Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.3. kiçikhəcmli gəmilərin, yanalma körpülərinin və dənizkənarı kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.4. kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2017-ci il.
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 aprel tarixli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında
Əsasnamə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında (bundan sonra — sututarlarda) kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin (bundan sonra — bazalar) təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmçinin qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmət müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bayraq və rəmzlərə malikdir.
1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Xidmət kiçikhəcmli gəmilərin dayanacaq bazasına və kiçikhəcmli gəmilərin istismarına nəzarəti həyata keçirmək və dalğıc-axtarış fəaliyyətini təşkil etmək üçün sahilboyu xilasetmə məntəqələrinə malikdir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və həyata keçirir;
2.0.2. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə nəzarət edir;
2.0.3. çimərliklərdə, su hövzələrində və digər sututarlarda dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti və əlaqələndirməni həyata keçirir;
2.0.4. çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların axtarışını və xilas edilməsini təmin edir.
1. Xidmətin vəzifələri
3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. fəaliyyət istiqamətlərinə aid olan normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, onların layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;
3.0.2. kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti həyata keçirir;
3.0.3. kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarət edir;
3.0.4. kiçikhəcmli gəmilərin təsnifatına dair təkliflər verir;
3.0.5. kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir;
3.0.6. kiçikhəcmli gəmilərə dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir;
3.0.7. kiçikhəcmli gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə edilməsi vərdişlərinin öyrədilməsi üçün proqramlar hazırlayır, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kurslar təşkil edir və ya bu cür kursların uçotunu aparır, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları bitirmiş şəxsləri imtahandan keçirir və imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə sürücülük vəsiqəsi verir;
3.0.8. dalğıc və xilasedicilərin hazırlanmasını təşkil edir, onların peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür;
3.0.9. kiçikhəcmli gəmilərin reyestrini, kiçikhəcmli gəmiləri idarə etmək hüququ verən sürücülük vəsiqələrinin, kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır;
3.0.10. konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yolverilən sahəni, üzmə ərazisini, gəminin üzməsi üçün yolverilən dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, onun xilasetmə və yanğındanqoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən edir;
3.0.11. kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür;
3.0.12. kiçikhəcmli gəmilərin istismarı zamanı baş vermiş qəza və bədbəxt hadisələrin uçotunu aparır, onların başvermə səbəblərini və şəraitini təhlil edir, həmin səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görür;
3.0.13. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının layihələrinə rəy verir və onların uçotunu aparır;
3.0.14. kiçikhəcmli gəmilərin dayanacaq bazalarında gəmilərin yerləşdirilmə normalarını, istismar təhlükəsizliyi üçün şərtləri və texniki tələbləri müəyyən edir;
3.0.15. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarına razılıq verir və təhlükəsizlik tələbləri pozulduğu halda bu tələblər təmin edilənə kimi həmin bazaların istismarını qadağan edir;
3.0.16. kiçikhəcmli gəmilərin girov qoyulması və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında üzərinə həbs qoyulması barədə məlumat daxil olduqda kiçikhəcmli gəmilərin dövlət qeydiyyat reyestr kitabında bu barədə müvafiq qeyd aparır;
3.0.17. kiçikhəcmli gəmilərin istismarı zamanı təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı tövsiyələr hazırlayır və aidiyyəti dövlət orqanlarına təqdim edir, onların həyata keçirilməsinə yardım edir;
3.0.18. kiçikhəcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün gəmi sahibləri tərəfindən tədbirlər görülməsinə nəzarət edir;
3.0.19. kiçikhəcmli gəmilərin mühərriklərinin standartları, texniki şərtləri, layihə və konstruksiyaları üzrə onların istismar təhlükəsizliyinin təminatı ilə bağlı rəy verir, yeni gəmi texnikası nümunələrinin sınaqlarında və istismara qəbulunda iştirak edir;
3.0.20. kiçikhəcmli gəmilərin istismar şərtlərini, onların konstruksiyalarının avadanlıq və mexanizmlərinin xüsusiyyətlərini öyrənir və onların etibarlılığının yüksəldilməsi ilə bağlı təkliflər verir;
3.0.21. kiçikhəcmli gəmilərin qeydiyyatı və uçotu, həmin gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarının pozulması hallarının qeydiyyatını aparır və onların başvermə səbəblərini təhlil edir;
3.0.22. kiçikhəcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçikhəcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumunun gəmi sahibləri tərəfindən ödənilməsinə nəzarət edir;
3.0.23. çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə işlərinin həyata keçirilməsi, habelə su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görür;
3.0.24. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir;
3.0.25. kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işi aparır və bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir;
3.0.26. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlərə baxır;
3.0.27. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq kadrların peşə və xüsusi hazırlığını, onların əlavə təhsilinin həyata keçirilməsini təşkil edir;
3.0.28. sututarlarda fövqəladə halların (bədbəxt hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində iştirak edir;
3.0.29. kiçikhəcmli gəmilərin, onlar üçün bazaların, eləcə də çimərliklərin təhlükəsiz istismarına nəzarəti təşkil edir və çimərlik operatorları tərəfindən təhlükəsizlik tələblərinə riayət olunmasını müəyyən etmək məqsədi ilə monitorinqlər keçirir;
3.0.30. istismar müddəti başa çatmış gəmilərin istismarını qadağan edir;
3.0.31. kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir;
3.0.32. aidiyyəti dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qarşılıqlı fəaliyyət planı hazırlayır;
3.0.33. çimərliklərdə və sututarlarda insanların axtarışını və xilasını təmin edir;
3.0.34. çimərliklərdə təhlükəsizlik tələblərinin pozulduğu hallarda, o cümlədən çimərlik ərazisində təhlükəsizlik tədbirləri sahəsində müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görür;
3.0.35. çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür;
3.0.36. çimərliklərin yaradılması və fəaliyyətinin təşkili zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
3.0.37. sututarlarda baş vermiş qəza zamanı təcili tibbi yardıma ehtiyacı olan şəxslərə ilkin tibbi yardım göstərir;
3.0.38. aidiyyəti dövlət orqanları ilə birlikdə xilasetmə məntəqələrinin və postlarının dislokasiyasını müəyyən edir, yeni xilasetmə məntəqələrinin və postlarının yaradılması barədə Nazirliyə təkliflər verir;
3.0.39. çimərliklərdə yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir;
3.0.40. Xidmətin fəaliyyəti ilə bağlı müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və tədbirlər görür;
3.0.41. kiçikhəcmli gəmilərə nəzarətin təmin edilməsi, habelə çimərliklərdə, su hövzələrində və digər sututarlarda baş vermiş qəza və bədbəxt hadisələrin qarşısının alınması və təxirəsalınmaz xilasetmə işlərinin təşkili sahəsində aidiyyəti dövlət orqanları və qurumları ilə qarşılıqlı fəaliyyət göstərir;
3.0.42. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;
3.0.43. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə və təhlükəsizlik tədbirlərini həyata keçirir;
3.0.44. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirir.
4. Xidmətin hüquqları
4.0. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətlərinə aid məsələlərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
4.0.2. kiçikhəcmli gəmilərin istismarına qadağa qoymaq, onları dayanacaqlara və uzunmüddətli saxlanma yerlərinə yerləşdirmək;
4.0.3. təhlükəsizlik və mühafizə qaydalarının tələblərinə cavab verməyən, gəmilərin hərəkətinə və üzməsinə təhlükə yaradan, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarı və istifadəsini qadağan etmək;
4.0.4. texniki normativ sənədlərdə göstərilən tələblərə əməl etməyən kiçikhəcmli gəmiləri saxlamaq, gəmi sürücülərinin kiçikhəcmli gəmiləri idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqələrini və gəmiyə verilmiş qeydiyyat sənədlərini yoxlamaq və aşkar olunmuş pozuntuların qarşısını almaq üçün tədbirlər görmək;
4.0.5. istismar təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, çay və dəniz gəmiçiliyi təhlükəsizliyinə təminat verməyən kiçikhəcmli gəmilərin istismarını qadağan etmək;
4.0.6. xarici ölkələrin diplomatik, konsulluq və digər nümayəndəliklərinə və beynəlxalq təşkilatlara məxsus gəmi və nəqliyyat vasitələri istisna olmaqla, hüquqi və fiziki şəxslərə məxsus gəmi və nəqliyyat vasitələrindən təcili tibbi yardıma ehtiyacı olan vətəndaşların tibb müəssisələrinə çatdırılması və ya qəza zamanı zədələnmiş kiçikhəcmli gəmilərin daşınması üçün istifadə etmək;
4.0.7. tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən qurumların yaradılması ilə bağlı Nazirliyə təkliflər vermək;
4.0.8. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə lazım olan məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;
4.0.9. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq sərgilərin, konfransların, təlim və idman tədbirlərinin keçirilməsində iştirak etmək;
4.0.10. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətin Aparatı və fəaliyyətini təmin edən digər qurumlar onun vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və sisteminə daxil olan qurumlar vasitəsilə həyata keçirir.
5.2. Xidmətin strukturu, Aparatının və strukturuna daxil olan qurumların büdcədən maliyyələşdirilən işçilərinin sayı Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi nəzərə alınmaqla, Nazirlik tərəfindən müəyyən edilir.
5.3. Xidmətin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin işə qəbulu və işdən azad edilməsi Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən həyata keçirilir.
5.4. Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının xidmət keçməsi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.5. Xidmətin Aparatında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən işçilərinin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.6. Xidmətin mövsümi işlərə cəlb olunan işçilərinin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
5.7. Xidmətin Aparatının və strukturuna daxil olan qurumlarının maliyyələşdirilməsi dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
5.8. Xidmətin xüsusi rütbəsi olan əməkdaşları xüsusi geyim forması və fərqlənmə nişanları daşımaq hüququna malikdirlər.
5.9. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, öz vəzifəsinə görə Azərbaycan Respublikasının kiçikhəcmli gəmilər üzrə baş dövlət müfəttişi hesab edilən rəis rəhbərlik edir.
5.10. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.11. Rəisin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.
5.12. Xidmətin rəisi:
5.12.1. Xidmətin işini təşkil edir və ona rəhbərlik edir;
5.12.2. müavinləri və Xidmətin Aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır, onların səlahiyyətlərini müəyyən edir və fəaliyyətini əlaqələndirir;
5.12.3. Xidmətin strukturuna daxil olan qurumların əsasnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.12.4. Xidmətin vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, həmin qərarları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.12.5. Xidmətin fəaliyyəti üzrə hesabatların aidiyyəti üzrə təqdim olunmasını təmin edir;
5.12.6. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.12.7. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslər, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
5.12.8. Xidmətin əməkdaşlarının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada attestasiyasının keçirilməsini təşkil edir;
5.12.9. Xidmətin tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər verir;
5.12.10. Xidmət üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.12.11. Xidmətin əməkdaşlarının həvəsləndirilməsi və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyə təqdimat verir;
5.12.12. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün tədbirlər görür;
5.12.13. fəaliyyətinin xüsusiyyətləri və Xidmətə ayrılan vəsaitin həddi nəzərə alınmaqla, əməkdaşlarının vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsi barədə Nazirlik qarşısında məsələ qaldırır;
5.12.14. Xidmət üçün dövlət büdcəsindən ayrılmış vəsaiti, habelə qanunla nəzərdə tutulmuş digər mənbələrdən daxil olan maliyyə vəsaitlərini idarə edir.
5.12.15. Xidmətin fəaliyyət istiqamətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.12.16. mövsümi işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlayır;
5.12.17. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
5.13. Xidmətin xüsusi rütbəsi olan əməkdaşları “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidməti silah gəzdirmək hüququna malikdirlər.
20 Aprel 2017, 09:04
7 Sentyabr 2022, 14:09
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Sentyabr 2022, 14:09
Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Sentyabr 2022, 15:09
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Sentyabr 2022, 14:09
İ.H.Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Avqust 2022, 11:08
N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Avqust 2022, 11:08
Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Avqust 2022, 08:08
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Avqust 2022, 08:08
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Avqust 2022, 08:08
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Avqust 2022, 15:08
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...