Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 11 aprel tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəzin müstəqil balansı, banklarda hesablaşma və digər hesabları, üzərində öz adı həkk olunmuş möhürü, ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.5. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin vəzifələri

2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır:

2.1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirilməsini təşkil edir və onun şəffaflığını təmin edir;

2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir.

2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir;

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirir;

2.1.5. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

2.1.6. yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirir;

2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir;

2.1.8. ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

2.1.9. təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir;

2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır;

2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir;

2.1.12. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir;

2.1.13. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaradır və onların fəaliyyətinə nəzarət edir;

2.1.14. abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul kampaniyası zamanı yol verilmiş pozuntu halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verir;

2.1.15. müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır;

2.1.16. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirir;

2.1.17. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür.

3. Mərkəzin hüquqları

3.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

3.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

3.1.3. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək;

3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq;

3.1.6. konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.1.7. qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

3.1.8. müxtəlif qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik səviyyəsini qiymətləndirmək;

3.1.9. test bankının formalaşdırılması, elmi-metodik və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik seminarlar təşkil etmək;

3.1.10. abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etmək;

3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək;

3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq;

3.1.13. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodik materialların çatdırılması üçün özünün mətbu orqanını təsis etmək, jurnal, bülleten və digər nəşrlər dərc etmək;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə, o cümlədən beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin etmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası (bundan sonra – Şura) idarə edir.

4.2. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.

4.3. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

4.4. Şuranın səlahiyyətləri aşağıdakılardır:

4.4.1. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək;

4.4.2. Mərkəzin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək;

4.4.3. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;

4.4.4. Mərkəzə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.4.5. Mərkəzin maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər vermək;

4.4.6. Mərkəzin illik büdcəsinə və onun icrasına nəzarət etmək;

4.4.7. Mərkəzin fəaliyyəti, əmlakından istifadə barədə qərar qəbul etmək;

4.4.8. Mərkəzin illik audit nəticələrinə dair təkliflər vermək;

4.4.9. dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək;

4.4.10. Mərkəzin vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək;

4.4.11. Mərkəzin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və Mərkəzin daxili intizam qaydalarını qəbul etmək.

4.5. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:

4.5.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

4.5.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

4.5.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

4.5.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;

4.5.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.

4.6. Şura üzvləri:

4.6.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

4.6.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

4.6.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.

4.7. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

4.8. Şuraya Şura sədri rəhbərlik edir.

4.9. Şura sədri olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Şura sədri tərəfindən sədr müavinlərindən birinə həvalə edilir.

4.10. Şuranın sədri:

4.10.1. Mərkəzin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

4.10.2. Mərkəzin fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə hesabatlar və məlumatlar verir;

4.10.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq edir;

4.10.4. səlahiyyətləri çərçivəsində Mərkəzin aparatının və tabeliyindəki qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

4.10.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaradır, onların say və şəxsi tərkibini, iş reqlamentini müəyyən edir;

4.10.6. Mərkəzi dövlət orqanları və təşkilatları, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.10.7. Mərkəzin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində Mərkəzin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;

4.10.8. Mərkəzin adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;

4.10.9. Mərkəz aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görür;

4.10.10. Şuranın qərarlarını təsdiq edir;

4.10.11. Mərkəzin işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

4.10.12. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və onlara sədrlik edir;

4.10.13. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

4.10.15. Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

4.10.16. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;

4.10.17. Mərkəzin illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;

4.10.18. Mərkəzin maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir;

4.10.19. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.11. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

4.11.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

4.11.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğunsuzluğu aşkar edildikdə;

4.11.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;

4.11.4. ardıcıl olaraq dörd dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

4.11.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

4.11.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

4.11.7. Şura üzvünün adına xələl gətirən hərəkətlərə yol verdikdə.

4.12. Səlahiyyətlərinə xitam verilmiş Şura üzvünün yerinə yeni üzv bu Nizamnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

5. Mərkəzin nizamnamə kapitalı və əmlakı

5.1. Mərkəzin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Mərkəzin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

5.2. Mərkəzin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur.

5.3. Mərkəzin əmlakının dəyəri onun balansında göstərilir.

5.4. Mərkəzin nizamnamə kapitalı 1 (bir) milyon manatdır.

5.5. Mərkəzin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

5.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

5.5.2. fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

5.5.3. bu Nizamnaməyə uyğun digər mənbələr.

5.6. Mərkəzin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

5.7. Mərkəzin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və maddi dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

5.8. Mərkəz qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

6. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyəti

6.1. Mərkəzin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, dövlət, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan ibarətdir.

6.2. Mərkəzi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

6.3. Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət vəsaiti və fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına həyata keçirilir.

6.4. Mərkəz bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (imtahanların təşkili, keçirilməsi və fəaliyyət istiqamətlərinə uyğun digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

6.5. Mərkəzin bu Nizamnaməyə uyğun olaraq əldə etdiyi vəsait və digər əmlak Mərkəzə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə təsir göstərmir və ondan Nizamnaməyə uyğun olaraq sərbəst istifadə edilir.

6.6. Mərkəz aşağıdakı mənbələrdən maliyyələşdirilir:

6.6.1. dövlət vəsaitləri hesabına;

6.6.2. imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına;

6.6.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;

6.6.4. dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər hesabına;

6.6.5. Mərkəzin mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;

6.6.6. bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına.

6.7. Mərkəzin əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

6.8. Mərkəz, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında istifadə edir.

6.9. Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

6.10. Mərkəz bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

6.11. Mərkəz öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.

7. Uçot

7.1. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları təqdim edir.

7.2. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edir.

7.3. Mərkəz xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı öz mətbu orqanında dərc etdirməyə və Mərkəzin internet səhifəsində yerləşdirməyə borcludur.

7.4. Mərkəz törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

8. Audit

8.1. Mərkəz daxili audit xidmətini təsis edir. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

8.2. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

9. Mərkəzin yenidən təşkili və ləğvi

9.1. Mərkəz Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ya ləğv edilir.

9.2. Mərkəz ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

12 апреля 2016, 09:04

http://www.azertag.net

3601—3607 из 3607

13 ноября 2013, 09:11

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Гейдар Алиев» Абдуллаха Гюля   подробно...

30 октября 2013, 08:10

Распоряжение Президента Азербайджанской Республики О проведении 2800-летия памятников Муган Бабазанлы   подробно...

30 октября 2013, 09:10

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с транспортировкой азербайджанского природного газа на мировой рынок по Южному газовому коридору   подробно...

16 апреля 2013, 10:04

Распоряжение Президента Азербайджанской Республики О мерах по укреплению материально-технической базы Научно-исследовательского института педиатрии и Научно-исследовательского института акушерства и гинекологии Министерства здравоохранения Азербайджанской   подробно...

25 декабря 2012, 06:12

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат» Б.Ю.Симандуева   подробно...

16 января 2013, 21:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Сабирабадского района   подробно...

19 августа 2013, 13:08

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района   подробно...