Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnmişdir.

Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilmişdir. Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxartmışdır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun (bundan sonra ‒ Qoruq) fəaliyyəti bərpa edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Qoruğun Əsasnaməsini və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

3.1. Qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

3.2. xarici və yerli mütəxəssisləri cəlb etməklə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsini aparsın və işlər başa çatdıqdan sonra bir ay müddətində təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2021-ci il

20 October 2021, 19:10

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...