Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 6 sentyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi (bundan sonra – Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış, bu Nizamnaməyə uyğun olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentliyin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, müəlliflərin, hüquq sahiblərinin hüquqlarını və Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq və bu Nizamnamədə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən əqli mülkiyyət hüquqlarının tənzimlənməsi ilə bağlı qabaqcıl prinsip və standartları əsas götürməkdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

2.2.2. əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi;

2.2.3. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların uçotunun aparılması, həmin təşkilatların qeydiyyatının (akkreditasiyanın) keçirilməsi, onların fəaliyyətinə nəzarət edilməsi;

2.2.4. əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatının aparılması, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sisteminin yaradılması və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi;

2.2.5. informasiya cəmiyyətinin, o cümlədən rəqəmsal informasiya texnologiyalarının və elektron ticarətin inkişafının dəstəklənməsi məqsədilə rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunmasının və idarə olunmasının təşkil edilməsi;

2.2.6. əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və əqli mülkiyyətə əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi üzrə tədbirlər görülməsi;

2.2.7. əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi;

2.2.8. əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq mübadilənin və əməkdaşlığın təmin edilməsi;

2.2.9. əqli mülkiyyət hüquqları mədəniyyətinin formalaşmasında iştirak.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;

3.1.2. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır;

3.1.3. əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparır, əqli mülkiyyət hüquqları sahəsinin inkişafına dair təkliflər hazırlayır və aidiyyəti orqanlara təqdim edir;

3.1.4. əqli mülkiyyət hüquqları sahəsində mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının, ictimai birliklərin, o cümlədən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların və digər hüquqi şəxslərin (hüquq sahiblərinin və istifadəçilərin) fəaliyyətini əlaqələndirir;

3.1.5. hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmətlər göstərmək üçün tədbirlər görür;

3.1.6. əqli mülkiyyət hüquqları sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir, bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaradır;

3.1.7. əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər verir, Azərbaycan Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplayır, onları ümumiləşdirir və təhlil edir;

3.1.8. əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.9. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və YUNESKO-nun əqli mülkiyyətlə bağlı qərar və tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün tədbirlər görür, beynəlxalq təşkilatların əqli mülkiyyətə dair sorğularını cavablandırır, onlarla təcrübə mübadiləsi edir, beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli təhlillər aparır və tədbirlər həyata keçirir;

3.1.10. Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən, Azərbaycan xalqına məxsus olan folklor nümunələrindən (ənənəvi mədəni nümunələrdən), ənənəvi biliklərdən və digər qeyri-maddi mədəni irs nümunələrindən, digər əqli mülkiyyət hüquqları obyektlərindən xaricdə qanunsuz istifadə zamanı hüquqların qorunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır və müvafiq tədbirlər görür, habelə xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı tədbirlər görülməsi barədə təkliflər verir;

3.1.11. folklor nümunələrinin (ənənəvi mədəni nümunələr), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin Azərbaycan xalqına məxsus olması barədə kitablar, broşürlər nəşr edir, müxtəlif təbliğat vasitələri hazırlayır, beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar təşkil edir;

3.1.12. Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşmasında iştirak edir, bu sahədə əqli mülkiyyət hüquqları obyektlərindən istifadə ilə bağlı dövlət tərəfindən tənzimlənən qonorar tarifləri barədə təkliflər verir və onların tətbiqi üçün işlər görür;

3.1.13. əqli mülkiyyət hüquqlarının tanınması barədə vəsatətlərə baxır və müvafiq qərarlar qəbul edir, əqli mülkiyyət hüquqları obyektlərinin orijinallığının müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təşkil edir;

3.1.14. əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını təşkil edir, əqli mülkiyyət hüquqları obyektləri və hüquq sahibləri barədə məlumatları dövlət reyestrlərinə daxil edir, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında müvafiq şəhadətnamə verir, bu obyektlərin uçotunu, inventarlaşmasını və saxlanılmasını təmin edir;

3.1.15. əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların keçməsi və verilməsi barədə sənədləri qeydiyyata alır və müvafiq dəyişikliklərin dövlət reyestrlərinə daxil edilməsini həyata keçirir, dövlət reyestrlərinə daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı haqqında informasiyanı dərc edir;

3.1.16. dövlət qeydiyyatından keçirilmiş əqli mülkiyyət hüquqları obyektləri, dövlət reyestrlərində edilmiş dəyişikliklər və qorunma müddətləri bitmiş əqli mülkiyyət hüquqlarının obyektləri, həmçinin müvafiq orqanların sorğularına əsasən, bu obyektlərin Agentlikdə qeydiyyata alınması haqqında zəruri məlumatlar verir;

3.1.17. qeydiyyat üçün təqdim edilmiş inteqral sxem topologiyalarının qorunma müddətlərinin başlanğıcını müəyyənləşdirir və istehsalatda istifadə olunan inteqral sxem topologiyalarının və onların istifadəçilərinin uçotunu aparır;

3.1.18. digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) kommersiya məqsədilə istifadə etməsinə icazə verir;

3.1.19. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycan xalqına məxsus olan digər əqli mülkiyyət obyektlərinin qeydiyyatını təşkil edir, folklor nümunələrindən (ənənəvi mədəni nümunələrdən) satış, yayım obyektlərində, kütləvi tamaşa yerlərində, kabel və efir yayımı təşkilatlarında və rəqəmsal şəbəkələrdə yayım, dərc olunma, kütləvi ifa və digər istifadə hallarının monitorinqini təşkil edir və uçotunu aparır, qeyri-qanuni istifadə hallarını müəyyənləşdirir, müvafiq tədbirlər görür, bununla əlaqədar məhkəmələrdə dövlətin maraqlarını müdafiə edir və qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı müəyyənləşdirir;

3.1.20. qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq meyarlara əsasən müəlliflik hüququ və (və ya) xüsusi qorunma hüquqları ilə qorunmalı olduğunu müəyyənləşdirir, rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan açıqlanmamış məlumat toplusu qorunduğu müddətdə açıqlandığı, həmçinin xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər və əlavələr edildiyi hallarda bu topluların qorunma müddətini dəqiqləşdirir;

3.1.21. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin müəyyənləşdirilməsi və uçotu üzrə iş aparır, ictimai varidata keçmiş əsərlər sırasından, əlaqəli dövlət orqanları və yaradıcılıq birlikləri ilə razılaşdırmaqla, dövlət varidatına keçirilməsi məqsədilə əsərlərin seçilməsi və dövlət varidatı elan olunması üçün təkliflər verir;

3.1.22. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı müəlliflik hüquqlarının pozulmasına və onların məzmununun təhrif olunmasına qarşı müvafiq tədbirlər görür, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini təmin edir;

3.1.23. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların uçotunu aparır, həmin təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirir və əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir;

3.1.24. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısını və təqdimolunma formasını müəyyənləşdirir, həmin təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi ilə bağlı əsaslandırılmış irad və təklifləri olduqda, onları müvafiq qaydada təqdim edir;

3.1.25. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirmək üçün vacib olan sənədlərin siyahısını hazırlayır, bu sənədləri qəbul edir, onların fəaliyyətinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyə və nizamnamələrinə uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər aparır, nəticələri ümumiləşdirir və həmin təşkilatların fəaliyyəti ilə bağlı təkliflər verir, fəaliyyətində qanun pozuntuları aşkar edildiyi hallarda müvafiq tədbirlər görür;

3.1.26. müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların mübahisəli münasibətlərini tənzimləyir, bu təşkilatların ictimai birliklərinin təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxır, istifadəçilərlə bağlı yaranan mübahisəli hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət dairəsini müəyyənləşdirir;

3.1.27. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ödəyəcəyi illik haqqın məbləğinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

3.1.28. əmlak hüquqlarının idarəçiliyini kollektiv əsasda idarəetmə təşkilatlarına verməmiş müəlliflərin əsərlərini həmin təşkilatların istifadəyə verməsi aşkarlandığı və müəlliflər üçün yığdıqları qonorardan ayırmalar barədə qəbul etdikləri qərarlar müəlliflərin maraqlarına zidd olduğu hallarda həmin hərəkətlərin dayandırılmasını və qərarların ləğv olunmasını tələb edir;

3.1.29. qanunla müəyyən edilmiş hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını (akkreditasiyasını) ləğv edir;

3.1.30. qanunla müəyyən edilmiş hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığır və hüquq sahiblərinə çatdırır, xarici ölkələrin müəlliflərinin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatlarla əlaqələrin qurulmasını, bu sahədə əməkdaşlıq haqqında sazişlərin bağlanmasını, Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

3.1.31. əqli mülkiyyət hüquqları sahəsində hüquqi maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir, müəlliflərə və digər hüquq sahiblərinə, onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlər verir;

3.1.32. bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət hüquqları obyektlərindən qanunsuz istifadə ilə bağlı tədbirlər görür;

3.1.33. əqli mülkiyyət hüquqlarını təmin etmək məqsədilə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir və həyata keçirir, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının hazırlanmasını təmin edir və onları istifadəçiyə verir, nəzarət markaları yapışdırılaraq yayılmasına nəzarət edir, bu obyektlərin dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir;

3.1.34. müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin pirat yolu ilə istehsalına və yayılmasına, habelə nəzarət markası yapışdırılmayan nüsxələrinin yayılmasına qarşı inzibati tədbirlərin təmin olunması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərir;

3.1.35. rəqəmsal şəbəkələrdə müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq, bu hüquqların kollektiv əsasda idarə olunmasını təşkil edir, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğv edildiyi, yaxud dəyişdirildiyi hallarda, hüquq pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi, habelə onlara məxsus informasiya ehtiyatından istifadənin dayandırılması məqsədilə tədbirlər görür;

3.1.36. qlobal rəqəmsal şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sisteminin yaradılması və istifadəsi ilə bağlı tədbirlər görür;

3.1.37. pirat yolu ilə əldə edilmiş məhsulların və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə məhsul buraxan istehsalçıların müəyyən edilməsi məqsədilə monitorinqlər keçirir, əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə məlumatları toplayır və aidiyyəti orqanlara çatdırır;

3.1.38. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir, müvafiq dövlət və məhkəmə orqanlarının sorğusu əsasında ekspert rəyləri hazırlayır, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir, əqli mülkiyyət hüquqları sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparır, toplanmış məlumatları sistemləşdirir;

3.1.39. qanunla qorunan əqli mülkiyyət hüquqları obyektlərindən qlobal rəqəmsal şəbəkələrdə istifadəyə dair monitorinqlər aparır, arayışlar hazırlayır və səlahiyyətli orqanlara təqdim edir;

3.1.40. elektron ticarət haqqında qanunvericilikdə əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər verir və müvafiq tədbirlər görür;

3.1.41. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparır, onların inkişafı zamanı meydana çıxan problemləri müəyyən edir, milli brendlərin yaradılmasının təşviqi ilə bağlı işlər görür, əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görür və təkliflər hazırlayır;

3.1.42. əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsində fiziki və hüquqi şəxslərə metodiki yardım göstərir;

3.1.43. əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zərərin iqtisadi dəyərləndirilməsi üzrə işlər görür;

3.1.44. gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan mallarda əqli mülkiyyət hüquqlarının pozulmasının müəyyənləşdirilməsində gömrük orqanları ilə əməkdaşlıq edir, onlarla əlaqəli şəkildə belə faktları ümumiləşdirir, təsnifatını aparır, gömrük orqanlarının sorğusu əsasında əqli mülkiyyət hüquqlarının pozulub-pozulmaması ilə bağlı rəylər verir;

3.1.45. gömrük sərhədində əqli mülkiyyət hüquqları obyektlərinə olan hüquqların pozulmasının müəyyənləşdirilməsi üçün gömrük orqanının müraciəti əsasında gömrük orqanı ilə birlikdə tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak edir, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük orqanı tərəfindən reyestrə daxil edilməsi üçün təkliflər verir;

3.1.46. əqli mülkiyyət hüquqları ilə qorunan beynəlxalq və milli informasiya texnologiyalarının təhlilini aparır, informasiya texnologiyalarının əqli mülkiyyət hüquqlarının obyektləri kimi qorunması vəziyyətini müşahidə edir və milli səviyyədə qorunması vəziyyətini araşdırır, onların qorunmasının beynəlxalq standartlara uyğun olması üçün tədbirlər görür və yeni informasiya texnologiyaları obyektlərinin qorunmasına dair təkliflər verir;

3.1.47. əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sistemini yaradır, onun operativliyini və beynəlxalq mübadiləsini təmin edir, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektləri və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını təkmilləşdirir və dövlət reyestrlərinin elektron surətinin yenilənməsini təmin edir;

3.1.48. əqli mülkiyyət hüquqları sahəsində informasiya sisteminin tətbiqinin, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet portalının yaradılmasının, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsinin və bu informasiyanın daim yenilənməsinin təmin edilməsi;

3.1.49. Agentliyin daxili informasiya-kommunikasiya sistemi çərçivəsində informasiyanın fasiləsiz alınmasını, işlənməsini və ötürülməsini təşkil edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası çərçivəsində Azərbaycanın Əqli Mülkiyyət Hüquqları Təminatı Mərkəzi vasitəsilə əlaqələri genişləndirir, bu sahədə informasiya mübadiləsini təşkil edir və şəbəkənin rəqəmsal kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiya hazırlayır;

3.1.50. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmanı normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;

3.1.51. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün əqli mülkiyyətlə bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə tədbirlər görür;

3.1.52. əqli mülkiyyət məsələləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

3.1.53. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.54. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

3.2. Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqları həyata keçirir:

3.2.1. əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər verir, bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim edir;

3.2.2. əqli mülkiyyət hüquqları ilə bağlı olaraq dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;

3.2.3. hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən, əqli mülkiyyət sahəsi üzrə rəylər hazırlayır, digər işlər görür və xidmətlər göstərir;

3.2.4. əqli mülkiyyət sahəsində çalışan işçiləri dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;

3.2.5. əqli mülkiyyət hüquqları ilə bağlı məhsulların, işlərin və xidmətlərin mövcud tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə tədbirlər görür;

3.2.6. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb edir;

3.2.7. əqli mülkiyyət sahəsində dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir;

3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.2.9. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil edir;

3.2.10. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətlərini yaradır və ya onlarda iştirak edir;

3.2.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. Agentliyin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.5.4. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;

4.5.5. bu Nizamnamənin 3.1.53-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir, Agentliyin əldə etdiyi vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edir;

4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.13. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.5.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial, nümayəndəlik və tabeliyində olan digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.7.8. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.9. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.10. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.11. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.12. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.13. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.7.14. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.15. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı

və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin ilkin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

5.5. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik, təsərrüfat cəmiyyətləri və tabeliyində olan digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.6. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər göstərməsinə (hüquqi hərəkətləri həyata keçirməsinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. Bu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Agentliyin hesabına köçürülür.

5.7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndində, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 13.3-cü maddələrində, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda Agentliyə ödənilən haqların məbləğləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

5.8. Agentliyin əməkdaşları dövlət qulluqçularına bərabər tutulurlar. İdarə Heyəti sədrinin, İdarə Heyətinin digər üzvlərinin və Agentliyin aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları, müvafiq olaraq, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavinlərinin və aparatları işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik, təsərrüfat cəmiyyətləri və tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

 

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

7 September 2017, 10:09

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...