Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında

Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 10 oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) Aparatı ali kateqoriyalı dövlət orqanıdır.

1.2. Nazirlər Kabinetinin Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir.

1.4. Nazirlər Kabineti Aparatının müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirlər Kabineti Aparatının saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

2. Nazirlər Kabineti Aparatının fəaliyyət istiqaməti

Nazirlər Kabineti Aparatının fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə həvalə olunmuş səlahiyyətlərin (bundan sonra - Nazirlər Kabinetinin səlahiyyətləri) Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.

3. Nazirlər Kabineti Aparatının vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının vəzifələri aşağıdakılardır:

3.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarını (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti orqanlarını, həmçinin Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxsləri və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsləri (bundan sonra – dövlətin hüquqi şəxsləri) cəlb etməklə tədbirlər görmək;

3.0.2. Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Baş nazirinin (bundan sonra – Baş nazir) və onun müavinlərinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirmək;

3.0.3. Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin etmək;

3.0.4. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıq və göstərişlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının layihələrini hazırlamaq və Baş nazirə təqdim etmək;

3.0.5. Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə onun əmr və sərəmcamlarının layihələrini hazırlamaq;

3.0.6. Baş nazirin və onun müavinlərinin tapşırıqlarını hazırlamaq;

3.0.7. Azərbaycan Respublikası Prezidentinin, habelə Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil etmək;

3.0.8. Nazirlər Kabinetinin aktlarını, Nazirlər Kabinetinin iclasının, Baş nazirin və onun müavinlərinin sədrlik etdikləri əlaqələndirici və məşvərətçi orqanların (bundan sonra – əlaqələndirici və məşvərətçi orqanlar) iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokollarını, habelə Baş nazirin və onun müavinlərinin dərkənarlarını və ya onların imzaladığı digər sənədləri rəsmiləşdirmək;

3.0.9. Nazirlər Kabinetində baxılmış məsələlər haqqında məlumatları Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və ya onun müavinlərinin göstərişlərinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə göndərmək;

3.0.10. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Baş nazirə təqdim olunan təkliflərə baxaraq, onları ümumiləşdirmək və Baş nazirə təqdim etmək;

3.0.11. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Nazirlər Kabinetində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflərə baxılarkən Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını nəzərə almaq;

3.0.12. Nazirlər Kabineti iclasının Baş nazir tərəfindən bəyənilmiş gündəliyinin layihəsini və müvafiq materialları iclasın keçiriləcəyi tarixdən azı 5 iş günü əvvəldən Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər Kabinetinin iclasında iştirak edəcək digər şəxslərə göndərmək;

3.0.13. Nazirlər Kabinetinin iclaslarında iştirak edən şəxslərin qeydiyyatının aparılmasını təmin etmək;

3.0.14. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavabların layihələrini hazırlamaq;

3.0.15. Baş nazirin və ya onun müavinlərinin tapşırığı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular hazırlamaq;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatı rəhbərinin tapşırıqlarının mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti təşkil və təmin etmək;

3.0.17. Nazirlər Kabineti qərarlarının layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin etmək;

3.0.18. qanunvericilik təşəbbüsü hüququna malik subyektlərdən daxil olan qanun layihələrinə baxmaq və onlara dair rəy (maliyyə, iqtisadi, ekoloji və s.) hazırlanmasını təmin etmək;

3.0.19. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, Baş nazir və onun müavinlərinin rəhbərliyi ilə keçirilən tədbirlərin, habelə Nazirlər Kabinetinin Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanmasını və maddi-texniki təchizatını təmin etmək, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlamaq;

3.0.20. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin çıxışlarını və məruzələrini hazırlamaq;

3.0.21. Baş nazirin və onun müavinlərinin səfərlərini, habelə onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını təşkil etmək;

3.0.22. Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə və məsləhətləşmələr keçirmək;

3.0.23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarına, digər hərəkətlərinə (hərəkətsizliyinə) münasibətdə yuxarı inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

3.0.24. idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı kimi müvafiq tədbirlər həyata keçirmək;

3.0.25. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması və təsdiq olunması üçün tədbirlər görmək;

3.0.26. Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəsmi şərh etmək;

3.0.27. əlaqələndirici və məşvərətçi orqanların işini təşkil etmək;

3.0.28. mərkəzi icra hakimiyyəti orqanlarından, yerli icra hakimiyyəti orqanlarından, dövlətin hüquqi şəxslərindən, habelə yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, Baş nazirə və onun müavinlərinə təqdim etmək;

3.0.29. Nazirlər Kabinetinin qərarlarının rəsmi dərcini təmin etmək;

3.0.30. Nazirlər Kabinetinin aktlarının nüsxələrinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə, habelə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün tədbirlər görmək;

3.0.31. Azərbaycan Respublikası qanunlarının icrasının təmin edilməsi ilə bağlı qəbul edilən Nazirlər Kabineti qərarlarının nüsxələrinin Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərilməsi üçün tədbirlər görmək;

3.0.32. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının (mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları istisna olmaqla), Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının və Nazirlər Kabinetinin sərəncamlarının nəzarət nüsxələri ilə iş aparmaq;

3.0.33. Nazirlər Kabinetinin iclaslarında baxılmış (baxılacaq) məsələlər və materiallar haqqında və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında, habelə Baş nazirin, onun müavinlərinin və Nazirlər Kabineti Aparatının fəaliyyəti haqqında məlumatlandırmanı, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.34. Nazirlər Kabinetinin iclaslarında baxılmış məsələlərə dair Nazirlər Kabineti üzvlərinin mətbuat konfranslarını (brifinqlərini) təşkil etmək;

3.0.35. Nazirlər Kabineti iclaslarının stenoqrafik, audio və videoyazılışını təmin etmək;

3.0.36. Nazirlər Kabineti Aparatının əməkdaşlarını kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.37. Nazirlər Kabinetinin Aparatında kargüzarlığı təşkil etmək, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;

3.0.38. vətəndaşlardan, habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil etmək və onlara baxılmanı təmin etmək, fiziki şəxslərin qəbulunu həyata keçirmək;

3.0.39. Nazirlər Kabineti Aparatının maliyyə, təsərrüfat və maddi-texniki təminatı məsələlərini həll etmək;

3.0.40. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Nazirlər Kabineti Aparatının hüquqları

4.0. Nazirlər Kabineti Aparatının öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər vermək;

4.0.2. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təklifləri hər il noyabr ayının 1-dək Baş nazirə təqdim etmək;

4.0.3. müvafiq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti subyektlərlə razılaşdırmaq, habelə onların hazırlanmasında iştirak etmək;

4.0.4. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları Baş nazirə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə təqdim etmək;

4.0.5. qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət orqanları ilə əməkdaşlıq etmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;

4.0.6. beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək;

4.0.7. hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etməklə işçi qruplar yaratmaq;

4.0.8. mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, yerli özünüidarəetmə orqanlarına, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.9. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;

4.0.10. mərkəzi icra hakimiyyəti orqanlarının kollegiya iclaslarında iştirak etmək;

4.0.11. Nazirlər Kabineti Aparatının əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə Baş nazirə təkliflər vermək;

4.0.12. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Nazirlər Kabineti Aparatının fəaliyyətinin təşkili

 

5.1. Nazirlər Kabinetinin Aparatı bilavasitə Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə tabedir.

5.2. Nazirlər Kabineti Aparatının strukturunu və işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

5.3. Nazirlər Kabinetinin Aparatına ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri həyata keçirir.

5.4. Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Nazirlər Kabineti Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Baş nazir tərəfindən həyata keçirilir.

5.6. Nazirlər Kabineti Aparatının rəhbəri Baş nazirə və onun müavinlərinə tabedir.

5.7. Nazirlər Kabineti Aparatının rəhbəri bu Əsasnamə ilə Nazirlər Kabinetinin Aparatına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.8. Nazirlər Kabineti Aparatının rəhbərinin bir müavini vardır. Nazirlər Kabineti Aparatının rəhbərinin müavini ona Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

5.9. Nazirlər Kabineti Aparatının rəhbəri:

5.9.1. Nazirlər Kabineti Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin müavininin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;

5.9.2. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, habelə Baş nazirin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilini təmin edir;

5.9.3. Nazirlər Kabineti Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;

5.9.4. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının ünvanına daxil olmuş sənədləri və müraciətləri baxılmaq üçün Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinə (bölmələrinə) göndərir;

5.9.5. hüquqi aktların layihələrini razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə göndərmək üçün Baş nazirə müraciət edir, rəy və təkliflər verilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərir;

5.9.6. Nazirlər Kabineti Aparatının strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir;

5.9.7. Nazirlər Kabineti Aparatının müəyyən edilmiş strukturu və işçilərinin say həddi daxilində Nazirlər Kabineti Aparatının struktur bölmələrinin daxili strukturunu təsdiq olunmaq üçün Baş nazirə təqdim edir, habelə ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.9.8. Nazirlər Kabinetinin Aparatını təmsil edir;

5.9.9. Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;

5.9.10. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının icrasını təmin edir;

5.9.11. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;

5.9.12. Nazirlər Kabineti aktlarının layihələrinə viza verir;

5.9.13. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rəsmi şərhini təşkil edir;

5.9.14. əlaqələndirici və məşvərətçi orqanların işinin təşkilini təmin edir;

5.9.15. Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə aparır;

5.9.16. Baş nazir tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin həvəsləndirilməsi və intizam tənbehi barədə Baş nazirə təkliflər verir;

5.9.17. Nazirlər Kabineti Aparatının fəaliyyətinə dair əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.9.18. Nazirlər Kabineti Aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;

5.9.19. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;

5.9.20. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;

5.9.21. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsini formalaşdırır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir;

5.9.22. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısını Baş nazirlə razılaşdırmaqla müəyyən edir;

5.9.23. Nazirlər Kabinetinin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;

5.9.24. Nazirlər Kabineti iclaslarının və müşavirələrinin protokollarının Nazirlər Kabinetinin üzvlərinə, habelə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilməsini təmin edir;

5.9.25. bu Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.

5.10. Nazirlər Kabineti Aparatının rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini Nazirlər Kabineti Aparatının rəhbərinin müavini icra edir.

 

11 октября 2017, 10:10

http://www.azertag.net

2901—2910 из 3607

21 ноября 2014, 09:11

Об отзыве М.М.Алиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Сирийской Арабской Республике и Ливанской Республике   подробно...

21 ноября 2014, 09:11

О дополнительной поддержке обеспечения производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой и развития животноводства   подробно...

21 ноября 2014, 09:11

О проведении 150-летнего юбилея генерала Алиаги Шихлинского   подробно...

21 ноября 2014, 09:11

Об отзыве А.С.Шукюрова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Ливия   подробно...

21 ноября 2014, 09:11

О награждении работников органов юстиции Азербайджанской Республики   подробно...

21 ноября 2014, 09:11

О присвоении почетных званий сотрудникам Министерства юстиции Азербайджанской Республики   подробно...

21 ноября 2014, 09:11

О присвоении высших специальных званий сотрудникам Министерства юстиции Азербайджанской Республики   подробно...

20 ноября 2014, 09:11

О назначении членов Попечительского совета Бакинского международного центра мультикультурализма   подробно...

20 ноября 2014, 09:11

О дополнительной поддержке развития Карабахской породы лошадей в Азербайджанской Республике   подробно...

20 ноября 2014, 09:11

Участникам третьей сессии Ассамблеи государств-членов «Международной антикоррупционной академии»   подробно...