Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir;
1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektləri ilə bağlı görülmüş tədbirlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2016-cı il.
20 May 2016, 09:0510 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...