Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sektorunda institusional islahatların sürətləndirilməsi, bu sahədəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla:
1.1. energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında:
2.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2019-cu il.
30 May 2019, 08:0510 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...