Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
24 fevral 2020-ciil Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Vüqar Zeynalovun, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fərid Hacıyevin, ekspert hüquq üzrə fəlsəfə doktoru, dosent Bağır Əsədovun, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmissiya ilə bağlı hüquqi normanın düzgün tətbiq olunması üçün həmin Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Y.Salahov cavabdehlər Ə.Əkbərov və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək mərhum qızı L.Salahovadan miras qalmış Bakı şəhəri Z.Xəlilov küçəsi ev 35a ünvanında yerləşən 43 saylı və Bakı şəhəri 20 Yanvar küçəsi ev 40 ünvanında yerləşən 73 saylı mənzillərin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzillərin 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində isə Y.Əkbərovun miras payının müəyyən olunması və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Həmçinin Ə.Əkbərov və Y.Əkbərov (onun adından qanuni nümayəndəsi olaraq Ə.Əkbərov) cavabdehlər Y.Salahov və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri Z.Xəlilov küçəsi ev 35a ünvanında yerləşən 43 saylı mənzilin 5/12 hissəsinə Ə.Əkbərovun, 2/12 hissəsinə Y.Salahovun, 5/12 hissəsinə Y.Əkbərovun hüquqları tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Bakı şəhəri 20 Yanvar küçəsi ev 40 ünvanında yerləşən 73 saylı mənzilin 1/6 hissəsinə Ə.Əkbərovun, 2/6 hissəsinə Y.Salahovun, 3/6 hissəsinə Y.Əkbərovun hüquqları tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Y.Salahovun L.Salahovadan miras qalmış əmlakı faktiki qəbul etməsi faktı müəyyən edilmiş, Bakı şəhəri Z.Xəlilov küçəsi ev 35a ünvanında yerləşən 43 saylı və Bakı şəhəri 20 Yanvar küçəsi ev 40 ünvanında yerləşən 73 saylı mənzillərin hər birinə Y.Əkbərovun 3/6 hissədə, Y.Salahovun 2/6 hissədə, Ə.Əkbərovun 1/6 hissədə paylarının müəyyən edilməsi və onların paylarına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 53 saylı Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Həmin qətnamədən narazı qalan Y.Salahov Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir.
Ali Məhkəmənin Mülki Kollegiyası mülki işin düzgün həll edilməsi üçün Mülki Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin şərh olunmasının zəruriliyi qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət olunması haqqında 24 dekabr 2019-cu il tarixli qərardad qəbul etmişdir.
İş materiallarında olan 9 avqust 2016-cı il və 10 avqust 2016-cı il tarixli ölüm haqqında şəhadətnamələrdən görünür ki, L.Salahova və Ə.Əkbərov 5 avqust 2016-cı il tarixində vəfat etmişlər. Miras qoyanlar ər-arvad olmaqla, eyni gündə, lakin günün müxtəlif saatlarında vəfat etmişlər.
Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 23 avqust 2016-cı il tarixli Ekspert rəyindən görünür ki, L.Salahova 5 avqust 2016-cı il tarixində təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölmüş, yoldaşı Ə.Əkbərov isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına saat 12:20 radələrində gətirilmiş və həmin gün saat 14:30 radələrində ölmüşdür.
Müraciətdə göstərilmişdir ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
Ali Məhkəmənin Mülki Kollegiyasının qənaətinə görə, vərəsəliklə bağlı münasibətlərin tənzimlənməsində qeyri-müəyyənliyə səbəb olan məsələ Mülki Məcəllənin 1146-cı maddəsində mirasın açılma vaxtının miras qoyanın öldüyü günlə təyin edildiyi halda, həmin Məcəllənin 1134.1-ci maddəsi ilə miras qoyanın öldüyü məqamda sağ olan şəxslərin vərəsə ola bilməsinin təsbit edilməsidir. Müraciət edən qeyd edir ki, vərəsəliklə bağlı məsələlərin həllində mühüm əhəmiyyət kəsb edən zaman faktoru Mülki Məcəllənin 1146-cı maddəsində “miras qoyanın öldüyü gün”, 1134-cü maddəsində “miras qoyanın öldüyü məqam” kimi müəyyən edilmişdir. Bu isə Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmissiyanın tətbiqində qeyri-müəyyənliyin yaranması ilə nəticələnir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.
Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Mülki Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
Ölüm anı tibb işçisi (həkim, feldşer) tərəfindən təsdiq edilir və qeydiyyat orqanlarına təqdim etmək məqsədi ilə ölüm haqqında tibbi şəhadətnamə verilir (Azərbaycan Respublikası Səhiyyə nazirinin 2015-ci il 3 iyul tarixli 52 saylı Əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi qaydasına dair Təlimat”ın 1-2-ci bəndləri, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi).
Fiziki şəxsin ölüm faktı və ölüm tarixi (günü) isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən verilən ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur (bioloji ölüm halında).
Fiziki şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi də hüquqi nəticəsinə görə ölüm faktına bərabər tutulur və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü sayılır (Mülki Məcəllənin 41.3-cü maddəsi).
Nəzərə alınmalıdır ki, məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər (Mülki Məcəllənin 41.4-cü maddəsi). Belə olan halda, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.
Beləliklə, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir.
Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər.
Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin araşdırılması üçün Mülki Məcəllənin 1134-cü maddəsində nəzərdə tutulmuş “məqam” müddəasına aydınlıq gətirilməsini zəruri hesab edir.
“Məqam” sözü müxtəlif mənalarda işlənir: 1) yer, məkan; 2) vaxt, zaman, an, müddət; 3) vəzifə, rütbə, mənsəb; 4) hal, vəziyyət. Zaman göstəricisi kimi “məqam” vaxt, an mənalarında istifadə olunur. Bu baxımdan, Mülki Məcəllənin vərəsə ola biləcək şəxslərin dairəsini müəyyən edən 1134.1-ci maddəsində nəzərdə tutulmuş “miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər” müddəası miras qoyanın öldüyü anda sağ olan vərəsələr mənasında başa düşülməlidir. Miras qoyanın vərəsələrinin təyin edilməsi üçün də onun dəqiq ölüm anı müəyyən edilməlidir. Bu an irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Belə ki, miras qoyanın öldüyü anda sağ olmuş vərəsə miras qəbul edilənədək vərəsəlik hüququnu həyata keçirmədən ölərsə, sonuncunun mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Ölüm anının müəyyənləşdirilməsi mümkün olmadığı təqdirdə isə eyni gündə vəfat edən, biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslər eyni anda ölmüş hesab edilməli və onların bir-birinin vərəsəsi olması, habelə irsi transmissiyanın tətbiqi Mülki Məcəllənin 1134.1-ci maddəsinin məzmununa uyğun olaraq istisna edilməlidir. Eyni anda ölmüş hesab edilmiş miras qoyanların hər biri üçün ayrılıqda miras açılmalı və vərəsələri müvafiq qaydada vərəsəliyə çağırılmalıdır.
Qeyd edilməlidir ki, Roma hüququna əsaslanaraq mülki hüquqda eyni anda ölmüş şəxslər kommorient adlandırılır və onların bir-birinin vərəsəsi olması istisna edilir. Şəxslərin kommorient olaraq qəbul edilməsi üçün onların eyni hadisə nəticəsində (zəlzələ, daşqın və s.) və ya müxtəlif səbəblərdən ölməsi əhəmiyyət kəsb etməyərək, eyni gündə ölən və ölüm anının müəyyənləşdirilməsi mümkün olmayan şəxslər kommorient hesab edilərək onların bir-birinin vərəsəsi qismində çıxış etməsi istisna edilir.
Beləliklə, vərəsəlik hüquq normalarının mahiyyəti və məzmunu baxımından Mülki Məcəllənin 1134.1-ci maddəsində “məqam” sözü zaman göstəricisi kimi konkret anı ifadə edir.
Mirasın açılma vaxtı Mülki Məcəllənin 1146-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, miras qoyanın öldüyü və ya fiziki şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Qeyd olunmalıdır ki, mülki hüquqların həyata keçirilməsi və müdafiəsi vaxt (zaman) kateqoriyası ilə sıx bağlıdır. Mülki hüquqların mövcudluğu, pozulmuş hüquqların müdafiəsi və mülki-hüquqi nəticələr məhz vaxt (zaman) kateqoriyası ilə məhdudlaşır. Əmlak və qeyri-əmlak münasibətlərinin hüquqi tənzimlənməsində müddətlər mühüm rol oynayır.
Mülki hüquqda müddət dedikdə, mülki hüquq münasibətlərinin (mülki hüquq və vəzifələrin) əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının bağlı olduğu vaxt anı və ya vaxt dövrü (kəsiyi) başa düşülür.
Mülki Məcəllənin “Müddətlərin hesablanması” adlanan XVII fəslinin 367-ci maddəsinə uyğun olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır (Mülki Məcəllənin 368-ci maddəsi).
Mülki Məcəllənin 368 və 1146-cı maddələrinin əlaqəli təhlili onu göstərir ki, həmin Məcəllənin 1146-cı maddəsi müddətin başlanğıcının xüsusi qaydasını nəzərdə tutur. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin məhkəmə tərəfindən ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Beləliklə, Mülki Məcəllənin mirasın açılma vaxtını tənzimləyən 1146-cı maddəsində nəzərdə tutulmuş “gün” anlayışı miras qoyanın ölümü anından sonra hesablanan iyirmi dörd saatlıq sutka mənasında deyil, miras qoyanın ölümünün baş verdiyi gün, təqvim tarixi olaraq qəbul edilməlidir. Miras qoyanın öldüyü gün təqvim tarixi etibarilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər;
- Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.
2. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.
3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
4 Mart 2020, 08:0318 Aprel 2019, 08:04
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1529-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Aprel 2019, 08:04
Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Aprel 2019, 08:04
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Aprel 2019, 08:04
“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 Aprel 2019, 08:04
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə ətraflı...
16 Aprel 2019, 08:04
“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 Aprel 2019, 08:04
“AzərbaycanRespublikasınınDövlətHimnindənistifadə qaydaları haqqında” AzərbaycanRespublikasının 2019-cuil 19 fevraltarixli 1512-VQnömrəliQanunununtətbiqibarədə AzərbaycanRespublikası PrezidentininFərmanı ətraflı...
16 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...