Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

“Dövlət qulluğu haqqında”Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair

 

8 dekabr 2014-cü il        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin birinci katibi Mikayıl Yusifovun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Almaz Qəhrəmanovanın, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin məsləhətçisi Yunis İsmayılovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Sosial normativ aktlar idarəsinin aparıcı məsləhətçisi Sübhan Ağakişiyevin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq və strateji araşdırmalar şöbəsinin Hüquq məsələlərinin tənzimlənməsi sektorunun müdiri Fuad Nəsirovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, “Dövlət qulluğu haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət qulluğu haqqında” Qanun) 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın diplomatik xidmət orqanlarında çalışan əməkdaşlara şamil edilməsi ilə bağlı şərh verilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Sorğuverən həmçinin qeyd edir ki, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Diplomatik xidmət haqqında” Qanun) Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. Həmin Qanunun 22-ci maddəsinə əsasən dipomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Bu baxımdan, hazırda diplomatik xidmət orqanlarında çalışan işçilərin əmək münasibətlərinin təminatı məsələlərində “Dövlət qulluğu haqqında” Qanunun müddəaları tətbiq olunur.

Bundan başqa, “Diplomatik xidmət haqqında” Qanunun IV Fəslində diplomatik xidmət orqanlarında çalışan işçilərin təminatları digər orqanların fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktlarından fərqli verilsə də, onlar dövlət qulluqçularına verilən təminatlardan da istifadə edirlər. Belə ki, “Diplomatik xidmət haqqında” Qanunun 24-cü maddəsinə görə diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir.

Bununla yanaşı, sorğuda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ixtisas dərəcəsinə görə əlavələrin məbləğindən və verilməsi qaydalarından fərqli olaraq, diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin məbləğinin və verilməsinin Nazirlər Kabinetinin 2002-ci il 6 fevral tarixli 23 nömrəli Qərarı ilə təsdiq olunmuş “Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları” ilə müəyyən olunduğu qeyd edilir.

Sorğuda həmçinin göstərilir ki, dövlət qulluqçularından fərqli olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarına əlavə pul təminatının verilməsi haqqında” 2008-ci il 9 iyul tarixli 2935 nömrəli Sərəncamı (bundan sonra - Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli Sərəncamı) ilə Azərbaycan Respublikası ərazisində çalışan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik rütbəsi olan işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamının (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamı) 4-cü hissəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə müvafiq olaraq qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək dövlət orqanlarında qulluq edən dövlət qulluqçuları üçün nəzərdə tutulmuş qulluq stajına görə əlavə haqqın, müavinətin, mükafatın verilməsi xarici işlər orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları, habelə digər orqanların nümayəndəlikləri istisna olmaqla) dövlət qulluğunda çalışan şəxslərə də tətbiq edilməsi müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

“Diplomatik xidmət haqqında” Qanunun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.

“Diplomatik xidmət haqqında” Qanunun 2-ci maddəsinə görə diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir.

Qeyd olunan Qanunun 6-cı maddəsində diplomatik vəzifələr müəyyən olunmuşdur. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir (“Diplomatik xidmət haqqında” Qanunun 6.1 və 6.2-ci maddələri).

Diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifəyə təyin edilməsi və diplomatik rütbələrin verilməsi “Diplomatik xidmət haqqında” Qanunla müəyyən olunur.

Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifəyə təyin edilməsi, onlara müvafiq rütbələrin verilməsi və s. məsələlər isə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq həyata keçirilir və onlar bu Qanuna müvafiq olaraq dövlət qulluqçusu hesab edilirlər.

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri ixtisas, peşə hazırlığı və rotasiya prinsipləri nəzərə alınmaqla, xidməti zərurətlə əlaqədar həyata keçirilir. Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər (“Diplomatik xidmət haqqında” Qanunun 12.1, 13.1 və 13.2-ci maddələri).

Bununla yanaşı, qeyd olunan Qanunda diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin ali təhsil və elm müəssisələrinə göndərilməsi, imtiyaz və immunitetləri, vəzifələri, geri çağırılması, məsuliyyəti müəyyən olunmuşdur (“Diplomatik xidmət haqqında” Qanunun 15-19-cu maddələri).

Göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq dövlət qulluqçusu hesab edilsələr də, onların (diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında həyata keçirən şəxslərin) xidmət keçmə məsələləri “Diplomatik xidmət haqqında” Qanunla tənzimlənir.

Göründüyü kimi, qanunverici diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin hüquqi statusunun tənzimlənməsini həm “Diplomatik xidmət haqqında” Qanunla, həm də “Dövlət qulluğu haqqında” Qanunla müəyyən etmişdir.

Qanunverici tərəfindən belə tənzimləmə “Diplomatik xidmət haqqında” Qanunun “Diplomatik xidmətin təchizatı, təminatlar və ödəmələr, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin maddi və sosial təminatı” adlanan IV Fəslində də öz əksini tapmışdır. Həmin Fəsildə diplomatik xidmətin maliyyə təminatı və maddi-təsərrüfat təchizatından, diplomatik nümayəndəliklərdə və konsulluqlarda işlədikləri dövrdə diplomatik xidmət əməkdaşlarına verilən təminatlar və kompensasiyalardan, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsindən, mükafatlandırılmasından, məzuniyyətlərindən və s. bəhs olunur.

Qeyd olunmalıdır ki, qanunverici bu Fəsildə yalnız diplomatik xidmətin təchizatının, təminatlar və ödəmələrin, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin maddi və sosial təminatlarının ümumi əsaslarını tənzimləməklə, onların konkret həllinin Azərbaycan Respublikasının digər qanunvericilik aktları əsasında həyata keçirilməsini müəyyən etmişdir.

Belə ki, “Diplomatik xidmət haqqında” Qanunun 24-cü maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir. Həmin Qanunun 25.1-ci maddəsinə görə diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 572 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2002-ci il 6 fevral tarixli 23 nömrəli Qərarı ilə “Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları”nı təsdiq etmişdir. Həmin Qaydalara müvafiq olaraq diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, verilən diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydaları müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının 4-cü hissəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə müvafiq olaraq qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək dövlət orqanlarında qulluq edən dövlət qulluqçuları üçün nəzərdə tutulmuş qulluq stajına görə əlavə haqqın, müavinətin, mükafatın verilməsi xarici işlər orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları, habelə digər orqanların nümayəndəlikləri istisna olmaqla) dövlət qulluğunda çalışan şəxslərə də tətbiq edilməsi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli Sərəncamının 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində çalışan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik rütbəsi olan işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı müəyyən edilmişdir.

Göründüyü kimi, qeyd olunan aktlarda diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin maddi və sosial təminatı məsələləri öz əksini tapmamışdır. Həmin şəxslərin maddi və sosial təminatı məsələsi dövlət qulluqçularının maddi təminatı ilə bərabər tənzimlənmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndi dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlərin verilməsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinətin ödənilməsi diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə də şamil edilmişdir.

Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericilikdə diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin maddi və sosial təminat məsələləri “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında” Qanunlarla və onlardan irəli gələn normativ hüquqi aktlarla tənzimlənmişdir.

Yuxarıda göstərilən normativ hüquqi aktların təhlilindən görünür ki, bu aktlarda diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin maddi və sosial təminatları onların “Diplomatik xidmət haqqında” Qanundan irəli gələn statusundan asılıdır.

Ona görə də Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin bu status baxımından həll edilməsini zəruri hesab edir.

Bu, həmçinin “Diplomatik xidmət haqqında” Qanunun 22-ci maddəsindən də irəli gəlir. Həmin maddəyə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Qanun, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

“Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür:

- dövlət qulluqçusunun pensiya yaşına çatması;

- öz arzusu ilə dövlət qulluğundan çıxması.

Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.

Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir.

“Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

“Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə görə prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Həmin maddədə sadalanan dövlət qulluğunun xüsusi növü olan bir sıra dövlət orqanlarının fəaliyyətini və həmin orqanlarda qulluqkeçmə qaydalarını tənzimləyən sahəvi qanunvericilik aktları mövcuddur.

Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamələrdə və digər qanunvericilik aktlarında bu orqanlarda çalışan şəxslərin sosial təminatı, o cümlədən pensiyaya çıxdıqda onlara birdəfəlik haqqın verilməsi və s. nəzərdə tutulmuşdur.

Göründüyü kimi, qanunverici “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan dövlət qulluqçusunun öz arzusu ilə pensiyaya çıxması ilə əlaqədar birdəfəlik haqqın ödənilməsini bu və ya digər qaydada həmin Qanunun 2.3-cü maddəsində müəyyən edilmiş dövlət qulluğunun xüsusi növü olan dövlət orqanlarında çalışan şəxslərə də aid etmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr            Fərhad Abdullayev

9 января 2015, 09:01

http://www.azertag.net

81—90 из 3607

15 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» сотрудников Государственного фонда социальной защиты в подчинении Министерства труда и социальной защиты населения Азербайджанской Республики   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Н.А.Самедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Марокко   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве О.С.Гурбанова с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Марокко, одновременно в Исламской Республике Мавритания, Республике Сенегал, Республике Мали, Португальской Республике, Тунисской Республике и постоянного представителя Азербайджанской Республики при Исламской организации по вопросам образования, науки и культуры (ИСЕСКО)   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.К.Мехдизаде чрезвычайным и полномочным послом Азербайджанской Республики в Социалистической Республике Вьетнам   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Л.Иманова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Хорватия   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.И.Гурбанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Хорватия   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Л.Иманова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Социалистической Республике Вьетнам, одновременно в Королевстве Камбоджа и Лаосской Народно-Демократической Республике   подробно...

18 октября 2022, 14:10

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Л.Я.Абдуллаевой чрезвычайным и полномочным послом Азербайджанской Республики во Французской Республике   подробно...

17 октября 2022, 16:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.С.Мустафаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Нидерландов   подробно...