Qarabağ münaqişəsi: Hadisələrin xronikası

Dağlıq Qarabağ ətrafında yaranmış konflikt dərin tarixi köklərə malikdir. Onun ideoloji əsasları XIX əsrdə qədimdə «Aralıq dənizindən Xəzərədək olan ərazidə Böyük Ermənistan» dövlətinin var olması barədə sərsəm ideyanı irəli sürmüş erməni tarixçiləri tərəfindən qoyulmuşdur. Bu ideyalar xüsusilə erməni kilsəsi tərəfindən alovlandırılıb.

1905 və 1918-ci illərdə ermənilər Qarabağ ərazisində müharibə alovunu yandıraraq tarixi Azərbaycan ərazilərini ələ keçirmişlər. 1918-ci il martın 31-də erməni hərbi birlikləri Bakı, Şamaxı və Qubada on minlərlə azərbaycanlını qətlə yetirmişlər.

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması müvəqqəti olaraq ermənilərin Qarabağa olan iddiasını dayandırdı.

Sovet zamanındakı hadisələr ona gətirib çıxardı ki, tarixi Azərbaycan torpaqları Ermənistana verildi və Azərbaycan torpaqları üzərində ermənilərin ilk müstəqil dövləti quruldu. Azərbaycan ərazisində süni şəkildə Dağlıq Qarabağ vilayəti yaradıldı. Stalin tərəfindən azərbaycanlıların Ermənistandan deportasiyası 1953-cü ilədək davam edir. Qatı millətçi və daşnak olan Anastas Mikoyanın SSRİ rəhbərliyindəki siyasəti, QRMV-in Ermənistana tabe olunmasına, vilayətin etnik tərkibinin dəyişməsinə, Azərbaycanın inzibati sərhədlərinin Ermənistanın lehinə dəyişməsinə yönəlmişdi.

1985-ci il Azərbaycana yönələn erməni təcavüzünün yeni mərhələsinin başlanğıcı oldu.

SSRİ-də M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də başlayan və «yenidənqurma» adlanan siyasi və iqtisadi islahatların başlanması ölkəni fəlakətli nəticələrlə üzləşdirdi, bunların ən təhlükəlisi isə SSRİ-dəki millətlərarası münaqişələr idi.

Sovet İttifaqı rəhbəri M.S.Qorbaçovun və onun ətrafındakıların ermənipərəst siyasəti o yerə gətirib çıxardı ki, Qarabağdakı atəşin şiddəti SSRİ-nin digər respublikalarına sıçradı və bu, bir zamanlar qüdrətli quruluşun dağılmasının başlanğıcı oldu.

Ermənistan əlverişli siyasi vəziyyətdən istifadə edərək öz strateji müttəfiqi olan Rusiyanın hərbi-siyasi yardımına arxalanaraq qısa zaman ərzində Ermənistanda etnik təmizləmə aparıb oradan bütün azərbaycanlı əhalini qovub çıxardı. Azərbaycanlı əhalinin öz dədə-baba yurdlarından qovulması, kütləvi qətllər, işkəncələr və dağıntılarla müşayiət olunurdu. Etnik təmizləmə 1989-cu ildə 220.000 azərbaycanlının qovulması ilə başa çatdı. Bu vəhşi aksiyaların nəticəsində min nəfərdən artıq insan həlak oldu və onların çoxunu qocalar, qadınlar və uşaqlar təşkil edirdi. Vətəndaşların əmlakları talan olunmuş və məhv edilmişdi.

Ermənistanda bir azərbaycanlı qalmadıqdan sonra sıra Qarabağa gəldi. Orada 70-ci illərin əvvəllərindən, demək olar ki, leqal olaraq qarşılarına tarixi Azərbaycan torpaqlarının Ermənistanın xeyrinə qoparılmasını məqsəd qoyan millətçi «Krunk», «Qarabağ» təşkilatları fəaliyyət göstərirdi.

Moskva və Yerəvan tərəfindən Xankəndində təşkil olunan siyasi və iqtisadi islahatlar tələb edən mitinq və tətillər qısa zamanda «DQMV xalqına» Azərbaycandan müstəqillik tələb edən və «çox əzabkeş tarixi vətən olan Ermənistanla» birləşməyə yönələn şüarlarla çıxış edən, yüksək səviyyədə təşkil olunmuş siyasi hərəkata döndü. Vilayətin Azərbaycanın tərkibindən çıxmasına dair DQMV deputatlarının qərarı onunla nəticələndi ki, Moskvanın və dünya ictimaiyyətinin gözü önündə azərbaycanlı əhali DQMV-dən qovulmağa başladı.

1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti DQMV-in Ermənistana birləşdirilməsi barədə qeyri-qanuni qərar qəbul etdi.

Münaqişə nəticəsində Ermənistan və Dağlıq Qarabağla dəmiryolu və avtomobil əlaqəsi kəsildi. Dağlıq Qarabağda azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələri təcrid olunmuş vəziyyətə gəldi və onlarla əlaqə yalnız vertolyotlar vasitəsilə həyata keçirilirdi. 1989-cu ildən qatarlara mütəmadi olaraq atəş açıldığına görə Naxçıvanla dəmir yolu əlaqəsi kəsildi və nəticədə muxtar respublika bu günədək davam edən blokada vəziyyətinə alındı.

Moskva tərəfindən təyin olunmuş Azərbaycan rəhbərliyi milli maraqları görməzliyə vurur, mərkəzin bütün göstərişlərini kor-koranə yerinə yetirir və respublika əhalisi tərəfindən etibar görmürdü. Azərbaycan rəhbərliyinin cinayətkarcasına fəaliyyətsizliyi ona gətirib çıxardı ki, DQMV-dən on minlərlə azərbaycanlı deportasiya olundu və onlar öz ölkələrində qaçqın vəziyyətinə düşərək, Ermənistan qaçqınlarının sıralarını doldurdular. Dağlıq Qarabağda qalan əhali isə erməni hərbi birləşmələri tərəfindən təcrid olunmuşdu.

Bütün Ermənistan-Azərbaycan sərhədi boyunca ağır vəziyyət yaranmışdı. Erməni silahlı birləşmələri durmadan dinc azərbaycanlı kəndlərini gülləbərana tutur, onlarla azərbaycanlı yaşayış məntəqəsini yandırırlar.

Hadisələrin belə gedişi Azərbaycanda geniş kütləvi etiraz hərəkatlarına gətirib çıxardı. Bakıda çoxmilyonlu mitinqlər başlayır, ermənilərin separatçı hərəkətlərinə son qoyulmasına və bütün vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünün, konstitusiya qaydalarının bərpa edilməsi tələb olunurdu. Respublikanın o zamankı rəhbərliyi, xalq hərəkatından ehtiyat edərək Azərbaycandakı xalq-azadlıq hərəkatını boğmaq üçün Moskva ilə birgə əməliyyat hazırladı. 1990-cı il yanvarın 20-də sovet hərbi zirehli texnikası xəbərdarlıq etmədən və fövqəladə vəziyyət elan olunmadan Bakı şəhərinə daxil oldu. Nəticədə aralarında qocalar, uşaqlar, təcili yardım həkimləri olan 150 dinc vətəndaş qətlə yetirilmiş, 700-dən çoxu yaralanmış, yüzlərlə insan itkin düşmüşdür.

Azərbaycan xalqının xalq-azadlıq hərəkatına şiddətli zərbə endirilmişdi. Respublika rəhbərliyi xalqın qəzəbindən və intiqamından qorxaraq Moskvaya qaçmışdı. Azərbaycan xalqı Qarabağ probleminin bütün hərəkətləri ilə kimin tərəfində olduğunu əyani şəkildə nümayiş etdirən Moskva tərəfindən ədalətli şəkildə nizamlanmasına və həllinə inamını itirmişdi.

1992-ci il fevralın 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən 366-cı Rusiya alayı ilə birlikdə Xocalı şəhərinə hücum təşkil etdilər. Nəticədə dinc azərbaycanlı əhalisinə qarşı vəhşicəsinə soyqırım aktı həyata keçirilir, 613 nəfər dinc sakin qətlə yetirilir, 487-si yaralanır, 1275 nəfər isə əsir alınır. Yüzlərlə insan itkin düşür. Erməni əsirliyindən qayıdanlar dünya ictimaiyyətinə erməni qəsbkarlarının vəhşiliklərindən danışır, əsirlərin saxlanma şəraitini faşist düşərgələrindəki şəraitə bənzədirdilər.

1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunur.

1992-ci il martın 11-də Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağdakı dinc azərbaycanlı əhalisinə qarşı törədilən zorakılığı ittiham edən bəyanatla çıxış edir.

1992-ci il bütünlüklə aramsız hərbi toqquşmalar şəraitində keçir. Azərbaycan çox çətinliklə erməni təcavüzünü dəf edirdi. Ermənistan çox açıq şəkildə Rusiyadan hərbi dəstək alır, Azərbaycana qarşı hərbi əməliyyatlarda Rusiyanın nizami hərbi hissələri, aviasiyası, tank birlikləri iştirak edirdi. Artıq 1992-ci ilin sonunda Zəngilan rayonunun 8 kəndi ermənilər tərəfindən işğala məruz qaldı.

1993-cü il aprelin 3-də erməni silahlı birləşmələri Kəlbəcər rayonunu işğal etdilər. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalını ittiham edərək bu ərazilərin dərhal azad edilməsini və ordunun oradan çıxarılmasını tələb edən bəyanatla çıxış etdi.

İyulun 23-də ermənilər Azərbaycanın Ağdam rayonunu, avqustun 23-26-da Fizuli və Cəbrayıl, avqustun 31-də Qubadlı rayonunu ələ keçirdilər. Noyabrın 28-i ilə dekabrın 1-i arasında isə Horadiz qəsəbəsi və Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən qəsb olundu.

BMT Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul edir və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin BMT Təhlükəsizlik Şurasının bütün bu qətnamələrinə baxmayaraq, Ermənistan əvvəlkitək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları fəal şəkildə məskunlaşdırır, bununla da beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur.

ATƏT-in Nazirlər Şurası 1992-ci ilin martında Helsinkidə münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar üçün format şəklində Minsk qrupunun yaranmasına razılıq verdi. Ermənistan, Azərbaycan, Belarusiya, sabiq Çexoslovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları o vaxt bu konfransda iştirak etməyə razı oldular.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə respublikada ictimai-siyasi şərait sabitləşdi, yeni hərbi birləşmələr yaranmağa, hərbi quruculuq dövlət siyasətinin prioritetini təşkil etməyə başladı. Qısa zamanda uğurlu hərbi əməliyyatlar keçirildi, nəticədə Fizuli və Ağdam rayonlarının bir hissəsi azad olundu, erməni silahlı birləşmələri canlı qüvvədə və hərbi texnikada böyük itkilərə məruz qoyuldu.

Xalq tərəfindən prezident olaraq seçilmiş Heydər Əliyevin Azərbaycanın siyasi və hərbi böhrandan çıxarılması üçün göstərdiyi səylər və yorulmadan çalışmaları hiss ediləcək nəticələrə gətirib çıxardı. Yeni siyasi düşüncə, yeni və dinamik neft strategiyası, milli ordunun gücləndirilməsi, güclü təbliğat kampaniyası dünya ictimaiyyətinin fikrinin Azərbaycanın lehinə dəyişməsinə səbəb oldu, riyakar erməni təbliğatına güclü zərbə endirildi.

Bütün bu amillər həmçinin BMT-nin və Avropanın beynəlxalq qurumlarının səyləri 1994-cü il mayın 10-da Bişkek protokolunun imzalanmasına gətirib çıxardı, bundan sonra 12 may tarixindən etibarən bütün cəbhə boyu atəşkəs qüvvəyə mindi.

1997-ci ilin yanvarından ATƏT-in Minsk qrupu danışıqlar üçün ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədrdən təşkil olunmuş yeni format yaratdı. Minsk qrupu münaqişənin dinc yolla nizamlanması üzrə təklifləri işləyib hazırlamalı idi.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirdi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və əlil qaldı, milyondan artıq insan öz torpağından məhrum oldu, məcburi köçkün vəziyyətinə düşdü, 5000 insan itkin düşdü. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi zərərə məruz qaldı. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 56 milyard ABŞ dolları təşkil etdi.

Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində erməni silahlı qüvvələri 1421 sayda mədəniyyət evini və klubu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatrı, 3 qalereyanı, 464 tarixi abidəni, 40.000 ədədə yaxın tarixi eksponatı və 4.6 milyon kitabı məhv etmiş və dağıtmışlar.

Erməni təcavüzkarları tərəfindən qarət olunmuş 22 muzeydən 40.000 ədəd qiymətli əşya və eksponat aparılmışdır. Qarət olunmuş və dağıdılmış muzeylər arasında unikal tarixi eksponatları, qızıl və gümüş əşyaları, nadir qiymətli daşları, xalçaları və digər tətbiqi və əl işləri xarakteri daşıyan əşyaları ilə seçilən Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa şəhərinin tarix muzeyi, Ağdam şəhərindəki çörək muzeyi, həmçinin Zəngilan rayonundakı daş abidələr muzeyi vardır. Ağdam, Laçın, Fizuli, Şuşa, Qubadlı, Cəbrayıl və digər rayonlarda 20 ədəd müasir tipli mədəniyyət sarayı məhv edilmişdir.

Bu məlumatlar dünya ictimaiyyətinə erməni təcavüzkarlarının vandalizmi və dağıdıcılığını aydın şəkildə təsəvvür etmək üçün verilmişdir.

Bu gün respublika prezidenti İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş prinsipləri, onun müdrik və effektiv daxili və xarici siyasətini əldə rəhbər tutaraq Azərbaycan torpaqlarının azad olunması yönündə siyasət kursunu aparır. Azərbaycanın 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ ətrafındakı münaqişənin nizamlanmasının yalnız dinc yollarından istifadə etmək üzrə öhdəliklər götürməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda hissolunacaq nəticələr əldə edilməsə, Azərbaycan ermənilər tərəfindən işğal olunmuş torpaqlarının hərbi yolla azad olunması hüququnu saxlamışdır.

İlham Əliyevin uğurlu xarici siyasəti ona gətirib çıxardı ki, 2005-ci ildə Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində britaniyalı parlament üzvü Devid Atkinsonun Dağlıq Qarabağ üzrə məruzəsi dinlənmiş və onun əsasında bəyannamə qəbul edilmişdir. Bəyannamədə aşağıdakılar qeyd olunmuşdur: «Hərbi əməliyyatların başlanmasından 10 ildən artıq keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Yüz minlərcə insan hələ də yerini dəyişməkdə və dözülməz şəraitdə həyat sürməkdədir. Azərbaycanın ərazisinin böyük qismi erməni qüvvələrinin işğalı altında qalmaqdadır. Separatçı qüvvələr hələ də Dağlıq Qarabağ ərazisini nəzarətdə saxlamaqdadır.

Parlament assambleyası təkrar edir ki, AŞ-a üzv olan ölkənin xarici ərazini işğal etməsi həmin ölkənin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozmasına dəlalət edir və təsdiq edir ki, münaqişə regionundan yerini dəyişmiş insanlar toxunulmaz və ləyaqətli şəkildə yenidən öz evlərinə dönmək hüququna malikdirlər. Assambleya həmçinin münaqişənin dinc yolla həlli üzrə ATƏT çərçivəsində Minsk prosesini dəstəkləyir və Ermənistan ilə Azərbaycanı razılaşma yoluna dəvət edirdi.

Azərbaycan xalqı torpaqlarının itirilməsi ilə barışmadı. Bu gün Azərbaycan xalqı heç vaxt olmadığı kimi gənc və enercili prezidenti İlham Əliyevin ətrafında sıxca birləşmişdir. Neft müqavilələri, Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin Azərbaycan sahəsinin işə salınması, respublika iqtisadiyyatının inkişafı, ölkə əhalisinin rifahının yüksəlməsi, milli ordu üzərindəki hərtərəfli qayğı və onun döyüş qabiliyyətinin möhkəmləndirilməsi, demokratik islahatlar, vətəndaş cəmiyyətinin yaradılması, qaçqınların durumunun yaxşılaşdırılması – bütün bunlar gənc Azərbaycan dövlətinin suverenitetinin möhkəmlənməsinə, onun müsbət imicinin artmasına imkan yaradır. Azərbaycan ordusu Azərbaycan prezidenti, respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə qarşısındakı vəzifəni yerinə yetirməyə – Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazırdır.