Azərbaycan Respublikası Adından
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
28 mart 2017-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Vasif Əmiraslanovun, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Xəqani Məmmədov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oktay Həsənovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 və 15-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.1 və 15-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, Şabran rayon Pirəbədil bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-in 5 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil bələdiyyəsinin 30 iyun 2014-cü il tarixli iclas protokolunun qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Zöhramlı kəndində yerləşən sahəsi 300 kv.m. olan torpaq sahəsi üzərində Şabran rayon Pirəbədil bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq çıxarışın Şabran rayon Pirəbədil bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş və həmin torpaq sahəsi üzərində Şabran rayon Pirəbədil bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə qənaətə gəlmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində ayrılmış torpaq sahəsinin hansı kateqoriya torpaqlara aid olduğunun göstərilməməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsası kimi müəyyən edilməmişdir.
DƏDRX-in 5 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Pirəbədil bələdiyyəsinin xəritəsində ayrılmış ərazinin hansı kateqoriya torpaqlara aid olduğu göstərilmədiyindən həmin torpaq sahəsinin təyinatını müəyyən etmək mümkün deyildir və bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən iddia təmin olunmamalıdır.
Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən torpaq sahəsinin təyinatının müəyyən edilməsinin mümkün olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi konstitusiya hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Müraciətedənin fikrincə, belə müraciətlərə münasibətdə inzibati orqan tərəfindən inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) tələblərinə uyğun şəkildə aparılmalı, torpaq sahəsinin hansı kateqoriyaya aid edildiyi araşdırılmalı və yalnız bundan sonra obyektiv, qanuni və əsaslı inzibati akt qəbul edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati orqan bəzi hallarda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1 və 15.1.5-ci maddələrinə təhrif etməklə istinad edərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edir.
Sumqayıt Apellyasiya Məhkəməsinin qənaətinə görə, təcrübədə yaranan qeyri- müəyyənliyin aradan qaldırılması və insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 15-ci maddələrinin şərh edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatı üzrə işi araşdıraraq belə qənaətə gəlir ki, müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinin tələbləri nəzərə alınmaqla şərh edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin I, II, III və IV hissələri).
Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar).
Konstitusiyanın 60-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir.
Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır.
Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında” Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
“İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
“İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir.
Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir.
Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir.
Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur.
Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
- hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
- torpaq sahəsinin planı və ölçüsü;
- torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir:
- dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
- hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
- hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
- bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur.
Bununla yanaşı, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.4-cü maddəsi).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın bu norması bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələrinin (məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların) mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsini də ehtiva edir. Əks halda həmin torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas yaranmış olar.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.
Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi).
Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir.
Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir.
Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır.
Eyni zamanda, qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər.
Yuxarıda qeyd olunan normativ-hüquqi aktların qəbul edilməsi torpaq münasibətlərində, o cümlədən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi sahəsində müəyyən boşluqların aradan qaldırılmasına, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin artırılmasına və bu məqsədlə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.
Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamənin 3.0.105-ci bəndinə əsasən isə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifələrinə aid edilmişdir.
Əgər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim olunmazsa, “İnzibati icraat haqqında” Qanunun 34-cü maddəsinə uyğun olaraq ərizə baxılmamış saxlanıla bilər. Bu, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.1-ci maddəsinin mənasından da irəli gəlir. Belə ki, Qanunun 14.1-ci maddəsinə müvafiq olaraq, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmçinin Qanunun 14.3-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.
Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır.
Mövcud vəziyyəti nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsinin VI hissəsindən çıxış edərək qanunverici tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədə müvafiq hesab edir.
Müvafiq dəyişikliklər edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Belə olan halda torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər.
Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır.
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:
- Konstitusiyanın 29-cu maddəsinin VI hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilməlidir.
- Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər.
Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər.
Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
24 апреля 2017, 09:0430 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О награждении А.И.Аскерова орденом «Эмек» 2-й степени подробно...
30 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О награждении Н.Дж.Мусаева орденом «Эмек» 2-й степени подробно...
27 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции автомобильной дороги между погранично-пропускными пунктами «Ханоба» и «Самур» на государственной границе между Азербайджаном и Российской Федерацией подробно...
27 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных со строительными работами на таможенном посту «Ханоба» подробно...
27 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Гулиева орденом «За службу Отечеству» 2-й степени подробно...
23 апреля 2020, 19:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Нахчыванской Автономной Республике оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
21 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
21 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики Об объявлении выговора Н.Р.Багирову подробно...
21 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по продолжению работ по реконструкции автомобильных дорог в городе Баку подробно...
18 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О награждении А.А.Мамедова орденом «Шохрат» подробно...