Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.

 

Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.

Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

2.1. nizamnamənin və strukturunun təsdiqi;

2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;

3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

 

İşçi qrupunun rəhbəri

 

Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

 

İşçi qrupunun üzvləri

 

Asim Məmmədli - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri

 

6. İşçi qrupuna tapşırılsın ki:

6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar:

6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2016-cı il.

8 Fevral 2016, 09:02

http://www.azertag.net

9931—9940 / 10511

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 09:06

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında   ətraflı...

4 İyun 2014, 13:06

"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

4 İyun 2014, 13:06

"Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"nin təsdiq edilməsi haqqında   ətraflı...

4 İyun 2014, 13:06

"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...