Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilmişdir.27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir.
Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2020-ci il.
17 November 2020, 20:1110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...