Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2020-ci il.

11 August 2020, 18:08

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...