi vahidinin inzibati ərazisinə aid olmasının və bu Qanunun 4.0.5-ci maddəsində müəyyən edilmiş prinsip baxımından Azərbaycan Respublikasının hansı yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin həmin ərazidə həyata keçirilməli olduğunun müəyyənləşdirilməsinə zərurət yarandığı hallar aiddir.
12-2.2. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılarkən mübahisəli ərazinin infrastruktur təminatı, dövlət funksiyalarının həyata keçirilməsinin, dövlət idarəetməsinin və (və ya) yerli özünüidarənin səmərəli təşkili, mübahisələndirilən ərazidə əhali məskunlaşdıqda həmin əhalinin iqtisadi, tarixi və mədəni əlaqələri nəzərə alınmalıdır.
Maddə 12-3. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə dair müraciət və onların araşdırılması
12-3.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə dair müvafiq icra hakimiyyəti orqanına müraciət mübahisələndirilən ərazinin müvafiq inzibati ərazi vahidinin inzibati ərazisinə aid olduğunu bildirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilir. Müraciətə aşağıdakılar əlavə edilir:
12-3.1.1. müvafiq icra hakimiyyəti orqanının aşağıda göstərilənlərin əks olunduğu izahat məktubu:
12-3.1.1.1. mübahisənin mahiyyəti, mübahisələndirilən ərazinin qanunla, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş və həmin ərazini bu və ya digər inzibati ərazi vahidinin inzibati ərazisinə aid etməyə əsas olan sənədlər və xəritələr barədə məlumat;
12-3.1.1.2. mübahisələndirilən ərazinin Ərazi vahidlərinin Dövlət reyestrində saxlanılan məlumat və xəritələrə əsasən aid edildiyi inzibati ərazi vahidi, ərazidə hazırda və mübahisə yarananadək dövlət idarəetməsini və yerli özünüidarəni həyata keçirən Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanları barədə məlumat;
12-3.1.1.3. mübahisələndirilən ərazinin infrastruktur təminatı, ərazinin torpaqlarının kateqoriyası və məqsədli təyinatı, ərazidə əhali məskunlaşdıqda həmin əhalinin sayı, əsas məşğuliyyətə görə tərkibi, sosial-iqtisadi, tarixi və mədəni əlaqələrinin xüsusiyyətləri barədə məlumat;
12-3.1.1.4. mübahisənin həllinə dair təklif;
12-3.1.2. mübahisəndirilən ərazinin hər hansı ərazi vahidinə daxil olduğunu göstərən Ərazi vahidlərinin Dövlət reyestrində saxlanılan xəritə.
12-3.2. Mübahisə ilə bağlı müraciətin araşdırılması məqsədi ilə mübahisələndirilən əraziyə yerində baxış keçirilə, tələb olunduğu hallarda əlavə məlumatlar üçün müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına sorğular verilə, mübahisənin bu Qanunun 12-4.2-ci maddəsinə uyğun olaraq təklif olunan həlli məqsədləri üçün xəritələrin hazırlanması tapşırıla bilər.
12-3.3. Mübahisə ilə bağlı sorğuda ayrı müddət müəyyən edilməzsə, həmin sorğuya 7 iş günü ərzində cavab verilməlidir.
12-3.4. Mübahisənin bu Qanunun 12-4.2-ci maddəsinə uyğun olaraq təklif olunan həlli məqsədləri üçün xəritə onun hazırlanmasının tapşırıldığı gündən 15 gün müddətində təqdim olunmalıdır.
Maddə 12-4. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə dair təkliflər və onların həlli
12-4.1. Mübahisələndirilən ərazi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aid edilərsə, mübahisənin həlli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
12-4.2. Mübahisənin həlli ilə bağlı mübahisələndirilən ərazinin mövcud vəziyyətində bu Qanunun 7–12-ci maddələrində nəzərdə tutulan inzibati ərazi quruluşu həllərinin biri və ya bir neçəsi birlikdə təklif oluna bilər.
12-4.3. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına bu Qanunun 12-3.4-cü maddəsində nəzərdə tutulan xəritə əlavə olunur.
Maddə 12-5. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrlə bağlı inzibati ərazi bölgüsündə dəyişikliklər edilmiş ərazidə Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının dəyişikliklər edilənədək qəbul etdikləri qərarların hüquqi qüvvəsi
Mübahisələndirilən ərazidə bu Qanunun 12-4-cü maddəsinə əsasən inzibati ərazi quruluşunda edilmiş dəyişikliklər həmin ərazidə Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilənədək qəbul etdikləri qərarların ləğvi üçün əsas ola bilməz.”.
11. 13-1.1-ci maddədə “10.3.4-cü” sözlərindən sonra “, 12-3.4-cü” sözləri əlavə edilsin.
12. 13-2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13-2.1. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidlərinin inzibati tabeliyinin dəyişdirilməsi, ərazi vahidlərinin qeydə alınması, birləşdirilməsi, inzibati tabeliyinin dəyişdirilməsi, onlara ad verilməsi və ya adlarının dəyişdirilməsi halları istisna olmaqla, ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
12 January 2017, 09:0110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...