Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddə 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 59.2-1-ci maddə əlavə edilsin:
“59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.”.
2. 59.3-cü maddənin birinci cümləsində “59.2-ci maddəsində” sözləri “59.2.2 və 59.2.3-cü maddələrində” sözləri ilə əvəz edilsin və “və ya yerli özünüidarə orqanı” sözləri çıxarılsın.
3. aşağıdakı məzmunda 59.6-cı maddə əlavə edilsin:
“59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.”.
4. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar
60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi) çıxış edir.
60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir.
60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər.
60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər.”.
5. 61-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“61.1. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.
61.2. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.
61.3. Ləğvetmə komissiyası (təsviyəçi) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
61.4. Ləğvetmə komissiyası (təsviyəçi) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır.
61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir.
61.6. Ləğvetmə komissiyası (təsviyəçi) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır.
61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir.
61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər.
61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
61.11. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.
61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur.”.
6. 62-ci maddə ləğv edilsin.
7. 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrdə “onun” sözündən sonra “borclarının ödənilməsindən sonra qalan” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il.
25 Yanvar 2023, 08:01
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2023, 10:01
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Yanvar 2023, 10:01
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
23 Yanvar 2023, 13:01
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
23 Yanvar 2023, 13:01
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 Yanvar 2023, 13:01
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
23 Yanvar 2023, 13:01
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 Yanvar 2023, 13:01
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Yanvar 2023, 11:01
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2023, 11:01
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...